Azərbaycan yığması kubalı məşqçiyə həvalə olundu

İdman

28.10.2019 - 17:16

Nəriman Abdullayev isə əvvəlki kimi böyük məşqçi funksiyasını yerinə yetirəcək

 

Kişi boksçulardan ibarət Azərbaycan yığmasında yeni baş məşqçi təyinatı rəsmiləşib. 

 

AYNA xəbər verir ki, milli komanda kubalı Umberto Orta Dominqesə həvalə edilib.  

 

53 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu postda baş məşqçi vəzifəsini icra edən Nəriman Abdullayevi əvəzləyib. 

 

Umberto Orta 1966-cı ildə Kubanın Kamaquey şəhərində anadan olub. 1984-cü ildə ölkəsində Bədən Tərbiyəsi İnstitutunu bitirən mütəxəssis boks məşqçisi ixtisasına yiyələnib.

 

O, 1984-1992-ci illərdə Kamaqueyin idman məktəbində boks müəllimi işləyib. U. Ortanın ardınca yığma karyerası başlayıb.  Kubanın yeniyetmələrdən və gənclərdən ibarət yığmalarında çalışan mütəxəssis 1992-2005-ci illərdə məşqçi, növbəti 11 ildə baş məşqçi kimi işləyib. Mütəxəssis bu müddətdə 18 dünya birinciliyi, 1 dünya çempionatı, 2 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına komanda çıxarıb. Onun yetirmələri dünya birinciliklərində 80, Olimpiadalarda 9 qızıl medal qazanıb. 

 

London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında Kubanı təmsil edən 10 boksçudan 9-u müxtəlif yaş qruplarında U. Ortanın rəhbərliyi altında çalışıblar. 2016-cı ilin oktyabrında mütəxəssis Rusiya yığmasına məşqçi təyin olunub. O, 1 il burda işlədikdən sonra qonşu ölkədə fəaliyyətini klubda davam etdirib. 

 

Nəriman Abdullayev isə əvvəlki kimi, yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək. (APA) 

Müəllif: Ayna.az