Emin Hüseynzadə: "Jurnalistika artıq humanitar elm deyil, eyni zamanda müxtəlif sahələrlə bağlı biliklər əldə etmək lazımdır"
İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Orada bildirilib ki, Azərbaycanda rəqəmsal transformasiya üzrə hökumət strategiyası hazırlanır və bu məsələdə “Microsoft”la sıx əməkdaşlıq nəzərdə tutulub.
Ölkəmizdə bu sahənin perspektivlərini AYNA-ya şərh edən rəqəmsal cəmiyyət və yeni media üzrə beynəlxalq mütəxəssis, təlimçi Emin Hüseynzadənin sözlərinə görə, rəqəmsal jurnalistika termini son zamanlar populyarlaşıb: “Əslində, rəqəmsal jurnalistika yeni məfhum deyil, indiyə qədər də istifadə olunub və Azərbaycanda on ildən artıq müddətdir ki, yayılıb. Rəqəmsal jurnalistikaya həm saytlar, həm rəqəmsal yayımlanan kanallar, müxtəlif sosial şəbəkələr daxildir. Sadəcə, rəqəmsal jurnalistika bu alətləri müxtəlif səviyyələrdə istifadə etməyi bacarmalıdır. Bəzi alətlər Azərbaycanda inkişaf edib. Ona görə də, onlar daha populyardır, istifadə olunur və tanınır. Bəziləri isə çox zəifdir. Məsələn, rəqəmsal TV kanallları və rəqəmsal radio kanalları. Demək olar ki, bizdə rəqəmsal radio kanalları ilə TV kanalları heç yoxdur. Bu kanallar adi kanallardan onunla fərqlənir ki, siz onu müxtəlif alətlərdə qəbul edə bilərsiniz. Bir dalğada on ikiyə yaxın kanal yayımlaya bilərsiniz. İnteraktiv elemetlərdən istifadə etmək olur və sair”.
Ülviyyə Şahin