Avropa İttifaqı Suriyanın yeni hakimiyyəti qarşısında şərt qoydu

Dünya

17.12.2024 - 14:29

Həkimlər Klinikalar SEO Xidməti

“Suriyanı Rusiyanın təsirindən azad etmək zərurəti bir çox Aİ ölkəsi nazirləri tərəfindən dəstəklənir”

“Rusiya hərbi bazalarından qurtulmaq Avropa İttifaqı ilə Suriyanın yeni hakimiyyət orqanları arasında dialoqun başlanması üçün şərtlərdən biri ola bilər”. Bu sözləri Avropa İttifaqının (Aİ) Xarici siyasət üzrə Ali Nümayəndəsi Kaja Kallas deyib.

“Bura Afrika və onun cənub qonşuları ilə bağlı fəaliyyətlərin həyata keçirildiyi bazadır. Bu da Avropanın təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Biz bu məsələni qaldıracağıq”, Kallas deyib.

Onun sözlərinə görə, “Suriyanı Rusiyanın təsirindən azad etmək” zərurəti bir çox Aİ ölkəsi nazirləri tərəfindən dəstəklənir: “Xüsusilə, bu məsələni Hollandiya Xarici İşlər Nazirliyinin rəhbəri Kaspar Veldkamp qaldırıb. Rusiyanın Suriyadakı hərbi bazalarına gəlincə, biz Rusiyanın getməsini istəyirik”.

Kallas həmçinin bildirib ki, Brüssel Suriyanın müvəqqəti hökuməti ilə əlaqə yaratmaq üçün Aİ-nin yüksək səviyyəli diplomatını Dəməşqə göndərib.

Qeyd edək ki, Rusiyanın Suriyadakı gələcək hərbi mövcudluğu sual altında qalır. Noyabrın sonunda “Heyət Təhrir əl-Şam” (HTS) qruplaşmasından olan suriyalı müxaliflər İdlib əyalətindən hücuma keçərək, dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsini elan edərək respublikanın paytaxtı Dəməşqə daxil olublar.

Rusiya 2015-ci ildə Suriyadakı vətəndaş müharibəsinə Əsədin tərəfində müdaxilə edəndə bu ölkədə hərbi bazalar açmışdı. 2017-ci ildə Moskva Suriya hökuməti ilə Rusiya qoşunlarının Xmeymim aviabazasında və Tartusdakı hərbi dəniz bazasında 49 il müddətinə pulsuz yerləşdirilməsi haqqında müqavilə imzalayıb.

Müxaliflər hakimiyyəti ələ keçirdikdən sonra rus bazalarını tutmadılar. HTŞ lideri Məhəmməd əl-Culani deyib ki, Suriyanın yeni hakimiyyət orqanları Rusiyaya bu ölkə ilə münasibətlərini ümumi maraqlara xidmət edəcək şəkildə yenidən nəzərdən keçirmək imkanı verib.

“Bloomberg” mənbələrinə görə, Rusiya Suriyada hərbi mövcudluğunu saxlamaqla bağlı “razılaşmaya daha yaxındır”. “Reuters”in mənbələri də bunu təsdiqləyib: Moskva qoşunlarını bazalardan çıxarmağı planlaşdırmır. Kremldən qeyd edilib ki, Moskva yeni hakimiyyətlə Suriyadakı hərbi obyektlərin taleyini müzakirə edir.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi “ölkələrimizin xalqları arasında son onilliklər ərzində formalaşmış dostluq və qarşılıqlı hörmət münasibətlərinin bundan sonra da konstruktiv şəkildə inkişaf edəcəyinə” əminliyini ifadə edib.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş