Ali Baş Komandan: “Ordumuz düşmənin hərbi mövqelərinə zərbələr endirir”

Siyasət

27.09.2020 - 12:28

İlham Əliyev: “Şəhidlərimizin qanı yerdə qalmalayacaq”

 

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edib. AYNA-nın xəbərinə görə, ölkə başçısı müraciətində xatırladıb ki, Ermənistan silahlı qüvvələri bu gün cəbhə bölgəsində genişmiqyaslı hərbi təxribatlar törədib.

 

“Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istiadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmalayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”, - deyə Prezident vurğulayıb.

 

Azərbaycanın Ali Baş Komandanı bildirib ki, Azərbaycanın Ermənistan ərazisində hərbi hədəfləri yoxdur: “Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və onlar bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, biz Ermənistan ərazisinə hərbi döyüşlər keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır”.

 

“Azərbaycna torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti – budur bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Digər səbəb ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar və qeyri-konstruktuiv və yalançı siyasəti nəticəsində hazırda faktiki olaraq danışqılar dayanıbdır və növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür”, - deyə Prezident vurğulayıb.

Müəllif: Ayna.az