Yetmiş illik cavan - <font color=red> VİDEO</font>

Mədəniyyət

26.07.2019 - 20:52

Aktyorun 70 illik yubileyi qeyd olunur

 

Xalq artisti, Şöhrət ordenli, professor İlham Namiq Kamal 70 yaşını qeyd edib. AYNA xəbər verir ki, aktyor LİDER TV-də "Tet-a-tet" verilişinin qonağı olub. 

 

Bir tamaşasında da oynadığı İbad müəllim obrazının dili ilə həm də özün təsvir edən aktyor belə deyir: "qaməti düz, boyu uca, heç kəs deməz mənə qoca". Həmişə cavan görünməyi sevən tanınmış aktyor qonaq olduğu verilişdə də sənətin onu cavan saxladığını bildirib. 

 

Qeyd edək ki, İlham Namiq Kamal oğlu Əhmədov əslən Şamaxıdandır. 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb.

 
 
O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Fevral ayının 3-dən Akademik Milli Dram Teatrında aktyor işləyib. 20 mart 1989-cu ildə istedadlı gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa başlayıb. Bu kollektiv 26 yanvar 1993-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrı kimi fəaliyyət göstərir. İlham Namiq Kamal bu gənc kollektivin səhnəsində dörd il çalışıb. Burada Stanislav Stratiyevin "Çarəsiz sərnişinlər" (Məsuliyyətsiz), Rəhman Əlizadənin "Dadaşbala əməliyyatı" (Dadaşbala), İsi Məlikzadənin "Sultanqulu Körpüsü" (Sultanqulu), Robber Tomanın "Arvadımın Qatili" (Daniel), Vaqif Səmədoğlunun "Dağ Tikirik" (Kələntər), Georgi Xuqayevin "Arvadımın Əri Özüməm" (Kazbek) pyeslərinin səhnə təsfirində, "Gül, Sevin, Gül" (müxtəlif sifət-maskalar) şoutamaşasında baş rolları ifa edib.
 
 
Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar Mansurovun "Sevgilimin Anası və yaxud Evlənmə Əhvalatı" (Albadam), Cahangir Aslanoğlu və Həsənağa Qurbanovun "Qarğa, Məndə Qoz var" (Adil, Farmazov, Aşıq, Professor və Əyyaş), rus bölməsində Eduardo de Filippov və Fərəc Qarayevin "Fulimeno Marturano" (Dominesko Soriano) musiqili komediyalarında oynayıb.
 
 
1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün "İlham" Miniatür Teatrını yaradıb. Hazırda direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, "Estrada sənəti" kafedrasının müdiridir. 4 övladı var: qızları - Qumru, Qumral, oğlanları - Ülvi, Ziya.
 
 
25 iyun 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.10 mart 2014-cü il Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb.
 
Müəllif: Ayna.az