Qarşılaşma məhsuldarlığı ilə diqqət çəkib
Türkiyə millisi yoldaşlıq oyunu keçirib. AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, Millətlər Liqasının son iki matçına hazırlaşan qardaş ölkə təmsilçisi Xorvatiya ilə üz-üzə gəlib.
“Ay-ulduzlular”ın son dünya çempionatının gümüş mükafatçısı ilə görüşü İstanbuldakı “Vodafon Park”da baş tutub. Qarşılaşma məhsuldarlığı ilə diqqət çəkib.
Cenk Tosunun penaltidən hesabı açdığı oyunda qonaqlara bərabərlik qolu üçün 9 dəqiqə lazım gəlib. Amma fasilə ərəfəsində Dəniz Turucun fərqlənməsi ilə Şenol Günəşin yetirmələri yenidən önə çıxıblar.
İkinci yarıda 6 dəqiqə ərzində üç qol qeydə alınıb. Ardıcıl iki dəfə qol sevinci yaşayan dünya vitse-çempionları üstün duruma düşüb. Cengiz Ündərin mükəmməl zərbəsindən sonra növbəti dəfə tarazlıq yaranıb – 3:3.
Qeyd edək ki, türkiyəlilər Millətlər Liqasının son iki turunda Rusiya ilə ev, Macarıstanla səfər matçına çıxacaq.
Yoldaşlıq oyunu
11 noyabr
Türkiyə - Xorvatiya – 3:3
Tosun, 23 (pen.), Turuc, 41, Ündər, 58 – Budimir, 32, Paşaliç, 53, Brekalo, 56