D vitamini çatışmazlığına daha çox qadınlarda, həmçinin qış aylarında rast gəlinir
Türkiyəli həkimlərinin apardığı bir araşdırmada D vitamini ilə əzələ oynaq ağrısı arasında sıx əlaqənin olduğunu ortaya çıxıb. AYNA xəbər verir ki, tədqiqata görə, əzələ və oynaq ağrıları olan xəstələrin 74%-ində D vitamini çatışmazlığı aşkar edilib.
Türkiyədə klinikaların birində bədən ağrılarından əziyyət çəkən 14 min 925 xəstə üzərində aparılan araşdırmaların nəticələrinə görə, bu xəstələrin 11 min 29-unda D vitamini əskikliyi olduğu təyin olunub. Araşdırmaya görə, D vitamini çatışmazlığına daha çox qadınlarda, həmçinin qış aylarında rast gəlinir.
Araşdırma aparan tədqiqatçılar qeyd edirlər ki, D vitamini əskikliyi yorğunluq, halsızlıq, depresiyaya meyl, skleroz, qan təzyiqi, ürək, diabet, bir çox xəstəliklərlə əlaqəli olur. D vitamini çatışmazlığının artmasında ən vacib amillərdən birinin müasir həyat tərzidir. Belə ki, indi daha çox hündürmərtəbəli binalarda yaşayırıq. Həftə sonları açıq sahələrə getmək əvəzinə ticarət mərkəzlərinə üz tuturuq. Buna görə günəş şüalarından məhrum qalırıq. D vitamini üçün günəşli havada daha çox olmaq lazımdır.
Həkimlər qeyd edirlər ki, qidalarla D vitamini ala bilmirik, ancaq D vitamini ilə zəngin qidalar var. Yağlı balıq növlərində, yumurta sarısında, dana qaraciyərində D vitamini ilə zəngin olan yağlar mövcuddur.