Telefonları baş tərəfinizə qoyub yatmayın!

Hadisə

30.07.2019 - 10:57

"Gənclər və yeniyetmələr çox böyük risk altındadırlar, çünki telefondan çox istifadə edirlər"

 

Nüfuzlu tibb jurnallarından olan "Annals of Emergency Medicine"də hər kəsin istifadə etdiyi saxta adapterlərlə bağlı aparılmış araşdırma yayımlanıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, məqalədə, xüsusilə "iPhone" üçün nəzərdə tutulmuş saxta adapterlərin insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu, ciddi yanıq və yaralara səbəb olduğu qeyd olunub. 

 

ABŞ mətbuatında da geniş yer alan bu tədqiqatda 19 yaşlı bir gənc qadının yaşadığı hadisə diqqət çəkib. Adı açıqlanmayan qadın yatanda telefonunu saxta adapterə qoşaraq başının yanına qoyub. Qısa bir müddət sonra boynundakı boyunbağı adapterin kabelinə toxunanda isə həyatının şokunu yaşayıb.

 

Qadın yaşadıqları barədə bunları deyib: "Yatırdım və bir anda yanma hiss etdim. Boynumda çox kəskin ağrı vardı. Elektrik cərəyanı boyunbağımdan keçərək bütün başımı örtmüşdü. İkinci dərəcəli yanıq xəsarəti almışdım, əməliyyat olundum". 

 

Araşdırmanın rəhbəri və Miçiqan universitetində çalışan Dr. Carissa Bunke məsələ ilə bağlı bəyanat verib. O, "Gənclər və yeniyetmələr çox böyük risk altındadırlar, çünki telefondan çox istifadə edirlər. Telefonları baş tərəfində adapterə qoşaraq yatmaq çox təhlükəlidir. Cihazın voltajı aşağı olsa belə, cərəyan yüksəkdirsə, elektrik vura bilər", - deyə bildirib.

Müəllif: Ayna.az