“ADO” teatrı 7-ci mövsümün açılış mərasimini keçirəcək
Azərbaycanın ilk müstəqil və modern teatrı olan ADO`nun (Azərbaycan Dağınıq Oda teatrı) 7-ci mövsümünün açılışı, iyulun 14-ü saat 20:00-da baş tutacaq. Tədbir açıq havada – “BARREL”də keçiriləcək.
AYNA xəbər verir ki, teatr bu barədə öz rəsmi saytında elan yayımlayıb. Tədbirin proqramında “Gic-Daban” (Crazy-Heel) açık hava tamaşası, Şahin Quliyevin karikaturalarından ibarət sərgi, E.L.CLUB de TANGO (Emil Gezalov & Lala Gezalova), Ahmedowsky Trio, DJ: Hazi Karim 14, şərab və digər sürprizlər yer alır.
Açılış mərasiminə giriş sərbəstdir. Tədbir “Barrel Playground”-da (Yeni Bulvar, Səbail rayonu) keçiriləcək.
Qeyd edək ki, ADO Theatre – Collective 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınıb. İncəsənətin müxtəlif sahələri ilə məşğuldur. ADO teatrı Bakıda fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanın bölgələrinə mütəmadi səfərlər edir. Teatr beynəlxalq səfərlərə, festivallara da qatılır. ADO Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarusiya, Ukrayna, Rumıniya, Rusiya, Böyük Britaniyada olub, digər ölkələrin artistləri ilə də əməkdaşlıq edir.