Söz dəryasının sevda rəssamı

Mədəniyyət

06.06.2023 - 11:46

Həkimlər Klinikalar SEO Xidməti

Arzuya bax, sevgilim, tellərindən incəmi? Söylə ürəyincəmi?

5 iyun - gözümün önündə qıvrım saçlı, baxışlarında sevda ümmanı gizlənən bir gəncin tablosu canlanır. Həmin tablo dalğalara dalan baxışlarda, sahillərdə naxış salan xırçın sularda, duyğulu bəstəkar küləklərdə fırçasının əlvan rəngləri yer alan rəssamın - Mikayıl Müşfiqin portretidir.

Bəlkə də, kəlmələrdən danışanda çoxumuzun yadına “söz güclü silahdır” bənzətməsi düşür. Fəqət onun bir inci kimi düzülən sözləri duyğuları yaralayan silah deyil, qatı dumanları günəş şəfəqləri ilə aralayan bir fırçadır. Qəlblərə məlhəm olan ömrü qəlpə ilə bitsə də...

Bu rəssam qısa görünən ömürlə bir uzun sevda yolunun rəsmini çəkib. Həmin rəsimdə həyatın bütün epizodları ən təbii çalarlarla boyanıb.

Həyatın bizə bəxş etdiyi əlvan boyaların sehrini duymaq üçün onun söz dəryasına baş vurmaq kifayətdir. Gəlin, bu dərin ümmana kiçik səyahətə elə həmin boyaların izi ilə çıxaq:

Paklığın rəmzi - həyatın bəyaz boyası:

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.

Gecələrin zülməti - həyatın qara boyası:

Bir qara buludam uca göylərdə

Bu qara baxtımla bizim ellərdə

Sən neçin ağlarsan mən duran yerdə,

Nərgiz gözlərinin yaşına qurban!

(Gözünə qurban)

Günəşin şəfəqi - həyatın sarı boyası:

Sənin gülüşlərin bir rüzgar kimi

Əsərkən arzumun gülü açılır.

Gülsə dodaqların ulduzlar kimi

Ruhuma bir sərin işıq saçılır.

(Sənin gülüşlərin)

Aydın səmalar - həyatın göy boyası:

Dönmə bir şəbnəmə yaz səhərində,

Könül, günəş kimi parla yerində!

Göylərin lacivərd ətəklərində

Gedən bu qovğadan necə əl çəkim?

(Həyat sevgisi)

Ətirli çəmənlər - həyatın yaşıl boyası:

Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!

Seyr edəlim qol-qola bu zümrüd çəməndə, gəl!

Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,

Yarı qönçə, yarı gül.

(Gecə düşüncəsi)

Bahar çiçəkləri - həyatın qırmızı, çəhrayı boyaları:

Sənin хəndan olur gül dodaqların

Onda ki gözümdən yaşlar saçılır,

Çünki sayəsində gur bulaqların

Çiçəklər açılır, güllər açılır.

(Sən və mən)

Təbiətin özü - həyatın bütün boyaları:

Seyrə dalım bir ara...

Gecələr sayrışarkən, ulduzlar lalə kimi,

İşıqlar jalə kimi.

Çilənib dağılarkən ətrafa damla-damla,

Ən yaxın bir adamla.

Nə gözəldir dinləmək suların nəğməsini,

Təbiətin səsini!

(Yenə o bağ olaydı)

Bu təsvirlər sevda rəssamının söz ümmanının sadəcə ləpələri idi. Çünki “Nazına çatanda fırçadan əl çək, Qoy onun nazını mən özüm çəkim” deyən Mikayıl Müşfiqin söz dəryasının sonsuzluğunu tam təsvir etməyin mümükünsüz olduğunu bilən yazının müəllifi də qələmdən əl çəkir. Həmin söz dəryasının kiçik bir zərrəsini belə, yenidən xatırladaraq, qəlblərdə sevgi oyadacağına inanıb, sevda rəssamının sözlərinə qoşulur:

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə ürəyincəmi?

Günel Natiqqızı

AYNA üçün

Müəllif: Ayna.az