Xəstəxanada vətəndaşa ambulator yardım göstərilib
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxs, ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Bu barədə AYNA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, yanğın baş verən əraziyə 5 təcili tibbi yardım briqadası cəlb olunub. 9 nəfərə yerində yardım göstərilib, bir nəfər isə başın travması ilə Kliniki Tibbi Mərkəzə aparılıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.