Şahin Mustafayevə axşam telefonu

Xəbərlər

12.11.2022 - 22:05

Azərbaycanlı bir alimin bu yüksək vəzifəyə seçilməsi Azərbaycan türkologiyasına verilən böyük qiymətdir

Şahin Mustafayev Türk Akademiyasının prezidenti oldu. O, bu mötəbər vəzifəyə Səmərqənddə, Türk Dövlətləri Təşkilatının sammitində 5 Türk Dövlətinin prezidentlərinin imzası ilə təyin edilib.

Akademik Ziya Bünyadovun tələbəsi akademik Şahin Mustafayev görkəmli türkoloq-alim, 60-a yaxın kitabın, çox sayda elmi məqalənin müəllifidir. O, ölkəmizin yetişdirdiyi ən məşhur tarixçi alimlərdən, 
Azərbaycandan kənarda istinad edilən azsaylı tədqiqatçılardan biridir. Universitetin Şərqşünaslıq fakultəsini fərqlənmə ilə bitirib Şahin. Aspiranturanı SSRİ EA-nın Moskvadakı Şərqşünaslıq institutunda oxuyub. Namizədlik dissertasiyasını 28 yaşında Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunda müdafiə edib. 

O, uzun illər Səmərqənddəki YUNESKO-nun Beynəlxalq Orta Asiya Tədqiqatları İnstitutunun müdiri olub, çalışdığı müddət ərzində bir sıra elmi uğurlara imza ataraq türkologiyaya əhəmiyyətli töhfələr verib.

Şahin Mustafayev mənim eloğlum, gənclik dostumdur.
Onun necə çalışqan, zəhmətkeş və elm fədaisi olduğunu yaxşı bilirəm. Bu səbəbdən də Şahinin Astanadakı (Türk Akademiyasının mərkəzi Qazaxıstan paytaxtında yerləşir) yeni işində müvəffəq olacağına şübhəm yoxdur.

Şahinin yeni vəzifəsi həm də diplomatik vəzifədir. O, Beynəlxalq quruma rəhbərlik edəcək. Həm də xeyli qarışıq və təlatümlü bir dövrdə. Bu dövr bəzi dövlətlərin “Turan qurulur” deyə qorxuya düşərək əndişələrə qapıldıqları bir dövrdür. Əminəm ki, Şahin Mustafayev müxtəlif təzyiq və fitnələrə mərdi-mərdanə sinə gərərək, bu mübarizədən şərəflə çıxacaq, ona göstərilən etimadı doğruldacaqdır. Etimad isə böyükdür, bir dövlətin deyil, 5 ölkə etimadından gedir söhbət. 

Azərbaycanlı bir alimin bu yüksək vəzifəyə seçilməsi Azərbaycan türkologiyasına verilən böyük qiymətdir. Bu baxımdan səbəbkarın müəllimi akademik Ziya Bünyadodovun da ruhu şaddır deyə çox məmnunuq.

Şahini, ailəsini, qohumlarımızı, başda görkəmli alim, professor Solmaz Rüstəmova -Togidi olmaqla bütün dostlarını təbrik edirəm. Ən böyük təbrik isə Azərbaycan Dövlətinə, onun Prezidentinə düşür.

Azərbaycana və Türk Dünyasına xeyirli olsun!...

Belə bir təyinatın olacağını ucundan-qulağından bilirdim. Bir qədər əvvəl Şahinə zəng elədim. Təbrik elədim, sevincimi dilə gətirdim.

Ancaq bir də baxdım ki, təvazökar Şahinlə tarixdən danışırıq – Didqori savaşından, Basmaçı hərəkatından. Basmaçılara olan özəl marağımı bildiyi üçün Şahin həvəsə gəlir, nəsə demək istəyir. Sözünü yarımçıq kəsib deyirəm ki, imkan ver bir ürəyimi boşaldım…

Şahinə biz tərəfdə – Qazaxda edilən alqışı, nənələrimizin xeyir-duasını göndərirəm: 

“Uğrun Xeyir Olsun, Əziz Qardaşım!”

Müəllif: İbrahim Nəbioğlu