“Rusiya üçün ən yaxşı çıxış yolu Putini ya məhv etmək, ya Haaqaya təslim etməkdir”

Dünya

07.02.2023 - 21:58

Sergey Jirnov: “Putin hərbi baxımdan axmaqdır, ağıllı adam belə müharibəyə başlamazdı”

“Rusiyanın yüksək elitası birdəfəlik başa düşməlidir ki, Putin intihara meyllidir. Onun atdığı addımlar Rusiya Federasiyasının intiharıdır. Bütün elita başa düşməlidir ki, söhbət onların varlığından, yaşamaqlarından və ölümlərindən gedir. Putini aradan götürməsəklər sağ qalmayacaqlar”

Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəyə başlamasının ildönümünə sayılı günlər qalıb. Bu müddətdə Rusiya Ukraynanın xeyli ərazisini işğal etdi, amma Ukrayna müəyyən ərazilərini əks-hücumla geri ala bildi. Hazırda Donbas, Xerson, Zaporojye istiqamətində şiddətli döyüşlər gedir. Rusiyanın genişmiqyaslı hücuma başlayacağı haqqında məlumatlar var. Bu yandan isə Ukrayna Qərb tərəfdaşları tərəfindən ağır hücum silahları ilə təchiz edilir. Gözlənilir ki, Ukraynanın əks-hücum əməliyyatları başlayacaq. Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov UNİAN-a müsahibəsində müharibədən, Rusiya hakimiyyət daxilindəki vəziyyətdən, Prezident Vladimir Putinin atmaq istədiyi və atacağı addımlardan danışıb.

AYNA müsahibəni istinad və ixtisarla təqdim edir:

- Rusiya da maraqlı addımlar atır, bəyanatlar verilir. Məsələn həm Moskvada, həm də Putinin iqamətgahları yaxınlığında hava hücumundan müdafiə sistemləri quraşdırırlar. Amma bu məsələdə fikirlər bölünür. Bəziləri deyir ki, həqiqətən də Ukraynanın hava zərbələri ehtimalından qorunmaq istəyirlər, bir çoxları isə deyir ki, Putin daxili proseslərdən qorxur və vətəndaş müharibəsinə hazırlaşır. Sizcə, Moskvaya zərbələr olacaqmı?

- İndi Moskvanın nəyisə nümayiş etdirməsinə ehtiyac yoxdur. Çünki vəziyyət ötən ilin dekabrında Diaqilevo və Engels aerodromlarında baş verən hadisələrdə göründü. Nəzərə almaq lazımdır ki, bunlar nüvə silahı daşıya bilən bombardmançı təyyarələrin olduğu Rusiya Federasiyasının strateji aviasiyasının iki aerodromudur. Bu aerodromlar Kremldən daha yaxşı müdafiə olunmalıdır. İlk növbədə, təxminən 37 strateji bombardmançının yerləşdirildiyi Engels aerodromu. Əgər Ukrayna onların hamısını bombalasa, Putin nüvə triadasının tərkib hissələrindən birini itirəcək. Bu mənada artıq dekabrda ona hər şey başa salınıb: hara “uça bilər”, necə “uça bilər”. Engelsdə üç həftə fərqlə iki dəfə "uçuş" oldu. Ona görə də Putin bütün bunları çox gözəl anlayır, başqa nəsə nümayiş etdirməsinə ehtiyac yoxdur.

Moskvada hava hücumundan müdafiə sistemləri qəribə bir məsələdir. Hərbi baxımdan bu, tamamilə cəfəngiyyatdır. Hava hücumundan müdafiəni açıq nümayiş etdirmək düşmənə müdafiənin harada olduğunu bildirir. Əgər müdafiənin harada olduğunu bilirsinizsə, ya oranı vuracaqsınız, ya da yan keçəcəksiniz. Bir qayda olaraq, müdafiə gizli saxlanılmalıdır axı.

Versiyalardan birinə görə, Putin saxtakarlıq edir. Ukraynanın Moskvaya hücumunu imitasiya etmək üçün Moskvada hava hücumundan müdafiə sistemini yerləşdirə bilər. Onlar bir-iki raketi göydə vuracaqlar, bir raket də yaşayış binalarından birinə düşəcək. Bütün bunlardan əlbəttə ki, Kreml istifadə edəcək, dünyaya səslənəcək ki, “baxın Ukrayna barbardır, yaşayış binasını vurdu, neçə raketi isə zərərsizləşdirə bildik”.

Podolyakın “Vaxtı çatanda Moskvanı vuracağıq” dediyi son açıqlaması mənim xoşuma gəlmədi. Bu, onu deməməli idi. Mən sizə Fransadan, Avropadan öz baxışımı deyirəm. Çünki Ukraynanın indi çox böyük nüfuzu var və qurban ölkə ilə bağlı yığılmış müsbət imici var. Rusiya Ukraynanı bombalayarkən, bütün yanaşma fərqliliyinə və s. baxmayaraq, Kiyev Qərb ictimai rəyi və Qərb siyasətçiləri tərəfindən çox güclü şəkildə dəstəklənir. Əgər Ukrayna Rusiya ərazisində cavab zərbələrinə keçsə, bununla da qısa zamanda özünün təcavüz qurbanı kimi danışmaq imkanından əl çəkmiş olur. Podolyak bunu deməməli idi, hesab edirəm ki, bu, siyasi səhvdir. Ukrayna bunu edə bilməz. Ukrayna üçün Diaqilevo və Engelsdəki aerodromlar hərbi hədəf kimi qanuni ola bilər. Amma Moskva, yaşayış binası Ukraynanın hədəfi deyil, olmamalıdır. O zaman Ukraynanın Rusiyadan fərqi nə olacaq?! Yenə deyirəm, bu, səhv bəyanatdır. Belə məsələlərdə indi çox diqqətli olmaq lazımdır. Ukrayna Prezidentinin, Mixayıl Podolyakın və Zalujnının fikrincə, Rusiyadakı hədəflər ancaq hərbi infrastruktur və hərbi sənaye kompleksi obyektləri ola bilər. Podolyak sadəcə bu cümləni deyə bilmədi. Mən bunu başqa cür izah edə bilmərəm.

- Belə görünür ki, Moskva bütün ssenarilərə hazırlaşır. Orada təkcə hava hücumundan müdafiə sistemləri hərbi obyektlərin deyil, iqamətgahlarının yaxınlığında yerləşdirilir. Ruslar son vaxtlar ritorikalarını da çox dəyişiblər. Kremlin təbliğatçıları və Putin üçün bu yeni deyil. Onların "xüsusi əməliyyat" məqsədləri haqqında bir neçə həftədən bir dəyişik ritorikaya keçirlər. İndi təbliğatçılar bir ağızdan qışqırırlar ki, onlara yeni ərazilər lazım deyil. Putin deyir ki, əsas məqsəd yalnız Rusiya Federasiyasını qorumaqdır, Rutskoy ümumiyyətlə, Rusiyanın qalib gələ bilməyəcəyini bildirib. Sizcə, artıq Putin özü qalib gələ bilməyəcəklərini dərk edib?

- Yox. İnsanlar onun hər şeyi başa düşdüyünü deyirlər. Məncə, o, heç nə başa düşmür. Ona hesabat verirlər və cəbhədəki real vəziyyəti çox yaxşı bilir, amma şüuru bunu qəbul etməyə çatmır. O, öz virtual aləmində yaşayır. Və o, baxışına uyğun gəlməyən heç nəyi dərk etmir. Onun belə bir təsəvvürü var ki, Rusiya “NATO-nun və Qərb təcavüzünün yazıq bədbəxt qurbanıdır”. Putin belə təsəvvür edir ki, əgər birinci Rusiya Ukraynaya hücum etməsəydi, hücuma məruz qalacaqdı. O, heç vaxt bu fikri başından ata bilməyəcək.

- Bu yaxınlarda çıxıb dedi ki, Xerson, Zaporojye və Donbas tamamilə Rusiya Federasiyasının nəzarətindədir. O, dediyinə səmimiyyətlə inanır, ya yox? İnanırsa, o zaman Donbası mart ayına qədər ələ keçirmək əmrini necə səsləndirir?

- Görünən odur ki, Putinin öz “dünyası” var. Tamamilə mümkündür ki, ona hesabat verəndə o, yalnız eşitmək istədiyini eşidir. Onun fikri qətidir: üçüncü şəxslər həmişə günahkardır, özü isə heç bir şeydə günahkar deyil, hər şeyi düzgün edir.

Ukrayna ilə bağlı hər şey aydındır. Onun fikrincə, Ukrayna tamamilə “fəth” edilməlidir. İndiki halda isə Putinin fikrincə, heç olmasa Donbasın işğalını başa çatdırmaq lazımdır. Kobud desək, Rusiya Federasiyasının Konstitusiyasına daxil edilmiş bölgələrin işğalını tamamlamaq lazımdır. Putin hesab edir ki, bu ərazilər Rusiyanın “tarixi ərazisidir” və Rusiyanın nəzarətinə qayıtmalıdır.

İndi Kreml sahibinin əsas hədəfi Donbasdır. Putin inadkar adamdır. O, Stalin kimidir, bir növ simvolizmi sevir, Donbas isə onun üçün simvolizmdir. O, hərbçi olsaydı, əksinə, indi Zaporojye və Xersonu ələ keçirərdi. Çünki bu, daha asan olardı. Donbasda çox səviyyəli müdafiə sistemi qurulub və bu müdafiəyə axmaqcasına hücumu yalnız axmaqlar edə bilər. Bu müharibə göstərdi ki, Putin hərbi baxımdan axmaqdır, ağıllı adam belə müharibəyə başlamazdı. Amma o, fikirlərinin doğru olduğuna inanır.

Əsası odur ki, Putinin çıxış yolu yoxdur, özünü ümidsiz vəziyyətə salıb. “Qafqaz məhbusu”nda deyilir - ya o məni prokurora aparır, ya da mən onu qeydiyyat şöbəsinə aparıram. Yəni ya Ukrayna Putini Haaqaya aparacaq, ya da o, bütün Ukraynanı işğal edəcək. Onun üçün başqa çıxış yolu yoxdur.

- Sizcə, Putində psixoloji problemlər var? Çünki bu gün o, mart ayına qədər Donbası almağı əmr edir, ertəsi gün isə çiyinlərini çəkib deyir: “NATO ilə müharibə istəyirsən?”. Aretoviç hesab edir ki, hazırda Kremldə müzakirə gedir - “böyük hücum”a getməyə dəyər, yoxsa yox? Çoxları deyir ki, Putinin “böyük hücum”a sadəcə gücü və imkanı yoxdur. Bu məlumat dalğalarını və genişmiqyaslı hücum ilə 1991-ci il sərhədlərinə geri çəkilmə arasındakı dalğalanmaları necə izah etmək olar?

- Bu, Putinin özünə xas olan insani xüsusiyyətdir. O, çox etibarsız insandır. Onunla birbaşa işləmiş bütün insanlar, xüsusən də Sergey Puqaçov deyirdi ki, Putin həmişə tələskəndir, onun heç vaxt öz fikri yoxdur. O, sadəcə olaraq ətrafında fikirlər toplayır, daim onları düşünür və son anda özünə ən yaxşı görünən qərarı verir. Üstəlik, son bir neçə ildə o, bir qayda olaraq, ən pis həll yollarını seçib, hansı ki, biz Ukraynaya qarşı müharibə qərarında bunu müşahidə etdik. Bu, ilk növbədə onun psixologiyasına əsaslanır.

Üstəlik, o, özünü küncə sıxıb. Üç həftə sonra, fevralın 24-də “xüsusi əməliyyatın” ildönümüdür. Daha sonra isə Ukraynada müharibənin doqquzuncu ildönümü olacaq. Düşünür ki, nəsə etmək lazımdır, amma küncə sıxılmış durumdadır, heç nə edə bilmir.

İndi Putin iflasa uğrayıb. Yanvarda baş verən kadr dəyişiklikləri təkcə generalların sıçrayışı deyildi. Yanvarın 11-də Putin Gerasimovu vəzifəyə təyin etdi və ona qoşunların baş komandanları da daxil olmaqla, üç müavin verdi. Bu o deməkdir ki, Rusiya bütün Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə səfərbər edib. Üstəlik, bütün iqtisadiyyatı səfərbər etdi, ölkənin demək olar ki, bütün ərazisində səfərbərlik və hərbi vəziyyət elan edildi. Putin bütün Rusiyanı Ukrayna ilə müharibəyə səfərbər edib. Məsələ budur ki, onun getməyə yeri yoxdur.

Problem Putindədir. Rusiya üçün isə ən yaxşı çıxış yolu Putini məhv etmək, bütün günahları isə onun üzərinə qoymaqdır. Mən bunu hər müsahibəmdə təkrar edirəm və o vaxta qədər təkrar edəcəyəm ki, Rusiya Federasiyasındakı bütün axmaqlar, hər şeydən əvvəl elita Putinin yaratdığı vəziyyətdən yeganə çıxış yolunun onu aradan götürmək olduğunu başa düşəcək. Bu baş verən kimi vəziyyəti həll etmək mümkün olacaq.

Başqa bir məsələ Rusiya elitasının bu fürsətdən istifadə edib-etməyəcəyidir. Üçüncü Dünya müharibəsini başlatmaq istəyən Priqojin, Duqin və bunlar kimi digər çılğın millətçiləri hakimiyyətə gətirsələr, o zaman Putini kənarlaşdırmağın mənası yoxdur. Ancaq Rusiyanı tamamilə ümidsiz vəziyyətdən birdəfəlik çıxarmaq istəyirlərsə, onda yalnız bir çıxış yolu var - Putini məhv etmək və ya Haaqaya təhvil vermək, Ukraynanın ərazilərini geri qaytarmaq, müharibədən əvvəlki sərhədlərə çəkilmək. Cəmiyyətə də elan etmək ki, Putinin etdiyi hər şey kompüter virusu kimidir.

- Bunu etmək asandırmı?

- Bu, çox sadə qərarla həll edilir: Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi toplanır və dövlət orqanlarının son illərdəki bütün qərarları ləğv edilir. Hər şey son iş konfiqurasiyasına qayıdır - 34 il əvvəllə. Müvafiq olaraq, bu qərarlarla əlaqəli olan hər kəs vəzifəsindən uzaqlaşdırılır, həbs edilir və ya Haaqa Məhkəməsinə göndərilir. Rusiya üçün əla çıxış yolu budur.

- Bu proseslərə kimin təşəbbüs göstərəcəyini təsəvvür etmək çətindir. Sizcə, bu proses kortəbii olacaq, daxildən yaxşı təşkil olunacaq, yoxsa Qərb tərəfindən yaxşı təşkil olunacaq?

- Bu proses Rusiya daxilində olacaq. Ancaq bu, bir növ xalqın qəzəbi olmayacaq, elitanın mübarizəsi olacaq. Bunu indi Rusiyanın elitasında olan ən ağıllı adamlar başa düşməlidirlər. Xüsusən də bunu Patruşev, Bortnikov, Volodin, Matvienko, Sobyanin və hər gün pulunu və dinc yaşamaq imkanını itirən 117 milyarder başa düşməlidir.

Rusiyanın yüksək elitası birdəfəlik başa düşməlidir ki, Putin intihara meyllidir. Onun atdığı addımlar Rusiya Federasiyasının intiharıdır. Bütün elita başa düşməlidir ki, söhbət onların varlığından, yaşamaqlarından və ölümlərindən gedir. Putini aradan götürməsəklər sağ qalmayacaqlar. Əminəm ki, onlar Rusiya xüsusi xidmət orqanlarında və orduda, Putini qoruyan qüvvələrdə özlərinə tərəfdaşlar tapacaqlar.

- Adlarını çəkdiyiniz elita mənsublarının demək olar ki, hamısı Putinin cinayət ortağına çevriliblər...

- Bəli. Amma bu, onların səhv etdiklərini etiraf etmək fürsətidir. Sonra tövbə etməli, təzminat ödəməli, edilən bütün zərərləri ödəməli olacaqlar. Bəziləri gəlirlərinin böyük hissəsini itirə bilər, bəziləri hətta həbsxanaya düşə bilər. Amma hər halda bunlar Putinin Üçüncü Dünya müharibəsinin alovunda ölüməkdən yaxşıdır.

Tarix göstərir ki, elitaya daxil olan insanların çoxu həmişə ondan qurtula bilirlər. Dövrlər dəyişəndə, gücü və pulu olan adamların həmişə yaxşı hüquqşünaslar tapmaq, qaçmaq imkanı olur. Nasist Almaniyasını götürək. Nürnberqdə bəzilərinə hətta bəraət qazandırdılar. Bütün Almaniyanı götürsək, nasist sisteminə daxil olan, heç bir ciddi cəzaya məruz qalmayan, hakimiyyətdə qalan və hətta yeni Almaniyanın yaradılmasında iştirak edən kifayət qədər nüfuzlu nə qədər insan qalmışdı.

Yenidən strukturlaşmanın məntiqi budur. Siz bütün ölkəni hər şeydə günahkar elan edə bilməzsiniz, çünki eyni elita onu bərpa etməli və yenidən qurmalı olacaq. Başqa bir şey odur ki, lüstrasiya aparmaq lazım gələcək. Bəs bunu kim həyata keçirəcək? Qanla ləkələnməmiş “mələkləri” haradan tapmaq olar?

Putinin ətrafına başa salmaq lazımdır ki, onlar özləri onu təslim etməli, serblərin etdiklərini etməlidirlər - Miloşeviçi Haaqaya təhvil verdikləri kimi, rus elitası da Putini Haaqaya təhvil verməlidir. Yenə deyirəm, bu, mövcud vəziyyətdən yeganə çıxış yoludur.

Zelenski Davosda dedi: "Mən burada kiminlə danışım? Siz əminsinizmi ki, bu, real insandır? Onun öldürülmədiyinə əminsiniz? Yaxud da ölmədiyinə? Bu bir növ dublyorluq deyil?". Ukrayna liderinin bu açıqlamasını Putini trollamaq kimi qəbul etdilər. Amma əslində Zelenski çox ciddi bir mesaj verdi. Sadəcə Zelenski kommunikasiyanın, teatrın nə olduğunu bilən bir insan kimi bunu əla bacardı. O, Putinin “oynanan kart” olduğunu açıq şəkildə ifadə etdi. Hər iki tərəf nə qədər tez başa düşərsə, hər iki tərəf xeyir tapar.

- Başqa söz-söhbətlər də var ki, Kremlin bunkerində mini çevriliş olub, Şoyqu və Gerasimov Putinin boğazından yapışıblar ki, təşəbbüsü ələ alsındar. Bu haqda nə deyə bilərsiniz?

- Təbii ki, belə bir hal olub. Biz bunu yanvarın 11-də Putin Gerasimovu “xüsusi əməliyyat”a rəhbərliyə gətirəndə gördük. Bu qərarın özü sübut etdi ki, hərbçilər yenidən təşəbbüsü ələ alıblar. Amma bu, hərbi çevriliş deyildi. Əvvəllər hərbi çevriliş olub, hər cür “kadırovlar”, “priqojinlər” və başqaları təşəbbüsü ələ almışdılar. İndi sadəcə onlar öz layiq olduqları yerə qoyuldular. Dövlət oynamalı olduğu rola qayıtdı. Bunun yaxşı və ya pis olması başqa sualdır, amma dövlətçilik baxımından məntiqli idi.

Kreml aydın başa düşdü ki, Priqojin çox təhlükəli silahdır. Bu, Putinə zamanında lazım idi. Axı Putin davamlı olaraq hansısa hesablaşmalar təşkil edən şəxsdir. Bu mənada o, bunu düzgün etdi, çünki bu, ona 23 il hakimiyyətdə oturmağa imkan verdi. O, həmişə təsir qrupları yaradıb və onların ən yüksək hakimi kimi çıxış edib. “Xüsusi əməliyyat” ərəfəsində və ya əvvəlində hərbçilərin təsir qrupunun ona təzyiq göstərməyə başladığını hiss edəndə ona əks qütblər lazım idi. Bu zaman dövrəyə Kadırov və Priqojin daxil oldu.

Kadırov da, Priqojin də oynamağa başladılar, qərara gəldilər ki, indi onların dövranıdır. Priqojin xatırladı ki, ötən əsrin 90-cı illərində Putin heç kim idi və birdən Rusiya Federasiyasının Prezidenti oldu. Fikirləşdi ki, milyarderdir, sahibi olduğu “Vaqner” bütün dünyada məşhurlaşıb və niyə indi Putinin yerində olmasın? Üstəlik, Putindən fərqli olaraq, o, əsl başkəsəndir.

Priqojin çox sərt oynadı və təbii ki, bu zaman bir çox şəxslərə toxundu. Putin anladı ki, onu zəiflətmək lazımdır. İndi deyirlər ki, Priqojin öldürüləcək. Axı Priqojini öldürmək lazım deyil, o, istənilən vaxt həbs oluna bilər. Çünki “Vaqner” qeyri-qanuni muzdlu birləşmədir, onun yaradılmasına görə 7 il həbs, işində iştiraka görə isə 8 il həbs nəzərdə tutulub. Yəni Kremldə Priqojini susdurmaq üçün istənilən qədər imkanlar var. Əslində Putin Priqojindən birdəfəlik ayrılmaqdan qorxur. Çünki bilir ki, Priqojini indi sıradan çıxarsa, Kadırovla döyüşmək üçün yaratdığı adamlar cəbhədən geri qayıdacaq.

Onu deyim ki, Putin 2022-ci ildə həyatının ən böyük axmaqlığını etdi. Sakitcə təqaüdə çıxmalı, pensiyaçı olmalı, milyardları ilə yaşamalı idi. Amma Qazaxıstanda baş verənlər onu qorxutdu. Anladı ki, Rusiyanın elbasısı olsa belə, hansısa Tokayev gəlib onu yıxacaq, Konstitusiyanı dəyişəcək, paytaxtın adını qaytaracaq, seçkilər keçirəcək və ölkəni normal vəziyyətə salacaq. Putin bundan qorxdu və “xarici düşmənə qarşı müharibəyə başlamaqdan başqa yolum yoxdur” qərarını verdi. 2022-ci il fevralın 21-də Putin diktator kimi ölüm əmrini imzaladı. Siyasi baxımdan o, artıq ölüb. ABŞ Prezidenti onu hərbi cinayətkar və qəssab adlandırıb. Ukrayna rəhbəri isə Putinlə daha söhbət etməyəcəyini bildirib. Hamı anlayır ki, Putin siyasi cəhətdən mövcud deyil.

Müəllif: Turan Abdulla