Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub
Oktyabrın 17-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub. AYNA xəbər verir ki, turun və birinci dövrənin son oyununda "Qarabağ" klubu "Sabah"ın qonağı olub. Masazırdakı "Bank Respublika Arena"da keçirilən görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Qarabağ" zirvədəki yerini möhkəmlədib. Bir xalı olan "Sabah" isə sonuncu pillədə qalıb.
Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Sumqayıt"la heç-heçə edib - 1:1. Eyni hesab ötən gün keçirilmiş "Qəbələ" - "Zirə" matçında da qeydə alınıb. İlk oyun gününün digər qarşılaşmasında isə "Keşlə" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.