Qalmaqallı siyasətçilərin mübarizəsi: yenə Bayden, yenə Tramp...

Dünya

21.05.2023 - 12:41

“Partiyası daxilində Baydenin təxminən 70, Trampın isə 62-64 faiz müsbət reytinqi mövcuddur”

ABŞ-da gələn il keçiriləcək seçkilərdə əsas yarışın Demokratlar Partiyasının namizədi olacaq hazırkı Prezident Co Baydenlə Respublikaçılar Partiyasının namizədi olacaq sabiq Prezident Donald Tramp arasında keçiriləcəyi gözlənilir. Qeyd edək ki, Respublikaçılar Partiyasında Trampın namizədliyinə qarşı olanlarla yanaşı, onu dəstəkləyənlərin də sayı kifayətdir. Tramp isə hələ ötən prezident seçkilərinin səhəri günündən yenidən ölkə başçısı olmaq iddiasını ortaya qoyub. 82 yaşlı hazırkı Prezident Co Bayden isə bu günlərdə yenidən namizədliyini irəli sürəcəyini elan edib.  

“ABŞ-ın hazırkı və keçmiş prezidentləri - Co Bayden və Donald Trampın böyük anti-reytinqlərə malik olmasına baxmayaraq, çox güman ki, seçicilər sonda onların mübarizəsini görəcəklər. Siyasətçilərin praymerizdə qalib gəlmə şansları son dərəcə yüksəkdir; onların rəqibləri yalnız Tramp üçün Florida qubernatoru Ron DeSantis, Bayden üçün vəkil Robert Kennedi ola bilər”. Bu sözləri rusiyalı politoloq Malek Dudakov Bayden və Tramp arasında gözlənilən mübarizə ilə bağlı danışarkən deyib.

“İndi Bayden və Tramp ətrafında çoxlu qalmaqallar var, hər ikisinin də böyük anti-reytinqləri var. Partiyası daxilində Baydenin təxminən 70, Trampın isə 62-64 faiz müsbət reytinqi mövcuddur. Ancaq buna baxmayaraq, Tramp öz seçki bazası, onsuz da ona səs verəcək insanlar tərəfindən dəstəklənir. Əksər respublikaçılar onu dəstəkləyəcək”, - Dudakov əlavə edib.

Politoloqun sözlərinə görə, Bayden də seçicilər arasında böyük ruh yüksəkliyi yaratmır: “Lakin o, hələ də hazırkı Prezident, Demokratlar Partiyasının lideri kimi kifayət qədər nüfuza malikdir. Nəticədə, hesab edirəm ki, 2024-cü ildə keçiriləcək seçicilər yenidən Tramp və Bayden arasında qarşıdurmanı görəcəklər”.

“Tramp praymerizdə DeSantislə qarşılaşacaq, lakin onun reytinqi ən yüksək deyil, təxminən 30 faizdir. Əlbəttə, praymerizlərə hələ 8 ay var, amma mən heç bir xüsusi perspektiv görmürəm. Baydenin Kennedinin simasında rəqibi var, lakin o, cəmi 20 faiz dəstəyinə malikdir”, - analitik söyləyib.

Dudakov əlavə edib ki, ənənəvi olaraq üçüncü namizədlər çox az faiz qazanırlar: “Ona görə də Tramp və Bayden partiya daxilində ciddi rəqabət gözləməməlidir”.

Qeyd edək ki, ABŞ prezident seçkilərində namizədi müəyyənləşdirmək üçün partiyalar daxilində paymerizlər keçirilir. Daxili seçkilərlə namizədlər müəyyənləşir.

Müəllif: Turan Abdulla