Polisdən qalmaqallı videogörüntüyə reaksiya: <font color=red> “MONTAJDIR”</font>

Cəmiyyət

13.01.2020 - 16:07

“20 Yanvar” Cəmiyyətinin sədri: “Məsələnin məsuliyyəti Səbail Rayon Polis İdarəsinin üzərinə düşür”

 

“Həmin videoların çəkilməsində və yayılmasında ilk növbədə məsuliyyət oradakı polislərin üzərindədir. Dövlət tərəfindən Şəhidlər Xiyabanını qorumaq üçün mühafizə xidməti formalaşdırılıb. Amma həmin ərazidəki polislər həmişəki kimi lazım olan gərəkli vəzifəsini yerinə yetirməyiblər. Çünki həmin videoya baxanda orada kifayət qədər Xiyabandan ayrı-ayrı məkanları göstərən kadrlar var və işdə Səbail Rayon Polis İdarəsi məsuliyyət daşıyır”.

 

Bu fikirləri AYNA-ya açıqlamasında “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə səsləndirib. Söhbət də son günlər mediada və sosial şəbəkədə Şəhidlər Xiyabanında əyləncəli klip hazırlayan hindistanlılardan gedir. Hansı ki, sözügedən video ortaya çıxdıqdan sonra cəmiyyətdə ciddi narazılıqlara səbəb olub. Vətəndaşlar hadisəni şəhidlərinə ruhuna hörmətsizlik kimi dəyərləndirirlər.

“Məsələ ondadır ki, polis 20 Yanvar faciəsi ilə bağlı yerli çəkilişlər aparanlara izn vermir, müdaxilə edir, amma əcnəbilər xalqımızın bu müqəddəs məkanında istədikləri kimi hərəkət edirlər. Görünür, həmin hindistanlılar pul alınaraq əraziyə buraxılıblar”, - S.Əzimzadə bildirib.

 

Cəmiyyət sədri buna bənzər bir neçə məsələ ilə bağlı müvafiq orqanlara məktubla müraciət etdiklərini deyib: “Bu məsələdə, eləcə də ötən illərdə məqbərədə şpaqat açan gənclərlə bağlı da rəsmi müraciət etmişik. Tələb etmişik ki, Şəhidlər Xiyabanında özbaşınalıq, xuliqanlıq edən şəxslərin kimliyi araşdırılsın. Rəsmi məktubumuza 3 aydan sonra rayon polis idarəsindən cavab verdilər. Bildirdilər ki, bu videolar çoxdan çəkildiyindən kimliklərin müəyyən edilməsi mümkün olmayıb. Axı Şəhidlər Xiyabanı xalqımızın müqəddəs məkanı olmaqla yanaşı, həm də dövlətimizin strateji obyekti kimi rəsmi qeydiyyatdadır”.

 

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyevin sözlərinə görə, yayılmış videogörüntülərlə bağlı müvafiq araşıdırma aparılır: “Yayılan video ötən illərdə Bakıya turist kimi gələn hindistanlıların görüntüləridir. Və bu görüntülər bir yerə toplanaraq montaj olunub musiqi fonunda təqdim edilib”.

 

“Şəhidlər Xiyabanı 24 saat mühafizə olunur. Hazırda araşdırma davam etdirilir”, - deyə Hacıyev bildirib.

Müəllif: Raminə Eyvazqızı