"Hadisələrin xronologiyasını izlədikdə və baş verənləri analiz etdikdə fikir yaranır ki, Azərbaycan-Gürcüstan sərhədində baş verənlər iki qardaş xalqın arasını vurmaq üçün diqqətlə planlaşdırılmış təxribatdır". AYNA APA-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Vestnik Kavkaza" saytına açıqlamasında bildirib.
Məşhur gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidzenin Keşikçidağ məbədi yaxınlığına baş vermiş insidentlə bağlı fikirlərinə cavab verən səfir Polad Bülbüloğlu onun fikirləri ilə tamamilə razılaşdığını söyləyib: "İlk növbədə Vaxtanqa, öz köhnə mehriban dostuma təşəkkürümü bildirmək istəyirəm ki, o, kənarda qalmadı, Azərbaycan-Gürcüstan sərhədində baş verən son insidentlə bağlı öz fikirlərini bildirdi. Onun fikirlərini tam bölüşürəm. Burada hər cür arzuolunmaz ssenarilərdən yayınmaq məsuliyyəti müvafiq dövlət orqanlarından əlavə bizim ölkələrin ziyalılarının üzərinə də düşür. Mənə elə gəlir ki, faktın müəyyən olunmasından başqa, bilərəkdən qeyri-qanuni fəaliyyətə sürükləyən ekstremistlərə dayanmaq və bu məsələni həll etmələri üçün ölkələrimizin komissiyalarına imkan vermək çağırışı ilə müraciət etmək lazımdır. Fikrimcə, Gürcüstanın dövlət orqanları təxribatı fəaliyyətin qarşısını alarkən daha qərarlı hərəkət etməlidir. Məlum olduğu kimi komissiya yaradılıb, hansı ki, bu məsələnin hər iki dövlətin xeyrinə həll olunması üçün yüksək dəqiqliklə iş aparır".
Diplomat bu məsələdə Azərbaycan və Gürcüstanın sadə vətəndaşlarının roluna da toxunub: "Fikrimcə, bizim ölkələrin sadə vətəndaşları müdriklik göstərməli, hər cür təxribatlara uymamalıdırlar. Azərbaycanlılar və gürcülər dost xalqlardırlar, hansılar ki, əsrlər boyu qonşu yaşayıblar. Bizi ümumi tarix və ənənələr birləşdirir. Bizim dahi insanlarımız - Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev və bir çoxları Tiflisdə dəfn olunublar. Biz münasibətlərimizin bahasına kimlərinsə çirkin oyunlarının həyata keçməsinə, aramızın vurulmasına imkan verməməliyik. Qonşular arasında, hətta bir ailədə belə fikir ayrılıqları olur. Lakin baş verən problemləri dost atmosferində həll etmək lazımdır. Əminəm ki, belə də olacaq. Biz Gürcüstanı sevirik, dostluğumzu qiymətləndiririk".
Qeyd edək ki, Vaxtanq Kikabidze Azərbaycan-Gürcüstan sərhədində baş verənlərdə başqa bir qüvvənin əli olduğunu söyləyib: "Bunun niyə baş verdiyini bilmirəm. Səbəblərini qoy siyasətçilər desinlər. Mən öz fikirmi deyəcəm. Fikrimcə, kimsə bizim aramızı vurmaq istəyir. Mənim təəssüratlarım belədir. Mən şəxsən son ana qədər belə bir şeyin baş verəcəyini təsəvvür edə bilmirdim. Əminəm ki, burada hansısa başqa bir qüvvənin əli var. Bilmirəm, bəlkə də səhv edirəm, lakin başqa cür təsəvvür etmək çətindir. Ona görə də iki ölkənin hökumətləri bu işə başqa gözlə baxmalı, hər hansı münaqişə imkanlarını aradan qaldırmalıdırlar. Mənim döstlarım arasında azərbaycanlılar çoxdur. Misal üçün Polad Bülbüloğlu. O hərdən Tiflisə gəlir, biz görüşürük. Onu xüsusi ilə salamlayıram və bütün azərbaycanlılara demək istəyirəm ki, mən Azərbaycanı, azərbaycanlıları, Azərbaycan xalq mahnısını, bu əsrarəngiz ölkə ilə bağlı olan hər şeyi çox sevirəm. Bütün ruhumla azərbaycanlılara xoşbəxtlik və sülh arzulayıram".