“Paşinyan Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajlar verib”

Aktual

07.01.2024 - 17:45

Türkiyəli nazir: “Türkiyə Zəngəzur dəhlizinin yaradılması layihəsini 2029-cu ilə qədər həyata keçirməyi gözləyir”

“Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajlar səsləndirib”. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu deyib.

Uraloğlu xatırladıb ki, ilk dəfə belə bir təşəbbüs irəli sürüləndə Ermənistan tərəfi bu layihənin Ermənistana faydalı olsa da, mənfi reaksiya verib.

Nazirin sözlərinə görə, Türkiyə dəhliz layihəsini 2029-cu ilə qədər həyata keçirməyi planlaşdırır: “Zəngəzur dəhlizinin Bakıdan Horadizə qədər olan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Ümumiyyətlə, bu dəhlizin yaradılması prosesi beş il çəkəcək. Düşünürəm ki, 2028-ci ildə biz bütün işləri tam başa çatdıracağıq”.

Nazir vurğulayıb ki, dəhlizin Ermənistan hissəsinin uzunluğu 43 km-ə yaxındır.

“Ermənistan dəhlizin tam başa çatmış sayılması üçün planlaşdırma və tenderlər aparmalıdır. Beləliklə, Türkiyə türk dünyası və Mərkəzi Asiya ölkələrinə birbaşa və asan çıxış əldə edəcək”, - deyə nazir bildirib.

Uraloğlu həmçinin qeyd edib ki, İran da öz növbəsində Ermənistandan yan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirəcək yolun tikintisi təşəbbüsü ilə çıxış edib: “Zəngəzur dəhlizi layihəsi həyata keçiriləcək. Lakin Ankara İranın da öz ərazisi vasitəsilə Türkiyə ilə Azərbaycanı birləşdirən bu əlaqənin bir hissəsinə çevrilməsinə etiraz etmir və bu layihənin vaxtında həyata keçiriləcəyini gözləyir”.

Müəllif: Turan Abdulla