Paşinyan Tavuşda açıq danışdı: “Əks halda, həftənin sonunda müharibə olacaq”

Aktual

19.03.2024 - 14:53

Ermənistan Baş naziri Tavuş sakinlərinə Azərbaycanla sərhədi delimitasiya etməkdən imtinanın nəticələrini açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuşda sakinlərlə görüşündə Ermənistan tərəfinin Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etməkdən imtina ediləcəyi təqdirdə həftənin sonuna qədər yeni müharibə olacağını bildirib.

Erməni mediasının məlumatına görə, sakinlərdən birinin sualını cavablandıran Paşinyan bildirib ki, indi ayağa qalxıb zalı tərk edə bilər: “Və deyə bilərəm ki, delimitasiya və demarkasiya olmayacaq. Amma bu o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Və bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra İrəvanda Respublika meydanında rastlaşanda deyəcəksən: “Yaxşı, biz sadə kənd adamlarıyıq, bizim heç bir məlumatımız yox idi, amma siz hər şeyi bilirdiniz””.

Paşinyan həmçinin əlavə edib ki, Ermənistan nəsə verirsə, bunun müqabilində nə isə tələb edir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev özü 30 il tələb edib, addım-addım tələb etdiyini alıb.

Kirants kəndində isə Paşinyan bildirib ki, delimitasiya və demarkasiya nəticəsində Azərbaycan Silahlı Qüvvələri ilə mövcud təmas xətti tanınmış sərhədə çevriləcək və orada hərbçilərin əvəzinə sərhədçilər olacaq: “Bu, ilk görüşdür, amma sonuncu deyil. Çox suallar var ki, bu gün heç bir fikrim yoxdur, ona görə cavab verməyəcəyəm. Ona görə ki, bu sualın cavabı razılaşma yolu ilə formalaşmalıdır və bu, təkcə bizdən asılı deyil”.

Sakinlərdən biri sual verib: “Kirants sərhəddədir. Orada nə olacaq, hasar, divar? Orada əsgərlər dayanacaq? Təhlükəsizliyimizi necə təmin edəcəyik?”.

Paşinyan cavabında deyib: “Yalnız bir şeyi deyə bilərəm ki, biz bu təhlükəsizliyi təmin edəcəyimizə dair ən azı müəyyən dərəcədə inamla qərarlar qəbul edə bilərik. Biz təmas xəttini sərhədlə əvəz etmək istəyirik. Sərhəd qanuni divar yaradan bir hadisədir. Sərhədin demarkasiyasının ən mühüm nəticəsi ola bilər ki, qoşunlar öz mövqelərini tərk etsinlər və onların yerini sərhədçilər tutsun. Sərhədçilərin yerləşdiyi yerdə bir-birinə atəş açmaq ümumiyyətlə adət deyil. Yəni bu sahədə heç bir mübahisə yoxdur. Mübahisə olduğu üçün çəkirlər, mübahisə yoxdursa, atəşin mənası yoxdur. Sərhədi çəksək, düzəltsək, kənd camaatı arasında toqquşma olmayacaq. Hər hansı insident aradan qalxacaq, ölkə ölkəyə müharibə elan etməyincə, atışma mənasız olacaq. Sərhədin varsa, qanuni hasarın var deməkdir və orada da fiziki hasarın olub-olmaması ölkənin öz ixtiyarındadır. Vəziyyət elə inkişaf edə bilər ki, nəyin lazım, nəyin lazım olmadığına biz qərar verə bilərik”.

Sakinlərdən biri qeyd edib ki, 2 ay əvvəl “Google” xəritəsinə görə sərhəd onun evindən keçib, indi isə evi sərhədin Azərbaycan tərəfində qalır: “Əgər qoşu gəlsə, istər erməni, istərsə də azərbaycanlı, mən bu evdə necə yaşaya bilərəm?”.

Paşinyan isə belə cavab verib: “Dedim ki, gəlib bu suala cavab verməliyik. İndi bu işin, danışıqların gedişində sizin sualınızı masaya qoymalıyıq. Deyin ki, bu adam öz evində necə yaşayacaq, hansı zəmanətləri veririk? Və bu suala təkcə Ermənistan deyil, Azərbaycan da cavab verməlidir. Mən indi sizin sualınıza cavab verməyə yox, sualınızı eşitməyə, özümlə aparıb bütün bu sərhəd demarkasiyası işlərinin gündəm masasına qoymağa və deməyə gəlmişəm:deyəcəm ki,  bu adamın sualına cavab verin... Biz gəlib sənin sualına səmimi cavab verəcəyik. Deyəcəyik: hörmətli cənab Simonyan, indiki vəziyyət elədir ki, siz öz evinizdə dinc yaşaya bilərsiniz. Və biz şərtləri bildirəcəyik. Bundan sonra izahatımız sizə inandırıcı gəlsə də, gəlməsə də, reaksiyanızı dinləyəcəyik”.

Müəllif: Turan Abdulla