“Azərbaycan tərəfi 7 rayonun “5+2” formulu üzrə deyil, dərhal qaytarılmasını tələb etdi”
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında Qarabağ müharibəsi zamanı baş verənlərin bəzi detallarını açıqlayıb. AYNA erməni mediasına istinadən bildirir ki, Paşinyan müharibə dövründə Təhlükəsizlik Şurasının iclasındakı müzakirələrə, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqlarına toxunub.
“Oktyabrın ikinci yarısından sonra situasiyanın analizini apardıq, Baş Qərargahla məsləhətləşdik və qərara gəldik ki, ağır güzəştələr bahasında olsa da danışıqlara getmək lazımdır. Bunun üçün mən Təhlükəsizlik Şurasının iclasını çağırdım. Burada parlament müxalifəti, Katolikos və Prezident də iştirak edirdi”, - deyə Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının iclasından sonra Putinə zəng vurub və bildirib ki, Ermənistan 7 rayonu “5+2” formulu çərçivəsində Azərbaycana qaytarmağa razıdır: “Biz Putinlə situasiyanı müzakirə etdik və tam anlaşma əldə olundu. Orada azərbaycanlı qaçqınlar məsələsi var idi. Mən dedim ki, əgər bu məsələ hansısa formada Dağlıq Qarabağın statusu ilə əlaqəli olarsa, bizim məsələ ilə bağlı prinsipial etirazımız yoxdur. Bundan sonra Putin Prezident İlham Əliyevlə danışıb və nəticədə məlum oldu ki, rəsmi Bakı erməni tərəfinin Hadrut rayonun geri qaytarılması təklifini qəti şəkildə rədd edir. Azərbaycan həmçinin bildirib ki, köçkünlərin qayıdışı, o cümlədən Şuşaya qayıdışı heç bir halda Qarabağın statusu ilə əlaqəli ola bilməz”.
“Bununla yanaşı, Bakı 7 rayonun “5+2” formulu üzrə deyil, dərhal qaytarılmasını tələb etdi. Onu da deyim ki, Azərbaycan gündəliyə Dağlıq Qarabağın statusunun salınmasını qəti şəkildə rədd etdi”, - Paşinyan bildirib.