Pandemiya ilə əlbəyaxa

İdman

16.04.2020 - 23:04

İdman zalları bağlansa da, idmançılar formadan düşməməyə çalışırlar

 

Ölkədə tətbiq olunan karantin rejiminin tələblərinə uyğun olaraq kütləvi toplaşma məkanları, o cümlədən idman zalları fəaliyyətini müvəqqəti dayandırıb. Bu, idmançıların rejiminə necə təsir edir? Onlar həyatlarındakı bu boşluğu necə doldururlar? AYNA əməkdaşı mövzu ətrafında bir neçə peşəkar idmançı ilə həmsöhbət olub.

 

Kung-fu üzrə qadınlardan ibarət milli yığmanın məşqçisi Anar Süleymanov: “Karantin rejimində formada qalmaq üçün başqa üsula əl atmışam. Belə ki, yetişdirdiyim idmançılar, həmçinin sosial şəbəkələrdə izləyicilər üçün lazımi idman hərəkətlərini videoya çəkərək paylaşıram. Döyüş hərəkətlərini paylaşmıram ki, bunu ev şəraitində və tək etmək mümkün deyil. Elə hərəkətlər paylaşıram ki, hər kəs, hətta idmançı olmayan insanlar da bu hərəkətləri edə bilsinlər. Karantin bitəndən sonra kung-fu millisi yenidən məşqlərinə başlayacaq”.

 

Taekvondo üzrə milli komandanın üzvü Fəridə Əzirova: “Məşqlərimi ev şəraitində davam etdirirəm. Evdən çölə çıxmıram. Evdə idman hərəkətləri, atlama ipi ilə məşq edirəm. Blokda pilləkənlərdə bəzi hərəkətlər edirəm ki, formada qala bilim”.

 

Karate üzrə milli komandanın üzvü Nuranə Əliyeva: “Evdən çölə çıxmıram. Bizim idman növü elədir ki, toplum halda məşq edəndə daha yaxşı nəticə əldə etmək olur. Amma çalışıram, həyətdə fiziki hərəkətləri hər gün təkrar edim ki, formadan düşməyim. Başqa variant yoxdur”.

 

Terminator ləqəbi ilə tanınan, qarışıq növlər üzrə döyüşçü Taleh Nəcəfzadə: “Evdə, əlimin altında nə varsa, onunla məşq edirəm. Ev şəraitində və ya bağda mümkün olan bütün fiziki və texniki hərəkətləri edirəm. Hər gün 1,5-2 saat məşqə vaxt ayırıram. Ev şəraitində məşq edə biləcəyim hərəkət sayı məhdud olduğundan, etdiyim hərəkətlərin sayını zal şəraitində etdiyimdən 50% artıq edirəm. Çalışıram ki, pozitiv olum”. 

 

Xaricdə yaşayan idmançı soydaşlarmız da həmin ölkələrin tətbiq etdiyi karantin rejiminə əməl edirlər.

 

Ukraynada yaşayan kempo idman növü üzrə məşqçi Rauf İbrahimov: “Ukraynada da idman zalları bağlıdır. Məcburuq, küçədə, parklarda məşq edək ki, formadan düşməyək. Tələbələrim ilə məşq edirəm. Bu, mümkün olmayanda evdə məşqləri davam etdiririk”.

 

ABŞ-da yaşayan MMA döyüşçüsü Elgün Xanoğlanlı: “ABŞ-da da zallar bağlı olduğundan məşq edə bilmirik. Amma idmançılarla yığışıb parklarda məşq edirik. Peşəkar döyüşçü məşqi dayandıra bilməz. Bu, onun idman karyerası üçün böyük zərbə olar. Amma etiraf edək ki, idman zalındakı effekti vermir, yenə də çalışırıq, formamızı saxlayaq”.

 

İndoneziyada voleybol üzrə məşqçi kimi çalışan Ziya Rəcəbov: “Burada karantin elan olunmasa da, məşqlər və yarışlar təşkil olunmur. Zallarda məşq etmirik. Yalnız fitnes məşqləri edirik. Amma evlərimizdə oturmuruq və açıq havada məşqlər edirik”.

Müəllif: Təranə Xudabaxşiyeva