Özləri çalıb özləri oynayırlar, biz bu toya niyə gəlmişik – <font color=red> Qara gün özəti</font>

Cəmiyyət

07.07.2020 - 10:20

“Fuad Əhmədov 1 milyon bağışladı”, “Röya 10 min bağışladı” xəbərlərinin manşet olmasının heç kəsə faydası yoxdur

 

Bağçaların, məktəblərin, universitetlərin, teatrların, kinoteatrların fəaliyyətini dayandırmaq, restoranların, kafelərin, əyləncə mərkəzlərinin fəaliyyət müddətlərini qısaltmaq, kütləvi tədbirlərin keçirilməsini qadağan etmək pandemiya ilə mübarizədə ən vacib addımdır. Ki, bu baxımdan, bütün addımlar təqdirəlayidir.

 

Lakin, bu, həm də ən asan addımdır. Bu qərarı verənlər sonrasını nəzərə alıblarmı? Bu qərarlara görə zərər çəkən, iflas edən sahibkarlar, ağır maddi sıxıntalara məruz qalan digər şəxslərin taleyi necə olacaq? Aylardır bütün maddi gəlirlərindən əli üzülən milyonlarla insanın aqibətini düşünən var?

 

Ölkə əhalisinin böyük qisminin əsas gəlir yeri - "elimin toy kimi bir adəti var" məsəli - şadlıq saraylarındakı (və ya çadırlardakı) ad günü, yubiley, nişan, xınayaxdı, toy məclislərindəndir. Bunun sahibkarı, administratoru, musiqiçisi, müğənnisi, aparıcısı, şomeni, rəqqası, aşbazı, şirniyyatçısı, dekorçusu, qarsonu, xadiməsi və digər yüz minlərlə vətəndaş el şənliklərindən dolanır. Eyni peşə sahiblərinin digər əsas gəlir yeri də kafelər, restoranlar, əyləncə mərkəzləridir. Hələ bunun barmeni, kassiri, kuryeri və başqaları var.

 

Bağça, tədris mərkəzi, kurs və uşaq əyləncə mərkəzlərinin sahibləri, burada çalışan müəllimlər, tərbiyəçilər, xadimələr var. Alıcı kütləsi şagirdlər, abituriyentlər, tələbələr olan dəftərxanalar, məktəb ləvazimatları və uşaq geyimləri mağazalarının sahibkarları və işçiləri var.

 

Dövlət müəssisələrinin əməkdaşları dövlət hesabına evdə qalırlar, amma onların da gəlir yeri dövlətin verdiyi 5-10 manatlıq simvolik maaşlar deyil. Mədəniyət evlərində, teatrlarda çalışanların da əsas gəlir yeri kütləvi tədbirlərdir.

 

Ölkə əhalisinin böyük qismini təşkil edən bu təbəqənin maddi sıxıntıda qalması digər sahələrə də təsir edir. Təmir-tikinti, məişət texnikası, geyim satış sahələri də ciddi təsir altında qalır. Yəni milyonlarla insan kredit və ipoteka borcları, ev kirayələri, kommunal xərclər, müalicə, qida, geyim və digər məsrəflərin caynağında çarəsiz qalıb.

 

Belə bir zamanda yalnız apteklər, özəl klinikalar, tabut və baş daşı sexləri, həkimlər və mollalar nisbətən maddi qazanc əldə edə bilirlər. Onların da bizim bilmədiyimiz hansı çətinlikləri var, kim bilir!?

evdəqal — Data nə deyir? – Yeni Jurnalist

“Azercell”in, “Bakcel”lin, televiziya, radio və sosial medianın, sosial şəbəkə aktivistlərinin bar(-)bar bağırdığı "evdə qal" şüarı virusla mübarizədə təhlükəsizliyin təmin olunması üçün yaxşıdır, vacibdir, amma evdə qalıb daş-divar yemək olmur. Əhalinin virusdan ölməsi ilə, aclıqdan, soyuqdan ölməsi, borc-xərc psixoloji gərginliyinin yaratdığı fiziki əzablardan ölməsi arasında elə də böyük fərq yoxdur. Nəticədə, ikisinin də sonu ölümdür.

 

Koronovirusla mübarizə üçün fond yaradıldı. Dövlət tərəfindən pul ayrıldı. Müxtəlif dövlət qurumları, özəl şirkətlər, milyonçular, hətta sənət adamları belə bu fonda pul ayırdı. Hara getdi bu pullar? Kimə nə xeyri dəyib toplanılan pulların? Ümumiyyətlə, bu toplanılan pulların hesabatını kim verəcək?

 

Banklardan götürülmüş nağd pul kreditlərinin, ipoteka və avtomobil kreditlərinin karantin müddətində olan ödənişləri bu Fondda toplanılan məbləğlə ödənilməli idi. Kirayədə qalan ailələrin kirayə pulları bu məbləğlə ödənilməli idi. Ya bu Fondun, ya da dövlətin hesabına bütün vətəndaşlar karantin müddətində kommunal xərclərdən azad edilməli idi. Bunlar indiyədək edilmədi, amma bundan sonra edilə bilər, edilməlidir.

 

Əhalinin daimi informasiya ilə təmin olunması və evdə qaldığı müddətdən səmərəli istifadə üçün internet və mobil rabitənin keyfiyyəti yaxşılaşdırılmalı, bu xidmətlərin haqqı minimal həddə (simvolik məbləğə) endirilməlidir.

 

Un, çörək, qənd, çay, şəkər tozu, kartof kimi daimi və vacib qida ləvazimatlarının qiyməti endirilməli, maddi vəziyyəti çətin olan təbəqəyə tamamilə pulsuz paylanılmalıdır.

 

Məhz yaradılmış Fondun hesabına spirt, yod, periks, kamfra, parasetamol, aspirin, çobanyastığı, vitaminlər və ağrıkəsicilər apteklər tərəfindən pulsuz verilməlidir. Bu tibbi ləvazimatların maddi dəyərləri Fond tərəfindən karantin müddəti boyunca mütəmadi qarşılanmalıdır.

 

Bunların həqiqətən baş verdiyini görən, Fondun və toplanılan məbləğin işə yaradığına şahid olan, maddi sıxıntı çəkməyən, qida və tibbi ləvazimat ehtiyacını zamanında və yetəri qədər qarşılaya bilən vətəndaş evdə də qalar, narahatlıq da çəkməz, narazı da olmaz. Üstəlik, imkanı olan hər kəs Fondun işə yaradığını görsə, gücü çatdığı qədər dəstək olacaq.

 

Yoxsa ki, “Fuad Əhmədov 1 milyon bağışladı”, “Röya 10 min bağışladı” xəbərlərinin manşet olmasının heç kəsə faydası yoxdur. Fuad Əhmədov həmin məbləğlə pulsuz ərzaq, yaxud tibbi ləvazimatlar verən obyektlər yarada bilərdi. Röya həmin məbləğlə 20-30 ailənin 1 aylıq kirayə xərcini, yaxud bank borcunu qarşılaya bilərdi. Əvəzində isə indiyə qədər əhalinin - sadə vətəndaşın heç bir müsbət gümanını doğrultmayan qurumlara bu məbləğləri bağışlamaq reklamdan başqa heç bir nəticə vermədi. Yəni ki, özləri çalıb özləri oynadılar, biz bu toya niyə gəlmişik?

Müəllif: Orxan Bahadırsoy

Ramanada faciə

Dünən, 17:26 Hadisə