Nöqtə və nidasız Qarabağ

Arif Əliyev

27.11.2019 - 16:10

Xalqları qarşılıqlı etimada və anlaşmaya dəvət etməzdən əvvəl, liderlərin özləri bu keyfiyyətləri nümayiş etdirməlidirlər

 

Son zaman aparılan tədqiqatlar təsdiq edirdi ki, “Qarabağ kartı” daxili siyasi mübarizədə ermənilərə nisbətən azərbaycanlılar tərəfindən daha tez-tez istifadə olunur - Ermənistan siyasətçiləri onunla hakimiyyət məsələlərində daha az manipulyasiya edirlər. Amma qısa müddət ərzində vəziyyət tam əksinə dəyişdi. Demokratiyaya doğru addım atan Ermənistan, dərhal Azərbaycanla olan etno-ərazi münaqişəsini ölkədə siyasi mübarizənin əsas amilinə çevirdi.

 

Rolların bu cür dəyişməsi Bakını sevindirirmiş kimi görünə bilər. Ancaq Paşinyanın Ermənistanda hakimiyyətə gəlişi ilə Azərbaycan paytaxtında başqa ümidlər var idi. Burada güman edilirdi ki, 20 il fasiləsiz idarəçilikdən sonra "Qarabağ klanı"nın arxa plana keçməsi İrəvanın "əyalət düşüncəsindən" azad olmasına imkan verə bilər. Ermənistanın yeni səlahiyyət sahiblərinin, əlbəttə ki, daxili problemlərlə əlaqəli olan, lakin xeyli mürəkkəb quruluşa malik regional problemlərə daha geniş nəzər yetirəcəyi gözlənilirdi. Axı, bu dövlətin rəhbərləri özlərinin "milli maraqlarını" başqalarının mənafeləri hesabına, regional təhlükəsizliyə zərər vurmaqla təmin etməyin mümkünsüzlüyünü nəhayət, başa düşsələr, ya da, heç olmasa "xalq" və "əhali" anlayışlarını dəyişik salmağa son qoysalar, Qarabağ məsələsinin həlli də sürətlənə bilərdi.

Arif Əliyev