İnterpol prezidenti işgəncələrdə iştirakda şübhəli bilinir

Dünya

11.05.2022 - 15:23

Fransa Milli Antiterror Prokurorluğu əl-Raisiyə qarşı tədqiqat başladılmasını tələb edib

Fransa Milli Antiterror Prokurorluğu İnterpolun prezidenti, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan general-mayor Əhməd Nasser əl-Raisini işgəncələrdə iştirakda şübhəli bilir. Prokurorluq ona qarşı təhqiqat başlanılmasını tələb edib. AYNA xəbər verir ki, bu barədə Fransanın "BFM" telekanalı məlumat yayıb.

Martın sonunda prokurorluğun tələbi ilə Parisdə müstəntiq əl-Raisiyə qarşı istintaq başladıb. Bildirilir ki, ona qarşı iki şikayət daxil olub: birinciyə görə, əl-Raisi 2018-ci ildə işgəncələrdə iştirak edib. İkinci şikayətdə isə, onun 2019-cu ildə əsassız həbsə göstəriş verib.

"BFM" TV-nin mənbələrinə görə, iki britaniyalı işgəncə ilə bağlı sübut təqdim edəcəyini deyərək, Raisidən şikayət edib. Onlardan birincisi Metyu Hedcz 2018-ci ildə BƏƏ-də casusluqda şübhəli bilinərək saxlanıldığını və işgəncələrə məruz qaldığını bildirib. İkincisi, 2019-cu ildə BƏƏ-də işgəncələrə məruz qaldığını deyən Böyük Britaniyanın təhlükəsizlik zabiti Əli İsa Əhməddir.

Yanvarın 19-da "ABC News" xəbər vermişdi ki, QHT olan Körfəz İnsan Haqları Mərkəzi əl-Raisiyə qarşı şikayət verib.

Müəllif: Turan Abdulla