"Instagram”, "Facebook” və "WhatsApp”da nə baş verir?

Xəbərlər

03.07.2019 - 23:33

“Facebook”  sosial şəbəkələrin “çökməsi" ilə bağlı açıqlama verdi

 

"Instagram”, "Facebook” və "WhatsApp” sosial platformalarında problem yaranıb. Dünyanın əksər ölkələrində sosial şəbəkə istifadəçiləri bununla bağlı çətinliklə üzləşiblər. Texniki problemlər əsasən, Böyük Britaniya, Fransa, ABŞ, Rusiya, Almaniya və bir sıra digər ölkələrdə, eyni zamanda Azərbaycanda müşahidə olunur. 

 

AYNA xəbər verir ki, "Downdetector” saytına fikirlərini yazan milyonlarla istifadəçi əsasən foto, video və GİF formatlı faylların yüklənməməsi, saytlara giriş, şəbəkənin itməsi və s. ilə bağlı şikayətlərini qeyd ediblər.


Problemin Bakı vaxtı ilə saat 17:50-dən başladığı və hazıradək davam etdiyi bildirilir.

 

Məsələ ilə bağlı "Facebook” rəsmi açıqlama yayıb. "Twitter” sosial şəbəkəsindən #facebookdown haştaqı ilə paylaşım edən şirkət rəhbərliyi məsələnin tezliklə həll olunacağını qeyd edib: "Bəzi insanların foto, video və digər faylları yükləyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa zamanda hər şeyi normal halına qaytarmaq üçün çalışırıq”.


Qeyd edək ki, "WhatsApp” istifadəçilərinin təxminən 91% -i serverə qoşulma, 6% -i saytla bağlı problemlər, 1% -i avtorizasiya haqqında şikayət edib. "İnstagram” istifadəçilərinin 83%-i "download” problemlərindən şikayətlənirsə, girişlə bağlı 9%, veb saytına girişlə əlaqədar isə 7% əziyyət çəkib. "Facebook” istifadəçilərinin də 82%-i veb saytına daxil olmaqda çətinlik çəkir, sosial şəbəkəyə çıxışda problem yaşayanlar isə 17%-dir.

Müəllif: Ayna.az