İlham Əliyevdən məmurlara sərt ismarıc: “Hər kəs bilsin ki...”

Xəbərlər

31.10.2019 - 16:45

Dövlət başçısı: “Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə çıxış edən Prezident deyib:

 

“Mən sizi icra başçısı vəzifəsinə təyin edirəm. Siz bu günə qədər icra başçısının müavini vəzifəsində işləmisiniz, müəyyən təcrübə toplamısınız. İndi isə sizə böyük etimad göstərərək Xaçmaz və Yevlax rayonlarına icra başçısı vəzifəsinə təyin edirəm. Bu, böyük etimaddır və siz bu etimadı doğrultmalısınız.

 

Xaçmaz rayonunda uzun illərdir ki, Şəmsəddin Xanbabayev işləyir. Şəmsəddin Xanbabayev Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Baş Nazir vəzifəsində işləmişdir. Ondan sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləmişdir. Əvvəlki nazir onu işdən çıxarmaq istəmişdi, mən qoymadım. Çünki Şəmsəddin Xanbabayev həm təcrübəli insandır, eyni zamanda, ən ağır dövrdə Heydər Əliyevə öz dəstəyini göstərmişdi və Heydər Əliyev onu Naxçıvanın Baş Naziri vəzifəsinə təyin etmişdi.

 

Son illər ərzində Xaçmaz rayonunda abadlıq işləri aparılıbdır, böyük infrastruktur layihələri icra edilibdir. Mənim təşəbbüsümlə modul tipli elektrik stansiyası tikilib, aqroparklar işə başlayıb, həm Bakıdan Xaçmaza qədər, eyni zamanda, kənd yolları çəkilib. Xaçmaz rayonunun çox böyük turizm potensialı var və hesab edirəm ki, gələcəkdə biz bu imkanlardan daha geniş şəkildə istifadə etməliyik. Şimal zonasının turizm imkanları doğrudan da çox genişdir. Bildiyiniz kimi, Qusar rayonunda, MDB məkanında ən yüksək səviyyəli dağ-xizək mərkəzlərindən biri fəaliyyət göstərir – Şahdağ kurortu. O da mənim təşəbbüsümlə yaradılmışdır. İlk dəfə mən o dağlara gələndə orada heç bir yaşayış, heç bir infrastruktur yox idi. Biz yollar çəkdik. Quba və Qusar rayonlarının sərhədində müasir elektrik stansiyası yaradıldı, qazlaşdırma aparıldı, elektrik enerjisi, su təchizatı təmin edildi. Yəni, bir sözlə Qusar rayonunun çox böyük inkişaf layihəsi icra edilmişdir. Bir daha demək istəyirəm ki, Şahdağ kurortu bu gün nəinki MDB-də, dünya miqyasında ən gözəl dağ-xizək kurortlarından biridir.

Ayna.az