Hikmət Hacıyev: “Bu, Ermənistan üçün yaxşı fürsətdir”

Siyasət

13.05.2020 - 19:42

“COVID-19 işğallara, təcavüzlərə son qoymaq üçün münbit bir zəmin və şərait yaradır”

 

BMT-nin qlobal pandemiya şəraitində qlobal sülhə olan çağırışları Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən tədbirlər çərçivəsində qəbul olunmuş yekun bəyanatlarda da öz əksini tapıb. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

“Təbii ki, Ermənistanla Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsi kontekstində baxanda, Ermənistan tərəfinin münaqişənin həlli prosesini təhrif etməyə çalışdığını görürük. Həmçinin, COVID-19 mövzusundan da siyasi məsələlər üçün istifadə etməyə çalışırlar. Amma beynəlxalq ictimaiyyətin də müraciəti ondan ibarətdir ki, COVID-19 işğallara, təcavüzlərə son qoymaq üçün münbit bir zəmin və şərait yaradır”, - Hacıyev bildirib.

 

Administrasiya rəsmisinin sözlərinə görə, Ermənistan Respublikası öz beynəlxalq öhdəliklərinə sadiq olduğunu və qonşu dövlətlərlə mehriban qonşuluq şəraitində yaşamaq istədiyini nümayiş etdirmək istəyirsə, koronavirus bunun üçün yaxşı fürsətdir: “Ermənistan özünün işğalçılıq siyasətinə son qoysun, Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarsın və nəticə etibarı ilə də azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququ təmin edilsin”.

Müəllif: Ayna.az