Ermənistan hakimiyyəti daxilində savaş: Baş nazirlik uğrunda pərdəarxası mübarizə başlayıb

Dünya

12.02.2024 - 21:49

Erməni politoloq: “Xalq Paşinyanı yaxşı və ya pis olduğuna görə yox, hələ ondan üstün alternativ olmadığına görə dəstəkləyir”

Son günlər Ermənistan cəmiyyətində və mediasında ölkənin Baş naziri Nikol Paşinyanın devriləcəyi, onun yerinə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın gələcəyi iddiaları səsləndirilir. Ermənistanın “Joxovurd” qəzeti yazır ki, Paşinyanla komandasında və yaxın çevrəsində olan Qriqoryan arasında pərdəarxası mübarizə başlayıb. Bununla yanaşı, iddia edilir ki, Ermənistan Parlamentinin sədri Alen Simonyan da Baş nazir olmaq üçün hərəkətə keçən siyasilər arasındadır. O da bildirilir ki, Qriqoryanın arxasında Paşinyanın Rusiyadan ölkəni tamamilə ayırmaqda qətiyyətsizlik göstərdiyinə görə narazı qalan Qərb dövlətləri, Simonyanın arxasında isə müvafiq olaraq Moskva dayanır.

Erməni analitik Tevos Arşakyan “Armenianreport”a məsələ ilə bağlı yazdığı məqaləsində qeyd edir ki, əgər bu iddialar qismən də olsa doğrudursa, o zaman niyə məhz indi Qriqoryanın nəzarətində olan Ermənistanın hüquq-mühafizə sisteminin Simonyana güclü zərbə vurduğu aydınlaşır: “Xatırlatmaq istərdim ki, özünü korrupsiya qalmaqalının mərkəzində tapan Simonyanın qardaşı arvadı Ani Gevorkyan bir neçə gün əvvəl həbs edilib. Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Amma maraqlı olan budur ki, hüquq-mühafizə orqanları hətta Qriqoryanın icazəsi olsa belə, təkbaşına belə bir addım ata bilməzdi. Çünki Simonyan hakimiyyət iyerarxiyasında həddən artıq güclü fiqurdur və onun qohumunun həbsinə razılıq şəxsən Paşinyandan alına bilər. Bu, əlbəttə, müəyyən versiyalar söyləməyə əsas verir – Simonyana Paşinyan zərbə vurdu? Görünür, Baş nazir yorğanı üstünə çəkməyə başlayan Simonyanın oyununu görüb və onu özünə gətirmək üçün, belə demək mümkünsə, qabaqlayıcı tədbir görüb”.

“Digər tərəfdən, spiker o qədər axmaqdır ki, Moskvanın dəstəyi ilə özünü Baş nazir kreslosunda sınamaq qərarına gəldi? Nəzərə almaq lazımdır ki, Simonyanın cəmiyyətdəki reytinqi cüzi səviyyədədir. Onun Paşinyan qədər elektoratı yoxdur. Heç spikerin hakim partiya daxilində də güclü dəstəyi yoxdur. Üstəlik, məlumatlara görə, bəzi yüksək vəzifəli partiya səlahiyyətliləri Paşinyan qarşısında Simonyanın Milli Assambleyanın spikeri vəzifəsindən istefası məsələsini qaldırıblar. Xüsusilə, ailə üzvü korrupsiya qalmaqalına görə həbs olunubsa, Simonyan cəmiyyətdən dəstək alacağına necə arxalanır?!”, - deyə analitik sual edib.

Qriqoryana gəlincə, Arşakyan bildirib ki, bir müddətdir ki, mediada, əsasən, müxalif mediada Qriqoryanın Qərbin dəstəyinə arxalanaraq, özünü qabağa çəkməsi, təkəbbür göstərməsi barədə xəbərlər yayılır: “Paşinyan isə buna hələlik diqqət çəkmir. Amma görünür, Nikol komandasında baş qaldıranlara qarşı aktiv və sərt tədbirlər görməyə başlamayıb. Paşinyanı tanıyırıq, ona qarşı gələn komanda yoldaşlarına belə repressiyaları olub. Ümumiyyətlə, Qriqoryan və Simonyan nəyə ümid edirlər? Paşinyansız onlar heç kimdirlər. Onlar hər hansı qabiliyyətinə görə yox, Paşinyana yaxınlıqlarına görə yüksək vəzifədədirlər. Əgər sabah onları Baş nazir komandadan qovsa, o zaman dibə düşəcəklər. Artur Vanetsyana baxın, bir vaxtlar Qriqoryan və Simonyan kimi Paşinyan tərəfindən yüksəldilmişdi. Hakim komandadan qovulandan sonra cəmiyyətdə dəstəyi varmı, qətiyyən yox. 2021-ci il seçkilərində hətta Sarkisyanla birləşsə də, liderlərindən biri Vanetsyan olan “Mənim şərəfim var” bloku 5 faizdən bir qədər çox səs topladı. Simonyan və Qriqoryan heç bu qədər də səs ala bilməzlər”.

“Təbii ki, son zamanlar Paşinyanın reytinqi o qədər də yaxşı deyil. Belə ki, yanvarda “GALLUP”un keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 66,4 faizi Paşinyana etibar etmir. Amma bu, heç də o demək deyil ki, cəmiyyət kənar qüvvələrə arxalanaraq hakimiyyətə gəlmək istəyən Qriqoryan və ya Simonyanın arxasınca gələcək. Xalq Paşinyanı yaxşı və ya pis olduğuna görə yox, hələ ondan üstün alternativ olmadığına görə dəstəkləyir. Alternativ olan zaman xalq Paşinyanı göndərmək barədə düşünəcək. Həmin alternativ isə nə Simonyandır, nə də ki, Qriqoyan”, - deyə siyasi şərhçi fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla