Əhalinin qar sevinci ürəyində qaldı, rəsmilər isə “qış nağılı” danışır

Aktual

24.02.2021 - 16:07

Havanın kəskin dəyişəcəyi barədə günlər öncədən xəbərdarlıq edilsə də, müvafiq qurumlar “qış yuxusundan” ayılmadı

 

Dünən gecədən etibarən hava şəraitinin kəskin dəyişməsi, çovğun başlaması, qar yağması Bakı və Abşeron yarımadasında bir sıra fəsadlara səbəb olub. Belə ki, şəhərin bir çox yerlərində nəqliyyatın hərəkəti iflic olub. Eyni zamanda, yollarda, enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağladığı üçün nəqliyyat vasitələrinin, o cümlədən ictimai nəqliyyatın hərəkəti iflic olub ki, nəticədə sərnişinlər uzun müddət dayanacaqlarda, küçələrdə qalıblar.

 

Bununla yanaşı, hava şəraitinin kəskin dəyişməsi nəticəsində, hər kəsi narahat edən digər problemlər də özünü göstərməyə başlayıb: bir sıra ərazilərdə su, işıq və qaz xətlərində problemlər yaranıb. Su xətləri donub, elektrik enerjisi və qazın verilişi dayandırılıb.

 

Həmçinin, yaranan problemlərə görə, dünən gecədən indiyədək küçə və prospektlərdə onlarla yol nəqliyyat hadisəsi baş verib - sürüşmə nəticəsində nəqliyyat vasitələri toqquşub, ağır qəzalar meydana çıxıb.

 

Havanın kəskin dəyişəcəyi əvvəlcədən gözlənilən idi - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu barədə günlər öncə xəbərdarlıq etmişdi. Amma göründüyü kimi, müvafiq qurumlar yenə “qış yuxusundan” ayılmadı və nəticədə bütün sahələrdə acınacaqlı mənzərə ortaya çıxdı.

 

AYNA vətəndaşların sual və şikayətlərini aidiyyəti qurumlara ünvanlayıb.

Anar Necefli yeniden efire qayitdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, hava şəraiti ilə əlaqədar qurum gücləndirilmiş iş rejiminə (?) keçib: “Gecədən başlayaraq Bakıda Agentliyin xidmət etdiyi əsas küçə, prospekt və yollara, həmçinin Respublikanın avtomobil yollarına qarın təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edilib. Agentliyə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu əraziləri, problemli yolları nəzarətdə saxlayıb, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə tədbirlər görüb”.

 

“Həmçinin, Agentliyin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində, problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir”, - deyə AAYDA sözcüsü bildirib.

Bakı Nəqliyyat Agentliyi könüllü AXTARIR - Modern.Az Azərbaycan və dünya  xəbərləri

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinin çətinləşməsinə səbəb: “Bir sıra istiqamətlərdə, xüsusən də enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb. Bu səbəbdən də hazırda, əsasən Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb. Təhülkəsizlik məqsədilə və meteoroloji amilləri nəzərə alaraq sərnişin avtobusları minimal sürətlə hərəkət edir”.

 

“Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin və avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülür. Səhər saatlarından etibarən mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənir. Bir daha hərəkət iştirakçılarından ehtiyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, - deyə BND-dan qeyd edilib.

Azəriqaz”: “Payız-qış mövsümündə təbii qaza olan gündəlik tələbat 35-38  milyon kubmetrdir” - MÜSAHİBƏ - Finans.az

“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat katibi Ceyhun Səfərov suallarımıza cavab olaraq deyib ki, daxil olan zənglərin operativ cavablandırılması, növbə rəisinə, daha sonra istismar sahəsinin əməkdaşlarına ötürülməsi prosesi tam tənzimlənib və nəzarətdədir: “Həmçinin, sosial şəbəkələr üzərindən gələn müraciətlərə də çox diqqətlə yanaşırıq. Məsələn, dünən saat 23:00-da “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev abonentlərin şikayətlərini qəbul etmək üçün canlı yayıma çıxdı və yayıma 700-dən çox şərh yazıldı. Biz də müvafiq olaraq şərhləri analiz elədik və dərhal problemlərin hər birini müvafiq olaraq daxil olan bölgələrin, ərazilərin şöbələrinə ötürdük”.

 

“Hazırda böyük həcmli qaz təchizatında dayandırma prosesi yoxdur. Bizə yalnız qazın təzyiqi ilə bağlı daxil olan problemlər var ki, operativ olaraq nəzarətə götürür və aradan qaldırılmasına çalışırıq. Həmçinin, avtomobillərin sürüşərək yoldan çıxdıqda qaz xətlərinə və şkaf tipli tənizmləyicilərə toxunduğu hallar qeydə alınıb ki, bunların da aradan qaldırılması üçün təcili tədbirlər görülüb”, - deyə İB sözçüsü vurğulayıb.

 

O, 104-185 saylı çağrı mərkəzi və 077 310 41 04 nömrəli “WhatsApp” nömrəsinin müraciətlər üçün daim açıq olduğunu əlavə edib: “Bütün əməkdaşlarımız iş başındadır, növbəlilik təmin olunub və qazın normal rejimlərdə verilməsi həyata keçirilib. Həmçinin, qazın qəbuluna tələbat da çoxalıb ki. Belə ki, ötən ilin fevral ayının 23-ü ilə müqayisədə əhali xətlərinə 6 milyon kub qaz artaraq, 32 milyon kub qaz qəbul edilib. Tələbat artıdqca da qazın qəbulunu tənzimləyirik. Hesab edirik ki, ümumi şəbəkəyə qəbul olunan qaz bu gün də artımla qeydə alınacaq. Bir sözlə, hər bir prosesə operativ reaksiya verilir. Canlı yayımlarımıza daxil olan müraciətləri də analiz etmişik və görürük ki, qazın təzyiqi ilə bağlı müraciətlərin sayında getdikcə azalmalar var”.

Anar Cəbrayıllı: Bakıda 560 km kanalizasiya kollektorları təmizlənib

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllının dediyinə görə, dünən axşam saatlarından etibarən quruma kifayət qədər müraciətlər ünvanlanıb: “Artq su xətləri və sayğacların donması ilə bağlı bizə müraciətlər edilir və bu müraciətlər, əsasən fərdi həyət evlərində yaşayan sakinlər tərəfindən edilir. Çünki bu ərazilərin böyük əksəriyyətində su xətləri sakinlərin özləri tərəfindən çəkilib və tikinti normlarına uyğun çəkilmədiyi, yəni torpağa basdırılmadığı, üstü izolyasiya olunmadığı üçün bu cür qarlı-şaxtalı havalarda belə problemlər baş verir. Amma, ümumlikdə bizim mənbələrimizdə suyun emalı, nəqli, anbarlaşması və paylanması ilə bağlı heç bir problem yoxdur”.

 

“Bu gün səhər saatlarında Yasamal rayonunda nasosxanada elektrik enerjisinin verilməsində problem var idi ki, artıq o problem də bərpa olunub. Biz həmin əraziyə suyun verilməsini bərpa elədik. Bununla yanaşı, Binəqədi rayonunda da belə bir problem var idi və həmin problemi də bərpa elədik. Qeyd edim ki, 955 saylı çağrı mərkəzimiz, operativ şöbəmiz, istismar departamentimiz və rayon su kanal idarələrimiz tam güclənmiş iş rejimində işləyir. Həmçinin, bu gecə də bizim hər bir rayonda qəza biriqadalarmız olacaq. Belə ki, bir neçə ərazidə bizim lokal su qəzalarımız baş vermişdi və qəza biriqadalarımız bu qəzaların bir qismini aradan qaldırıb, digərlərində isə işlər davam edir”, - deyə ASC sözçüsü söyləyib.

 

O, insanları mütəmadi olaraq dayanıqlı içməli su ilə təmin etməyə çalışdıqlarını bildirib: “Havaların qarlı-şaxtalı keçməsi ilə bağlı da əvvəlcədən hazırlaşmışdıq. Xüsusən də, texniki qurğularımızın, mənbələrimizdə, emal müəssisələrimizdə, anbarlarımızda suyun həcminin kifayət qədər toplanmasına çalışımışdıq. Ümumiyyətlə, bizə fərdi problemlər tez-tez daxil olur və biz də çalışırıq ki, bu müraciətlərə uyğun operativ qaydada tədbirlər həyata keçirək. Buna görə 955 saylı zəng mərkəzimiz də gücləndirilmiş iş rejimində işləyir və şikayətlərin ən çox hansı ərazilərdə olduğu barədə hesabat təqdim edir”.

 

P.S. “Azərişıq” ASC-dən isə sorğumuza hələ də cavab gözləyirik.

Müəllif: Mərahim Nəsib