Leyen Qrenlandiya üçün 200 milyon avro maliyyələşdirmə ayıracağını açıqlayacaq
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə səfəri zamanı 2026 və 2027-ci illərdə Qrenlandiya üçün 200 milyon avro maliyyələşdirmə ayıracağını açıqlayacaq. AYNA.AZ xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Mənbələrdən biri bildirib ki, vəsait əsas xammal sənayesinə, bərpa olunan enerjiyə, sualtı kabellərə, peyk rabitəsinə və məlumat mərkəzlərinə yatırılacaq, digər hissəsi isə idarəetməni təkmilləşdirmək üçün Qrenlandiya hökumətinə gedəcək.
Bundan əlavə, Avropa Komissiyasının rəhbəri Avropa İttifaqı (Aİ) ilə Qrenlandiya arasında iqtisadi əlaqələri gücləndirməyə yönəlmiş bəyannamə imzalayacaq.
Nəşr yazıb ki, ABŞ Prezidenti Donald Trampın dəfələrlə ilhaq təhdidlərindən sonra Brüssel Qrenlandiyaya siyasi dəstəyini gücləndirməyə çalışır.