AZAL-ın belə bir qərar verməsinə səbəb isə koronovirus təhlükəsi deyil
Çinin Vuhan şəhərində meydana çıxan və dünyanın bir çox ölkəsinə yayılan təhlükəli koronavirusla bağlı tədbirlər davam edir. Çinin daxilində və bir çox ölkədə virus əleyhinə əsas tədbirlərdən biri həmin bölgəyə gediş-gəlişi dayandırmaqdır.
Lakin “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) onlayn xidmətlərində hələ də Çinə səfərlə bağlı təyyarə biletləri təklif olunur. Bununla bağlı AZAL-ın İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-nın sorğusuna cavab olaraq isə bildirilib ki, Bakı-Pekin və Pekin-Bakı birbaşa və keçidli təyyarə reysləri dayandırılıb.
Səbəb isə maraq maraqlıdır, yəni koronovirusla bağlı deyil. Belə ki: “Hər il fevral ayında AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırırıq. Bu, Çindəki bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə əlaqəlidir”.
AZAL-dan bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu ilin fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq: “Bu müddət ərzində uçuş bileti alan sərnişinlər biletlərini şirkətin həm kassalarına, həm də onlayn şəkildə qaytara və ya uçuş tarixini dəyişə bilərlər”.