Azərbaycanda İLK DƏFƏ: Konstitusiya Məhkəməsi tarixi qərarı qəbul etməlidir - TƏLƏB

Cəmiyyət

25.09.2023 - 14:37

Bu, artıq həm dövlətin, həm də vətəndaşların tələbidir: “Bu gün həll edilməli olan bundan vacib iş yoxdur!”

12.09.2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə 1483 N-li qeydiyyatla məktub daxil olub. 18.09.2023-cü il tarixində isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin adından Konstitusiya Məhkəməsinə 1518 N-li qeydiyyatla və eyni məzmunlu məktub daxil olub.

Bu barədə AYNA-nın redaksiyasına özəlləşdirmə payları sahibləri olan, çeklərin tədavüldən qaldırılması nəticəsində yüzminlərlə insan kimi hüquqları pozulan və bununla bağlı həm Prezident Administrasiyasına, həm Nazirlər Kabinetinə, həm Milli Məclisə, həm də Konstitusiya Məhkəməsinə müraciətlər ünvanlayan Qarabağ müharibəsi veteranlarını, əmək veteranlarını və təqaüdçüləri birləşdirən qrup adından məlumat verilib. Veteranlara Prezidentin və Administrasiyanın rəhbərinin adından məktublar daxil olmasını Konstitusiya Məhkəməsinin qəbul şöbəsindən təsdiq ediblər.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin və ümumilikdə müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, həm Prezident Administrasiyası, həm də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.

Özəlləşdirmə paylarının sahibi olan və konstitusion hüquqları pozulmuş vətəndaşlar adından Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə və Konstitusiya Məhkəməsinin hakimlərinə ünvanlanmış müraciətə gəlincə, burada insanlar öz konstitusion haqlarını tələb edirlər.

“Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Hüquqşünas alimlərin araşdırmalarından məlum olur ki, Prezident Administrasiyasındakı bəzi məmur və hüquqşünaslar Ulu Öndər Heydər Əliyevin onları ən yaxın və sədaqətli adamları hesab etməsindən sui-istifadə edərək, uzaq hədəf tutan xain və məkrli əməllərini hələ 2000-ci ildə, “Özəlləşdirmə haqda” Qanunun qəbulu zamanı həyata keçiriblər – onlar deputatların hüquqi savadsızlığından istifadə edərək, “Özəlləşdirmə haqda Dövlət Proqramı”nın qanunla deyil, fərmanla qəbul etdirilməsinə nail olublar. Prezident Administrasiyasının ovaxtkı rəhbərliyi bu fərmanda həmin Dövlət Proqramına Konstitusiyaya tam zidd olan maddələr yazaraq və fərmanın preambulasında heç konstitusion əsaslandırma olmadan, Ümummilli Liderin etibarından istifadə edərək imzalatdırmağı bacarıb”, - deyə müraciətdə bildirilir.

Vurğulanır ki, əgər vətəndaşların onların çoxsalı hüquqlarını pozan normativ hüquqi aktların araşdırılması üçün Konstutusiya Məhkəməsinə müraciətinə 4 aydır heç bir rəsmi cavab verilmirsə, hətta, normativ hüquqi aktların təcili araşdırılması üçün Baş nazirin və ədliyyə nazirinin sizə olan müraciətini, deputatların, Cənab Prezidentin və Prezident Administrasiyası rəhbərinin Konstitusiya Məhkəməsinə olan müraciətlərini nəzərə almayaraq, Konstitusiya Məhkəməsi işi gecikdirirsə, bu davranış birinci növbədə Cənab Prezidentə qarşıdır: “Hörmətli Fərhad müəllim, qanunla Siz bizə 10 iş günü ərzində rəsmi cavab verməli idiniz”.

Müraciət müəllifləri diqqətə çatdırırlar ki, artıq hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvləri, YAP-çı deputatlar, YAP-çı hüquqşünas və iqtisadçı alimlər bu hüquqi səhvlərin tezliklə aradan qaldırılacağını əminliklə söyləyirlər: “Həmin ziyalılar xalqı əmin etməyə çalışırlar ki, bu problem “Heydər Əlyev İli”ndə öz həllini tapacaq və haqqı tapdanmış yüzminlərlə ailə sevinəcək. Konstutusiyanın ədalət və bərabərlik prinsipinin kobud şəkildə pozulması, düzgün aparılmayan əmlak bölgüsü gələcəkdə yüzminlərlə vətəndaşın məmurlara və sahibkarlara qarşı arzuolunmaz hərəkətlərinin təməli deməkdir. Nəzərə alsaq ki, özəlləşdirmə çekləri əlində qalmış 1 milyon vətəndaş var, deməli, onların içində hər ağılın sahibi də var. Sosial şəbəkələrdə buna bais olan məmurlara qarşı sərgilənən münasibət bunun sübutudur”.

“Hörmətli Fərhad müəllim! Sizcə, Konstitusiya Məhkəməsində çalışan hakimlərin 4 aydıır bu məsələni uzatmalarında məqsəd nədir? Gözləyirsiniz ki, Cənab Prezident xaricdəki çıxışları zamanı investisiyalar və insan hüquqlarından danışanda kimlərsə “Cənab Prezident, hansı səbəbdən Siz öz vətəndaşlarınızın mülkiyyətlə əlaqəli konstitusion hüquqlarını pozursunuz və bizləri, ölkənizdə hər şeyin yaxşı olduğunu deyərək ölkənizə dəvət edirsiniz, investisiya qoymağa çağırırsınız?” tipli problemli və siyasiləşdirilmiş suallar ünvanlasınlar? Ancaq Siz də, Azərbaycan xalqı da gözəl bilir ki, hansısa əmlakı özəlləşdirmək üçün Cənab Prezidentin bir sözü bəs edir və bunun üçün dövlət başçısının Konstitusiyanı pozan hansısa fərmana imza atmasına ehtiyac yoxdur”, - deyə haqqı pozulmuş vətəndaşlar vurğulayırlar.

Əlavə edirlər ki, dövlət özəlləşdirmə paylarını 25 ildir satmayan 1 milyon vətəndaşdan hər gün 30 nəfəri öz haqqına çatmadan dünyadan köçür: “Rəhmətlik Ulu Öndərin ən çox sevdiyi mahnılardan birində deyilir: “Sağlığında qiymət verin insanlara”. Bu fikri Özü də şüar kimi dəfələrlə səsləndirib... Deyin, bu gün Konstitusiya Məhkəməsində baxılması üçün bundan vacib nə iş ola bilər?!”.

“İndi dövlət öhdəliyi kimi, Ümummilli Liderin imzaladığı qanunla, inflyasiyadan qorunan hər özəlləşdirmə payının 20 000 ABŞ dolları miras əmlak ekvivalenti olması barədə çoxsaylı hüquqşünas alimlərin, YAP-çı hüquqşünas və iqtisadçı ekspertlərin elmi-praktik araşdırmalarından, bu faktların bir ildir çoxsaylı media orqanlarında və “Youtube” kanallarında işıqlandırılmasından sizin hakimlərinizin heçmi xəbəri yoxdur?! Bəs, şəxsən Sizin, cənab Sədr?”, - deyə pay sahibləri sual edirlər.

(Aşağıdakı videoya diqqət)

***

(Haşiyə:

İlk müraciət 22 may 2023-cü ildə edilib.

Konstitusiya Məhkəməsinə şikayət (tam versiya və əsaslandırma):

https://www.facebook.com/groups/668471343515846/permalink/1587723841590587/

“Özəlləşdirmə çekləri” qrupuna üzv olun:

https://www.facebook.com/groups/668471343515846

Cənab Prezidentə yüzminlərlə vətəndaşın müraciəti:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133/)

***

Göründüyü kimi, artıq təkcə sıravi vətəndaşlar deyil, dövlət rəhbərliyi də Konstitusiya Məhkəməsinin özəlləşdirmə çekləri ilə bağlı yaşanan hüquqi problemlərin həllinə dair qərar qəbul etməsini istəyir və gözləyir. Bu istəyi haqqı tapdanmış yüzminlərlə vətəndaşdan əlavə, deputatlar, ziyalılar, ekspertlər, cəmiyyətin tanınmış simaları illərdir dilə gətirirlər. Bu gün isə artıq əminlik və tələb var. Çünki artıq tarixi zərurət və geridönüşü olmayan məqam yetişib.

Belə məqamda, vətəndaşların konstitusion haqlarını müdafiə edən, pay sahiblərinin haqlarının təmin olunmasının vacibliyini dilə gətirən və problemin mütləq şəkildə həllini tapacağına əminliyini ifadə edən tanınmış şəxslərin fikirlərinə baş vurmaq, onların aidiyyəti instansiyalara çağırışlarından sitatlar gətirmək yerinə düşər.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc:

“Özəlləşdirmə çeklərinin yenidən tədavülü sahibkarlıq mühitinə müsbət təsir edə bilər. Eyni zamanda vətəndaşların hüquqlarının qorunması baxımından da uğurlu addım olar. Çünki ölkə rəhbəri hər zaman bu məsələyə xüsusi həssaslıqla yanaşır. Sosial Tədqiqatlar Mərkəzinin təmsilçisi kimi deyə bilərəm ki, bu istiqamətdə çağırışlar və tələblər var. Ona görə də özəlləşdirmə çekləri ilə bağlı məsələyə laqeyd yanaşmaq doğru deyil”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, YAP yetkilisi Aydın Mirzəzadə:

“Əhaliyə əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması, onların özəlləşdirməyə çıxarılacaq dövlət müəssisələrinin əsas payçılardan biri olması çox mühüm qərar idi. Ümummilli liderimiz Heydər Əliyevin digər fərmanları kimi, bu fərmanı da vətəndaşların mənafeyinin qorunmasına xidmət edirdi. Bu gün də çekləri əllərində qalan vətəndaşlar var. Ümid edirəm ki, onların da problemi öz müsbət həllini tapacaq”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, YAP-çı deputat Məlahət İbrahimqızı:

“Vauçerlər dövlət qiymətli kağızıdır. Hər bir vətəndaşın problemi qanunvericilik və ölkə qanunları çərçivəsində həll olunmalıdır. Bir deputat kimi bu problemin tezliklə həll olunmasının, təhlil edilməsinin, araşdırılmasının və ardınca konkret addımlar atılmasının tərəfdarıyam. İnanıram ki, bu istiqamətdə də müsbət yeniliklərin şahidi olacağıq”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa:

“Yüzminlərlə vətəndaş özəlləşdirmə çekləri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Bununla bağlı Milli Məclisin deputatlarına, habelə mənə müracitə ünvanlanıb. Biz bu müraciəti Konstitusiya Məhkəməsinə yönəltmişik. Qərarı Konstitusiya Məhkəməsi verəcək. İnanıram ki, ədalətli qərar olacaq. Vətəndaşların tələbləri yerinə yetirilməlidir. Bu, mülkiyyət hüququdur və Konstitusiyada öz əksini tapıb”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov:

“Yüzminlərlə insanın hüquqları bərpa edilməlidir. Ya onların özəlləşdirmə prosesində iştirakına şərait yaradılmalı, ya da müvafiq kompensasiyalar ödənilməlidir. Qanunverici orqanda təmsil olunan deputat kimi biz də bu məsələdə vətəndaşlardan yanayıq və onların probleminin tezliklə həll olunacağına ümid edirik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı:

“Çekləri əllərində qalan vətəndaşların  fayda götürəcəyi bir mexanizm işlənib hazırlanmalıdır. Kimlərin ki çekləri əllərində qalıb, şərait yaradılmalıdır ki, onlar dövlət qayğısının təzahürü olan paylarından istifadə edə bilsinlər”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas:

“Vətəndaşların pozulmuş hüquqları bərpa edilməlidir. Tədavül müddətinin yenidən artırılması müsbət addım olardı. Bu, imkan verər ki, nəhayət, vauçerləri əllərində payçılar dövlət dəstəyindən yararlana bilsinlər”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli:

“Bu gün ölkədə kompleks islahatlar aparılır, dövlət-vətəndaş münasibətləri keyfiyyətcə yeni mərhələyə adlayır. Belə bir şəraitdə özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların da taleyinə aydınlıq gətirilməlidir. Qanunvericilik də buna imkan verir, hökumətin də imkanı var ki, bu problemi həll etsin. Bu mənada dəymiş zərərin kompensasiya olunması və ya tədavül müddətinin artırılması ilə bağlı təşəbbüsləri dəstəkləyirəm”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, YAP İdarə Heyətinin üzvü, professor Anar İsgəndərov:

“Özəlləşdirmə çekləri ilə bağlı qərar uzaq tarixdə verilməyib. Xatirimdədir, o zaman bununla bağlı Ulu Öndər Heydər Əliyevin fərmanı ictimaiyyət arasında coşqu ilə qarşılandı. Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Sovetdən qalma dövlət əmlakının əsas payçılarının vətəndaşlar olması Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına və dövlətinə olan bağlılığının daha bir göstəricisi idi... Özəlləşdirmə çekləri əllərində qalan xeyli sayda vətəndaş var və bu məsələyə məntiqi yekun vurulmalıdır”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev:

“Çekləri əlində qalan vətəndaşların hüquqları bərpa olunmalıdır. Bununla bağlı müvafiq qurumların hərəkətə keçməsinə və qərar qəbul etməsinə ciddi ehtiyac var. Artıq üzərindən 11 il zaman ötüb və bu çeklər hələ də əllərdədir”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev:

“Mənim kimi yüzminlərlə vətəndaş vauçeri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Bu çeklər istifadə üçün nəzərdə tutulmayıbmı? Elə isə o zaman niyə əllərdə qalmalıdır? Müvafiq qurumlar bu problemi həll etməli və prosesə məntiqi yekun vurmalıdır”.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, YAP təmsilçisi Müşfiq Cəfərov:

“Bu gün yüzminlərlə vətəndaşının özəlləşdirmə payları əlində qalıb. Həmin vətəndaşlarla bağlı qərarın qəbul edilməsinə ciddi ehtiyac var və inanıram ki, bu, baş verəcək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev:

“Son illər Azərbaycanda kompleks islahatlar həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu islahatların mahiyyətində idarəçiliyə yeni nəfəs gətirmək, dövlət qurumlarında optimal idarəetməyə keçidi təmin etmək, dövlət-vətəndaş münasibətlərini yüksəltmək dayanır. Bu məqsədlə müxtəlif fərman və sərəncamlar imzalanır, qərarlar verilir. İllərdir həllini gözləyən problemlər tədricən öz həllini tapmağa başlayıb. Heç şübhəsiz, burada özəlləşdirmə çekləri ilə bağlı məsələ də diqqətdən kənarda qala bilməz. Xeyli sayda Azərbaycan vətəndaşı bu gün də öz çeklərini qoruyur və tədavül müddətinin yenidən artırılmasını gözləyirlər. Hesab edirəm ki, bu məsələyə də aydınlıq gələcək”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə:

“Müharibə veteranları və təqaüdçülərin Konstitusiya Məhkəməsinə müraciət etmələrindən xəbərdaram. Vətəndaşlardan mənə də müraciət daxil olub və onu Konstitusiya Məhkəməsinə ünvanlamışam. Tamamilə haqlı vurğulanır ki, fərdi şəkildə bu problemin həlli mümkün deyil. Bu səbəbdən Konstitusiya Məhkəməsi bununla bağlı qərar verməlidir. Milli Məclisin deputatı, partiya rəhbəri olaraq Konstitusiya Məhkəməsindən xahiş edirəm ki, pay sahiblərinin haqlarını təmin etsinlər. İnanıram ki, belə də olacaq. Aidiyyəti qurumlar da problemin müsbət mənada həllinə öz töhfəsini verməli, bu istiqamətdə aktiv fəaliyyətə keçməlidir”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, YAP-çı deputat Azər Badamov:

“Konstitusiya Məhkəməsi tərəfindən müsbət qərar veriləcəyinə inanıram. Həm özəlləşdirmə çekləri əlində qalan vətəndaşların, həm də ölkə ziyalılarının və deputatların adından rəsmi qurumlara müraciət və çağırışlar edilib. Ümidvaram ki, Konstitusiya Məhkəməsi bu faktları nəzərə alacaq və vətəndaşların maraqlarına və mənafeyinə uyğun qərar verəcək”.

Milli Məclisin üzvü Vahid Əhmədov:

“2011-ci ildə tədavül müddəti başa çatandan sonra çekləri əllərində qalan vətəndaşlarımız var. İlkin ehtimallara görə, onların sayı yüz minlərlədir. Hesab edirəm ki, onlarla bağlı məsələyə də aydınlıq gətirilməlidir. Və ümid edirəm gətiriləcək də. Belə bir addımın atılması çox yaxşı olardı”.

Milli Məclisin keçmiş üzvü, iqtisadçı alim, professor Əli Əlirzayev:

“Özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən artırılması vacibdir. Bu, həm vətəndaşların sosial rifah halını yüksəldəcək, həm mikro sahibkarlıqla məşğul olanların sayını çoxaldacaq, həm də ölkəmizə yerli və xarici sərmayədarların marağını artıracaq. Özəlləşdirmə çekləri əlində qalan vətəndaşların, müharibə veteranlarının Konstitusiya Məhkəməsinə müraciətini təqdir edirəm. İnanıram ki, Konstitusiya Məhkəməsi bu müraciətə müsbət cavab verəcək və tarixi ədalət bərpa olunacaq”.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

“Özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılacağına ümid edirəm. Müşahidələrimə rəğmən deyə bilərəm ki, bu gün sosial mediada bununla bağlı səhifələr mövcuddur. Mətbuatda və internet xəbər resurslarında çoxsaylı məqalələr dərc olunur. Arzu edərdim ki, tədavül müddəti yenidən artırılsın. Bu, baş verərsə, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilmiş olar”.

“Pressklub TV”-nin rəhbəri, tanınmış teleaparıcı, professor Qulu Məhərrəmli:

“2011-ci ildə isə tədavül müddətinin başa çatdığını bəyan etdilər. Yüzminlərlə ölkə vətəndaşı hüquqsuz duruma düşdü. Belə olmaz axı! Özəlləşdirmə çeklərini payladıq, sizi aldatdıq və proses başa çatdı... Məsul qurumlar özəlləşdirmə çekləri əlində qalan vətəndaşların statistikasını aparmalı və əhaliyə dəymiş zərərin ödənilməsinə qərar verməlidir”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla:

“Bu, kifayət qədər həssas mövzudur və həllini gözləyən sosial problemlərdən biridir. Qeyri-rəsmi məlumatlara görə, yüzminlərlə vətəndaş çeki əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Bu qədər adamı Allahın ümidinə də buraxmaq olmaz. Ölkə ziyalılarının çağırışlarına və vauçerləri əlində qalan vətəndaşların çoxsaylı müraciətlərinə reaksiya verilməlidir”.

Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi, “Şöhrət” ordenli Səadət Bənənyarlı:

“Çekləri əllərində qalan vətəndaşlar üçün “qapıları bağlamaq” doğru yanaşma deyil. Çünki bu, vətəndaşların konstitusion hüququdur. Onlara təqdim olunan çeklərin ya tədavül müddətini artırmaqla bazara çıxarılmasına şərait yaradılmalı, ya da müvafiq kompensasiya ödənilməlidir”.

1995-ci ildə özəlləşdirmə proqramını parlamentə təqdim edən Milli Məclisin sabiq üzvü, professor Cümşüd Nuriyev:

“Özəlləşdirmə çekləri ilə bağlı yaşanan prosesdən daha çox oliqarxlar faydalanıblar. Bu, bəlli həqiqətdir və onlar daha çox əmlak ələ keçirməklə, çoxmilyonluq pay sahiblərinin haqqını mənimsəyiblər. Problem ədalətli həllini tapmalıdır”.

Milli Məclisin sabiq üzvü, YAP-ın tanınmış simalarından, professor Şahlar Əsgərov:

 da vətəndaşların probleminin həll edilməli olduğu qənaətindədir: “Bu gün Azərbaycanda kompleks islahatlar həyata keçirilir ki, bu islahatların yeganə məqsədi əhalinin rifah halını yüksəltməkdir. Təbii ki, qanunun imkan verdiyi formada özəlləşdirmə çekləri ilə bağlı məsələ də öz həllini tapmalıdır. İnanıram ki, tapacaq da”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc:

“Özəlləşdirmə çekləri əllərində qalan insanların probleminə aydınlıq gətirilməlidir. Bu məsələyə məntiqli yekun vurulmalıdır. Hesab edirəm ki, vətəndaşların bununla bağlı hökumət başçısına və aidiyyəti qurumlara ünvanladıqları müraciətə müsbət cavab veriləcək”.

Azərbaycan Respublikasının Xalq artisti Flora Kərimova:

“Bu gün Azərbaycan qalib ölkədir. İllərin tarixi həsrətinə son qoymuşuq. Artıq hər yerdə fəxrlə söyləyə bilərik ki, biz qalib xalqın nümayəndələriyik. Bu qələbə bizi birləşdirdi, daha da yaxınlaşdırdı. Son dövrlər Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bu islahatlar bütün ziyalılar və xalqımız tərəfindən təqdir olunur. İnanıram ki, nəhayət, özəlləşdirmə çekləri ilə bağlı məsələyə də aydınlıq gətiriləcək. Yüzminlərlə soydaşımız çekləri əllərində gözləyirsə, onların çağırışına reaksiya verilməlidir. Bu təşəbbüsü irəli sürənləri tam mənada dəstəkləyirəm. Onlarla birlikdə olduğumu bəyan edirəm”.

Diqqət

Özəlləşdirmə çekləri ilə bağlı xalqın hüquqlarının qorunması yönündə çağırış edən tanınmış şəxslərdən çox az bir hissəsinin fikirlərini xatırlatdıq. İndiyədək yüzlərlə mütəxəssis, ziyalı, deputat, elm xadimi, mədəniyyət nümayəndəsi, ictimaiyyət təmsilçisi, hüquqşünas, iqtisadçı, alim, sahibkar bu problemlə bağlı mətbuatda danışıb, müvafiq qurumlara çağırışlar edib və tarixi sosial ədalətin təmin olunmasının vacibliyini vurğulayıb.

Qeyd

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Əlavə qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray