“Ayaqlarınız çox güclü olmalıdır, qumu hiss etməlisiniz” - FOTOLAR

İdman

05.02.2022 - 22:18

Baş məşqçi: “Hələlik qadın güləşçimiz yoxdur, amma olacaq”

Azərbaycanda çimərlik güləşi yeni idman növü olsa da, bir neçə il ərzində ölkəmizə gətirilən medal sayına görə heç də digər idman növlərindən geridə qalmır. AYNA-nın müsahibi çimərlik güləşi цякэ Azərbaycan yığmasının baş məşqçisi Oyan Nəzərianidir:

- 2019-cu ildə  çimərlik güləşi üzrə dünya çempionu olmuşam. Həmin il Qətərdə “Dünya çimərlik oyunları” keçirildi. Orada da bürünc medal qazandım. Daha sonra pandemiya ilə əlaqədar olaraq yarışlar keçirilmədi. 2021-ci ildə isə Dünya empionatı seriyalarının yekununda ikinci oldum və gümüş medal qazandım. 2022-ci ildə dünya çempionu  olmağı hədəfləmişəm. Hədəfimə çatmaq üçün var gücümlə məşq edib yarışlara hazırlaşıram.

- Həm güləşirsiniz, həm də baş məşqçilik edirsiniz. İkisi bir arada çətin deyil?

- Vətənini və millətini sevən hər kəs üçün hər bir iş məsuliyyətli və çətindir. Çalışmalısan ki, vicdanla və dürüst işləyib maksimum səviyyədə yaxşı nəticə göstərəsən. Mənim də işim çətindir. Əzmkarlıqla çalışıb, daha yaxşı nəticələr əldə edəcəyəm. Hədəfimiz dünyada ən yaxşılardan olmaqdır. Ötən il yaxşı nəticələr əldə etmişik. İnanıram ki, məşqlərimiz nəticəsində daha yaxşı uğurlar əldə edəcəyik. İdmançı sayımızda da artım olacaq. Bir sözlə, çalışacağıq ki, daha çox medallar qazanaraq bayrağımızı ucaldaq. Qeyd edim ki, hava şəraitinin yaxşı olmaması səbəbindən biz məşqlərimizi dəniz kənarında, qum üzərində apara bilmirik. Amma fəxrlə deməliyəm ki, ötən il federasiyamızın rəhbərliyi bizim daha yaxşı məşq etməyimiz üçün qapalı çimərlik güləşi zalı hazırladı. Biz məşqlərimizi orada davam etdiririk. Belə zal dünyada demək olar, az sayda ölkədə var.

- Çimərlik güləşində bu gün vəziyyət necədir?

- Çimərlik güləşində məşqlərimiz tam sürəti ilə davam edir. Ötən il yeniyetmə, gənclər və böyüklər arasında bir sıra yarışlarda iştirak etdik. Ölkəmizə rəngli medallar, yəni bürünc, gümüş və qızıl medallar qazandırdıq. Yeniyetmələr arasında keçirilən Avropa çempionatında 2 idmançı ilə təmsil olunduq. Onlar da Avropa çempionatında bir qızıl, bir gümüş qazandılar. Gənclərin Avropa çempionatında da iki idmançı ilə təmsil olunduq. Bu yarışda da hər iki idmançımız medal ilə vətənə geri döndü. Onlar isə yarışda bir qızıl, bir bürünc medal qazandılar. Yeniyetmələrin Dünya çempionatında bir qızıl, bir gümüş, həmçinin gənclərin Dünya çempionatında bir qızıl, bir gümüş əldə etdik. Komanda olaraq həm dünyada, həm dəAvropada komandalar arasında üçüncü yer tutmağı bacardıq. Böyüklərin Dünya çempionatında isə idmançılar üçün bir yarış yox, seriyalar şəklində 4 yarış təyin olunur. 2021-ci ildə 4 çəki dərəcəsində iki gümüş medal əldə etdik. 2022-ci ildə isə bu seriya 5-ə qaldırılacaq. Belə ki, il ərzində 5 ölkədə 5 yarış keçirilir, sonda reytinq sıralamasında kim  birinci yerə yüksələcəksə, dünya çempionu o olacaq.

- Çimərlik güləşi yunan-Roma və sərbəst güləşdən necə fərqlənir? Məşqlərinizdə nə kimi fərqlər var?

- Bəli, sərbəst və yunan-Roma güləşi ilə aramızda fərqlər çoxdur. Həm məşqlərdə, həm yarış qaydalarında ciddi fərqlər var. İdmançıların fiziki hazırlıqları da fərqli olur. Belə ki, çimərlik güləşinin idmançılarının ayaqları daha güclü olmalıdır. İdmançılar qumu hiss etməlidirlər. Çimərlik güləşində ayaqyalın güləşirlər. Ona görə qum üzərində çox məşq etmək lazımdır ki, yarışa çıxanda çətin olmasın.

- Çimərlik güləşində xanımlar da olurmu?

- Bəli. Həm yeniyetmə, həm də gənc xanımlar arasında çimərlik güləşi keçirilir. Bizdə hələlik qadın çimərlik güləşçisi yoxdur. Amma inanıram ki, yaxın zamanlarda qadın çimərlik güləşçilərimiz də olacaq.

- Çimərlik güləşinə gələn idmançı mütləq sərbəst və yunan-Roma güləşçisi olmalıdır, yoxsa istənilən şəxs sıfırdan çimərlik güləşinə başlaya bilər?

- Təbii ki, sıfırdan da başlamaq mümkündür. Sadəcə olaraq güləş növü ölkəmizdə yeni inkişaf etdiyi üçün hələlik yunan-Roma və sərbəst güləşdən çimərlik güləşinə yönəlir idmançılarımız.

- Yunan-Roma, yoxsa sərbəst güləşdən çimərlik güləşinə keçən idmançılar daha rahat güləşə bilir?

- Ayaq fəndlərində özünü müdafiə edə bilirsə, ayaqlarını rahat hiss edirsə, istənilən idmançı gələ bilər. Yunan-Roma güləşində idmançılar fiziki cəhətdən daha hazırlıqlı olduqları üçün müxtəlif fəndlər etməklə, yarış meydançasından rəqibi çıxarmaqla qalib gələ bilərlər. Lakin ayaq fəndləri sərbəst güləşdə çox olduğundan onlar daha rahat çimərlik güləşində döyüşə bilirlər.

Müəllif: Təranə Xudabaxşiyeva

Ramanada faciə

Dünən, 17:26 Hadisə