"Mən həmişə bilirdim ki, məşhur olmaq üçün lazım olan hər şeyə sahibəm”
96 yaşlı ABŞ vətəndaşı Lillian Dronyak 15 milyon izləyici toplayaraq “TikTok” ulduzuna çevrilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, təqaüdçü videolarında gündəlik həyatı, görüşləri və dostları ilə əyləncələri haqqında hekayələr paylaşır və münasibətlər barədə məsləhətlər verir.
“Bild.de” saytının məlumatına görə, populyarlığı ona Konnektikutdakı qocalar evində qalması üçün kifayət qədər pul qazandırır ki, bu da ayda 10 min dollardan çoxdur.
Dronyak bu yaxınlarda dostları ilə təşkil etdiyi səs-küylü əyləncələrə görə evdən çıxarılmaqla hədələnib. O, cavab olaraq "heç kim mənim əylənməyimə mane ola bilməz" deyib. Nəticədə rəhbərliklə razılığa gəlinib: əyləncələrə icazə verilib, lakin otaqda spirtli içki qadağan edilib.
BBC-nin məlumatına görə, təqaüdçü qadın kosmetika istehsalçıları da daxil olmaqla, böyük şirkətlərlə reklam müqavilələri bağlamaqla pul qazanır. O, həmçinin gəlirinin bir hissəsini nəvəsinin təhsili üçün ayırır. Nəvəsi bəzən ona videolarının çəkilişində və montajında kömək edir, amma o, ideyaları özü ortaya qoyur.
"Mən həmişə bilirdim ki, məşhur olmaq üçün lazım olan hər şeyə sahibəm. Sadəcə 90 yaşımdan sonra bunun baş verəcəyini düşünmürdüm", - Dronyak dedi.