“Ağıllarını itiriblər, başa düşmürlər ki, heç kim bunu etməyəcək”

Siyasət

20.10.2020 - 16:03

Prezident: “Başa düşmürlər ki, bunu edən hər bir ölkə artıq Azərbaycan üçün dost ölkə sayıla bilməz”

 

“İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar. Laçın şəhərində, Kəlbəcərdə minlərlə insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda - Füzuli, Cəbrayıl və digər rayonlarımızdakı kəndlərimizdə də yaşayıblar”. AYNA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev xalqa növbəti müraciətində deyib.

 

Prezident qeyd edib ki, azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, bizim vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq və ondan sonra “referendum” keçirmək tamamilə insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir: “Heç kim qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb. İndi onlar əlləşirlər, vurnuxurlar ki, dünya ölkələri qondarma kriminal qurumu tanısınlar. Ağıllarını itiriblər, başa düşmürlər ki, heç kim bunu etməyəcək, başa düşmürlər ki, bunu edən hər bir ölkə artıq Azərbaycan üçün dost ölkə sayıla bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün əlaqələri kəsəcəyik”.

 

“Onlar bu gün status-kvonu bərpa etməyə çalışırlar. Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən sadəcə olaraq bizi və beynəlxalq aləmi aldadırdı. Bu beynəlxalq vasitəçilərə hörmətsizlikdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Müəllif: Ayna.az