Absurd ideyalar generatoru və xəyali əjdahalar

Mədəniyyət

26.06.2024 - 10:17

Həkimlər Klinikalar SEO Xidməti

Onu ciddiyə almaq lazım deyil, heç almırıq da

Amerikanın “System of a Down” qrupunun erməni əsilli solisti Serj Tankyan “Imagine Dragons” musiqi qrupunun onun çağırışına məhəl qoymamasından danışıb. Tankyanın tədbiri ləğv etmək çağırışına baxmayaraq, bu musiqi qrupu ötən il Bakıda konsert verib.

Qəzəblənmiş Tankyan hətta keçən ildən bu yana cəmi 19 mindən çox imza toplayan bu məsələ ilə bağlı “Change.org” saytında petisiya da yerləşdirib. O, “Metal Hammer” musiqi nəşrinə verdiyi müsahibədə “Imagine Dragons”u qərarlarına görə kəskin şəkildə qınayıb.

“Qulaq as, mən hakim deyiləm ki, qruplara harada çıxış edib, harda çıxış etməməsi barədə göstəriş verim... Mən başa düşürəm ki, onlar bunu pul üçün edirlər, artistdirlər, əyləndirirlər - bütün bunlar aydındır. Amma etnik təmizləməyə hazırlaşan hakimiyyət olanda - Azərbaycan Dağlıq Qarabağda 120 min ermənini ac qoyanda, nə yemək, nə də dərman buraxanda vəziyyət dəyişir. Bir sənətçi kimi bu haqda bilsəydim, heç vaxt gedib orada çıxış etməzdim. Ancaq bəzi sənətkarlar bunu edirlər. Və belə sənətkarlar haqqında nə deyəcəyimi bilmirəm. Mən onlara insan kimi hörmət etmirəm. Sənətlərinə lənət olsun, məncə, yaxşı insanlar deyillər. Əgər siz hələ də belə bir ölkədə gedib çıxış edirsinizsə, lənətə gəlmiş insanlar kimi sizin haqqınızda nə deyəcəyimi bilmirəm. Mən sizin musiqinizlə maraqlanmıram. Əgər pis adamsınızsa, mənim üçün sizin sənətinizin əhəmiyyəti yoxdur. Bu, mənim fikrimdir. Mənim bu uşaqlara hörmətim yoxdur”, - deyə Tankyan söyləyib.

Bu şəxs uzun illərdir ki, oxşar davranış tərzi nümayiş etdirir. Hələ 2013-cü ildə o, Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyana məktub göndərərək, sonuncunu seçkilərdə səsləri saxtalaşdırmaqda günahlandırıb və mövcud hakimiyyəti tənqid edib.

2022-ci ildə isə Tankyan Rusiyaya Ermənistana hücum etməyi təklif edib. Onun fikrincə, Qərb dövlətləri Rusiyanın təcavüzünə cavab olaraq Ermənistana Azərbaycan və Türkiyəyə qarşı müharibədə istifadə edə biləcəyi silahları verəcəkdi. 2023-cü ildə o, artıq Azərbaycana qarşı sanksiyaların tətbiqinə və BMT-nin sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsinə çağırıb.

Sanki, musiqiçi deyil, heç kimin vecinə almadığı absurd ideyaların generatorudur. “Imagine Dragons” musiqiçiləri də belə etdilər – bu adamın cəfəng fikirlərini veclərinə almadılar. İndi də ürəkdən inciyən Tankyan “Imagine Dragons” qrupuna hörmətsiz ifadələr işlədir. İnanıram ki, qrupun özünə Tankyanın belə münasibətindən heç bir təhlükə yoxdur. Tankyanın özünün də ciddi qəbul olunmaması heç də qəribə deyil.

Yadımdadır, vaxtilə Tankyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Qarabağın tarixi erməni ərazisi olduğunu” öyrənmək üçün tarixi oxumağı tövsiyə etmişdi. “Bir gün Şərqi Türkiyə öz həqiqi sahiblərinə qayıdacaq” deyə musiqiçi istehza etmişdi.

Tankyan başqalarına mühazirə oxumasaydı, özü də tarixi oxusaydı, əslində təkcə Qarabağın deyil, həm də müasir Ermənistan ərazisinim kimə aid olduğunu anlayardı. Tankyan İosif Stalinin Azərbaycana “Qarabağ”ın muxtariyyəti şəklində hədiyyəsindən danışmağı xoşlayır ki, bu da tarixi reallığa uyğun gəlmir. Amma eyni zamanda o, Ermənistanın 1921-ci ildə tarixi Azərbaycan ərazisi olan Zəngəzuru alması barədə susur.

Müasir dünyada musiqiçilərin uğurlu siyasətçiyə çevrilməsinə dair çoxlu nümunələr var, lakin Tankyan məsələsində əvvəlcədən deyə bilərik ki, onun sərsəm fikirləri yalnız müvafiq kateqoriyadan olan həkimlərin diqqətini cəlb edə bilər. Əks halda o, xəyali əjdahalardan əl çəkə bilməyəcək...

Müəllif: Asif Aydınlı