Yarımçıq avireys

Cəmiyyət

02.08.2021 - 20:00

Aviareyslərlə bağlı qaydalara edilən dəyişikliyin məqsədi nədir?

 

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edib. Dəyişiklik Azərbaycan Respublikasına uçuşlar icra edən aviadaşıyıcıların sərnişinləri reysə qəbul etməsi şərtləri ilə bağlıdır.

 

Belə ki, sərhəd nəzarətindən keçərkən tələblərə cavab verməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə aviadaşıyıcının hesabına karantinə alınacaq və zəruri hallarda müalicə olunacaq.

 

Bundan əvvəl qüvvədə olan qaydalara əsasən, indiyə qədər sərhəd nəzarətindən keçərkən tələblərə cavab verməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə karantinə götürülürdü. Bu halda vətəndaşların məhz aviadaşıyıcının hesabına karantinə alınması və zəruri hallarda müalicə olunması tələbi yox idi.

 

Digər bir dəyişiklik isə karantin tələblərinin pozulması ilə bağlıdır. Belə ki, müəyyən olunmuş tələbləri pozaraq həyata keçirdiyi hər bir reyysdə nəzərdə tutulmuş sərnişinlərin sayı üç və daha çox olan və ya ardıcıl olaraq həyata keçirdiyi üç reysin hər birində bu cür sərnişinlər olan aviadaşıyıcılar tərəfindən uçuşların müvəqqəti dayandırılmasını Dövlət Mülki Aviasiya Agentliyi təmin edəcək.

 

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi AYNA-ya şərhində deyib ki, edilən dəyişikliklər aviadaşıyıcıların üzərinə böyük məsuliyyətin qoyur: “Bu məsuliyyət onlar üzərinə ona görə qoyulur ki, onlar xidmətlərini satarkən bu məsələyə ciddi yanaşsınlar. Yəni, yalnız qoyulan tələblərə cavab verən sərnişinləri borta götürə bilsinlər. Bu məsuliyyət daha da artırılır”.

 

“Əgər xəstəliyə yoluxan insanın müalicəyə ehtiyacı varsa, müalicə xərclərini də öz üzərinə götürür. Amma qaydalara necə nəzarət olunacağı bəlli deyil. Ona görə də bunun effekti, nəzarəti, idarə olunması barədə fikir bildirə bilmərəm. Hələlik bunu təhlil etmək tezdir. Yalnız baş verəcəklərdən sonra hansısa fikirlər söyləmək olar”, - deyə o bildirib.

 

Ekspert qərarın məqsədini də açıqlayıb: “Məncə, qərarın məqsədi xəstəliyə yoluxmuş insanların ölkəyə gəlib-getməməsinin qarşsını almaqdır. Bunun effektini də gözləmək olar. Yenə də deyirəm ki, praktiki olaraq effekti gördükdən sonra hansısa təhlilləri aparmaq olar”.

 

Ülviyyə Şahin

Müəllif: Ülviyyə Şahin