Ölkədə bir ilk yaşanır: bütün diqqətlər Konstitusiya Məhkəməsinə yönəlib
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün 11.09.2023 tarixdə PA-nın Vətəndaşların qəbulu şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən Konstitusiyaya Məhkəməsinə göndərilmiş 1-1-23/2-KOL-1362/2-019/2-t/1/2023 n-li məktub 12.09.2023-cü il tarixində Konstitusiya Məhkəməsində 1483 N-li qeydiyyata alınıb. Eyni zamanda PA rəhbərinin tapşırığı ilə Administrasiyanın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdir müavini Gülnar Rəsulova tərəfindən eyni məzmunlu, 1-1-10/2-KOL-1362/3-019/3/2023 N-li məktub Konstitusiya Məhkəməsinə göndərilib və orada 1518 N-li qeydiyyata alınıb.
Bu barədə AYNA-ya özəlləşdirmə çekləri ilə bağlı haqları tapdanmış vətəndaşların hüquqi nümayəndəsi, vəkil Mübariz Yolçuyev məlumat verib. O, Konstitusiya Məhkəməsi Aparatının vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərovla görüşdüyünü deyib. Görüş çərçivəsində vətəndaşların narazılıqlarını və tələblərini şöbə müdirinin diqqətinə çatdıran vəkilin sözlərinə görə, Anar Cəfərov prosedur qaydaları barədə məlumat verdikdən sonra bu prosesin diqqətlə və ən yüksək səviyyədə araşdırıldığını, müzakirələrin davam etdiyini bildirib. Əlavə edib ki, oktyabr ayının sonuna kimi bu məsələ ilə bağlı qərarın qəbul olunacağı gözlənilir.
Nəzərə alaq ki, Konstitusiya Məhkəməsinin və ümumilikdə müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, həm Prezident Administrasiyası, həm də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 12 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Mərhum Prezident Heydər Əliyev 1996-cı ilin martında özəlləşdirmənin həyata keçirilməsini və bu prosesdə özəlləşdiriləcək dövlət mülkiyyətinin bir hissəsinin əhaliyə əvəzsiz verilməsini təmin etmək məqsədi ilə fərman imzalamışdı. Həmin fərmana əsasən, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilmişdi. Hələ 1997-ci ildə Əmlak Komitəsi hər özəlləşdirmə payına (4 çek) düşən dövlət əmlak ekvalentinin ən azı 2000$ olduğunu öz 222 N-li əmri ilə təsdiqlədi.
Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi.
Ulu öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir. Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq 35%-nin pulla satışını həyata keçirə bilər.
Bütün bunlarla bağlı son dövrlər ölkənin tanınmış ziyalıları, Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri ölkə rəhbərliyinə müraciət edərək, tarixi ədalətin bərpa olunmasını, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsini xahiş edirlər. Çünki özəlləşdirmə çeklərinə düşən inflyasiyadan qorunan əmlak payı ekvivalenti qədər vətəndaşlara kompensasiya verilmədən 12 ildir özəlləşdirmənin aparılması Konstitusiya və qanunlara tam ziddir. Halbuki özəlləşdirmə prosesinin uzun müddət çəkə biləcəyini nəzərə alaraq, Ulu Öndər bu əmlak paylarını qanunla inflyasiyadan qorunan mülkiyyət payı kimi verdi.
Tanınmış simaların və ekspertlərin özəlləşdirmə çekləri ilə bağlı AYNA-da yer alan fikirlərindən seçmələr təqdim etmişik (daha öncəki yazı BURADA). Bu dəfə həm saytımızda, həm də müxtəlif media qurumlarında işıqlandırılan bu yöndəki rəylərdən daha bir hissəni ictimaiyyətin diqqətinə çatdırırıq.
Azərbaycan Milli Məclisinin üzvü, professor Kamilə Əliyeva:
“Ulu Öndər Heydər Əliyevin qərarı ilə vətəndaşlara əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması tarixi addım idi. Unutmaq lazım deyil ki, biz o zaman müstəqilliyə yenicə qədəm qoymuşduq və vətəndaşlar arasında təcrübə də yüksək səviyyədə deyildi. Keçmişdə olanları bir kənara qoyaraq gələcəyə baxmaq, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirmək soydaşlarımıza bayram sevinci yaşadar. Ümidvarıq ki, Konstitusiya Məhkəməsi çoxsaylı müraciətlərə müsbət cavab verəcək. Həm ölkə rəhbərliyinin, həm Milli Məclisin deputatlarının, həm də ölkə ziyalılarının çağırışına müsbət cavab veriləcək. Tarixi ədaləti təmin olunmasına inanan vətəndaşlarımızın xeyrinə qərar çıxarılması vacibdir. Əminəm ki, belə də olacaq”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev:
“Çekləri əlində qalan vətəndaşların hüquqları bərpa olunmalıdır. Bununla bağlı müvafiq qurumların hərəkətə keçməsinə və qərar qəbul etməsinə ciddi ehtiyac var. Artıq üzərindən 11 il zaman ötüb və bu çeklər hələ də əllərdədir”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc:
“Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. İstər hüquqi, istərsə də taktiki məsələlərdə Konstitusiya Məhkəməsi səviyyəsində hüquqi təsvirə ehtiyac olan mövzular var. Bu yöndə müraciət edən şəxslər əsasən, konkret arqumentlərlə çıxış edirlər. Nəzərə almalıyıq ki, insanlar hökumətin konkret strukturlarının çağırışlarına inanıblar və buna uyğun hərəkət ediblər. Bu, maliyyə məkanındakı siyasət qədər önəmlidir. Çeklər vətəndaşların iqtisadi hüququnun ayrılmaz hissəsidir. Ona görə də özəlləşdirmə çekləri ilə bağlı məsələ parlament və iqtisadi bloku təmsil edən hökumət qurumları tərəfindən ümumi nəzarətə götürülə bilər. Sosial Tədqiqatlar Mərkəzinin təmsilçisi kimi deyə bilərəm ki, bu istiqamətdə çağırışlar və tələblər var. Ona görə də özəlləşdirmə çekləri ilə bağlı məsələyə laqeyd yanaşmaq doğru deyil”.
Əmlak eksperti Fərid Rüstəmov:
“2011-ci ildən özəlləşdirmə çeklərinin fərmanla tədavüldən çıxarılması Konstitusiya və qanunlara ziddir, sosial ədalətin tapdanmasıdır. Bu mənada hesab edirəm ki, hazırkı şəraitdə Konstitusiya Məhkəməsinin əsas vəzifəsi özələşdirmə çeklərinin taleyi ilə bağlı vətəndaşların xeyrinə qərar çıxarmaq olmalıdır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov:
“Bu gün müxtəlif variantlarla özəlləşdirmə çeklərinin real və nominal dəyərini müəyyən etmək olar. Nominal olaraq I Dövlət Proqramının 3-cü bölməsinin 6-cı abzasında deyilir ki, “Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32 000 000 hissəsidir”. Bu, o deməkdir ki, hər bir dövlət özəlləşdirmə payına düşən əmlak dəyəri inflaysiyanın da təsirindən qorunan maddi ekvivalentə malikdir. Dövlət Əmlak Komitəsinin 12.12.1997-ci il tarixli 222 saylı əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19.12.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalarına əsasən, bu nominal dəyəri hesablamaq mümkündür. Belə ki, həmin Qaydaların 2-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faizi miqdarında, lakin 2000 manatdan az olmamaq şərti ilə müəyyən edilir”. 1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) veriləndən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən DƏK-in 1997-ci il tarixli 222 saylı əmrindən belə məlum olur ki, Ulu Öndərin hər vətəndaşa verdiyi hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 Amerika Birləşmiş Ştatları dolları olub. Dövlətin iqtisadi siyasəti onun qəbul etdiyi qanunlarla tənzimlənir. Real dəyər olaraq dövlətin ümumi özəlləşdirilə biləcək əmlaklarının dəyəri 200 milyard manatdırsa, bunun 65 faizini götürsək, 130 milyard manat vəsait edir. Bu gün təxminən 1 milyon 600 min özəlləşdirmə payı əllərdədir (Hər payda 4 ədəd özəlləşdirmə çeki var) və istifadə olunmayıb. Bu isə 81 min manat real əmək ekvivalenti edir. Yəni hazırda hər dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin real dəyəri 81 000 manatdır”.
Hüquqşünas, hüquq müdafiəçisi, sabiq millət vəkili Çingiz Qənizadə:
“Özəlləşdirmə çekləri mülkiyyət hüququ əldə etmək üçün bir sənəddir. Mülkiyyət hüququna sahib olmaq üçün verilmiş qiymətli kağız “ölə”, müddətlə tənzimlənə bilməz. Əgər əlində çek qalmış vətəndaşların sayı yüzminlərlədirsə, 2011-ci ildəki qanunvericiliyə yenidən baxılmalıdır. Vətəndaşlara həmin çeklərdən sərbəst istifadə etmək hüququ verilməlidir. 2011-ci ildə dayandırılan fəaliyyət yenidən bərpa olunmalıdır. İnsanların özəlləşdirmə çekləri üzərində sərəncam vermək hüququ təmin edilməlidir ki, bundan istifadə etsinlər. Bu baxımdan Konstitusiya Məhkəməsinin doğru qərar verəcəyinə inanıram”.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu:
“Bu məsələdə yüzminlərlə vətəndaşın hüquqları pozulub. Hökumət çeklərin tədavül müddətinin artırılmasına təşviq edilməlidir. Problem mütləq mənada zərərçəkmiş vətəndaşların xeyrinə həll olunmalıdır. Mən çeklərin əvəzinə pul deyil, özəlləşdirmədə pay sahibi olunmasının tərəfdarıyam. Çünki mülkiyyət hüququndan istifadə edən vətəndaşlar daimi qazanc əldə etmək imkanı əldə edəcəklər. Ümidliyəm ki, Konstitusiya Məhkəməsi doğru addım atacaq”.
“Tərəqqi və Demokratiya” İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu:
“Əlində çekləri qalan şəxslərin dövlətə inamını bərpa etmək üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var. Çeklər yenidən tədavülə buraxılmalı və ya vətəndaşlara sahib olduqları çekin sayı müqabilində kompensasiya ödənilməlidir. İnanıram ki, hazırkı “Heydər Əliyev İli”ndə doğru qərar veriləcək və vətəndaşların Konstitusiya Məhkəməsinə ünvanladığı müraciətə müsbət cavab veriləcək”.
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov:
“Özəlləşdirmə çekləri qanunvericiliyə uyğun olaraq vətəndaşlara verilibsə və ləğvi barədə rəsmi qanun qəbul edilməyibsə, bu halda sözügedən çeklər hələ də qüvvədədir. Özəlləşdirmə çeklərinin etibarsız hesab olunması ilə bağlı qanun mövcud deyil. Yəni özəlləşdirmə çekləri hələ də etibarlı sayılır. Mövcud vəziyyətdə əlində çeki qalan vətəndaşların etirazı başadüşüləndir. Bu şəxslərin hüquqlarının qorunması üçün yeni qərarın qəbul edilməsinə ehtiyac var. Özəlləşdirmə çekləri ilə bağlı atılan addım ölkənin qanunvericiliyi və vətəndaşların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca müsbət hal ola bilər. Ona görə də Konstitusiya Məhkəməsinin qərarını gözləməyə dəyər”.
Azərbaycanın görkəmli sənətkarı Akif İslamzadə:
“Özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması labüddür. Çox təəssüf ki, bu proses də effektiv təşkil edilmədi. Ən azından yüzminlərlə vətəndaş hələ də gözləyir. Deməli, onların ümidləri var. Vətəndaşın ümidini doğrultmaq lazımdır. Bu baxımdan hesab edirəm ki, Konstitusiya Məhkəməsinə müraciət edən vətəndaşların səsinə səs veriləcək”.
Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Sübhan Əliyev:
“Özəlləşdirmə çekləri vətəndaşlara qanunla verilib və bu gün heç kim qanunu poza bilməz. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda özəlləşdirmə prosesi başlamadan öncə xarici təcrübənin neqativ hallarının aradan qaldırılması üçün xüsusi komissiya yaradılmışdı. Bu səbəbdən 1995-ci ildə “Dövlət Özəlləşdirmə Proqramı” qəbul olunanda bütün özəlləşdiriləcək orta və iri müəssisələrin ən azı 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə həyata keçirilməsi dövlət tərəfindən qanunla qoyulmuş qayda ilə tənzimlənib. Eyni zamanda özəlləşdirmə çeklərinin çıxarılmasına əsas olan özəlləşdirmə payları inflyasiyadan qorunan dövlət əmlak payı kimi qəbul olundu. Dövlət yalnız ona məxsus olan 35 faizlik hissəni pulla sata bilər. Digər 65 faizlik hissə isə ancaq və ancaq Konstitusiya və qanunlara əsasən verilə bilər. Heç kim Konstitusiyaya zidd olaraq, qanunla vətəndaşlara verilən özəlləşdirmə çekləri ilə bağlı onların hüquqlarını, o cümlədən dövlət öhdəliklərini poza bilməz”.
Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlı:
“Özəlləşdirmə çeklərinin mülkiyyət hüququna malik olması qanunla təsdiqlənib. Vauçerlər dövlət özəlləşdirmə paylarıdır və vətəndaşlara dövlət əmlakının bir hissəsi olaraq verilmişdi. Sovet hökuməti dövründə xalqın əmlakı sayılırdı. Sosializm quruluşundan sonra əmlak bir növ xalqın özünə qaytarılıb. Bu isə mülkiyyətdir. Özəlləşdirmə çekləri məsələsində də mülkiyyət hüququ açıq şəkildə ifadə olunur”.
Vəkillər Kollegiyasının üzvü, “Prospekt” Vəkil Bürosunun müdiri Həbib Əliyev:
“Özəlləşdirmə çeklərini yalnız maraq naminə almaq və ya satmaq yolveriləndir. Bir hüquqşünas kimi vətəndaşların tez bir zamanda sevindirici xəbər alacağına inanıram. Bu səbəbdən heç kimin 25 ildir ümidlə saxladığı özəlləşdirmə çeklərini satmasını tövsiyə etmirəm”.
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli:
“Özəlləşdirmə çekləri müddətsizdir və onun tədavülü ilə bağlı müddət qoyulmamalı idi. Hər biri 4 paydan ibarət olan özəlləşdirmə çeklərinin real qiyməti ortaya qoyulmalı və bu çeklərin yenidən istifadəsinə şərait yaradılmalıdır. Vətəndaşların mülkiyyət hüquqlarının pozulmasının qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsi ona ünvanlanan müraciəti düzgün araşdırmalı və məntiqli qərar qəbul etməlidir”.
Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev:
“Bu gün yüzminlərlə insan hələ də o vauçerləri evində ümidlə saxlayır. Ortada vətəndaşların hüquqlarının pozulması müzakirə mövzusudursa, bu halda tədavül müddəti artırılmalı və bununla yüzminlərlə insanın hüquqlarının pozulmasına son qoyulmalıdır. Problem ən qısa müddətdə öz həllini tapmalıdır”.
Sabiq deputat Gülər Əhmədova:
“Vətəndaşları narahat edən bu problemin tezliklə həll olunacağına inanıram. Əgər mövzu parlamentdə müzakirəyə çıxarılarsa, vətəndaşların hüququ daha yaxşı qorunacaq. Bu baxımdan parlamentin iclaslarında deputatlar aktivlik nümayiş etdirməli və məsələnin daha da qabardılmasına təkan verməlidirlər. Çek sahiblərinin müvafiq qurumlara və Konstitusiya Məhkəməsi müraciəti təqdirəlayiqdir. Ümid edirəm ki, vətəndaşların gözlədiyi xoş xəbər tezliklə açıqlanacaq. Unutmaq olmaz ki, vətəndaşların hüquqlarının tapdanması bir cinayətdir”.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, hüquqşünas Jalə Əhmədova:
“Özəlləşdirmə çekləri ilə bağlı problemə görə vətəndaşlardan daim müraciətlər alırıq və onlar aidiyyəti komitəyə yönləndirilir. Hazırda bu məsələ üzərində çalışmalar davam edir. Yaxın gələcəkdə çeklərlə bağlı məsələ öz həllini tapacaq və ictimaiyyətə məlumat veriləcək. Bu problemin həllində parlament də maraqlıdır. Çünki parlamentə müraciət edənlərin sayı kifayət qədər çoxdur. Bu isə o deməkdir ki, məsələnin həll olunması vacibdir. Əmin ola bilərsiniz ki, bu məsələ öz həllini tapacaq”.
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü Mübariz Yolçuyev:
“Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyində bu məsələ öz həllini tapa bilər. Bu gün müxtəlif variantlarla özəlləşdirmə çeklərinin real və nominal dəyərini müəyyən edə bilərik. Real dəyər olaraq dövlətin ümumi özəlləşdirilə biləcək əmlaklarının dəyəri 200 milyard manatdırsa, I və II Dövlət Proqramlarına görə əmlakların 65 faizi özəlləşdirmə çekləri vasitəsilə vətəndaşlara verilməlidir. 200 milyardın 65 faizini götürsək, hardasa 125-130 milyard manat vəsait olur. Bu gün təxminən 6 milyon özəlləşdirmə çekləri əllərdədir. Bu baxımdan 125 milyardı 6 milyona bölsək, hər özəlləşdirmə çekinə düşə biləcək dəyər 50-60 min manatdır. Digər tərəfdən, 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Bu əmr vasitəsilə çeklərin nominal dəyərini hesablaya bilərik. Bu gün özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması fərmanla baş tutub, halbuki bu məsələ qanunla tənzimlənir. Ona görə də özəlləşdirmə çeklərin tədavülünün dayandırılması doğru yanaşma deyil”.
Qeyd
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.
Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.
Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.
Əlavə qeyd
Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri QANUNLA verilib!
Heydər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.