STAR NEZ-i gələn il neft emalını artıracaq

İqtisadiyyat

25.12.2020 - 18:46

"Star" neft emalı zavodu ilin sonunadək 75 milyon barrel neft emal etməyi planlaşdırır

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim”in baş direktoru, “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri Anar Məmmədov onlayn mətbuat konfransı keçirib.
 
AYNA-nın məlumatına görə, A.Məmmədov bildirib ki, yeni növ koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, SOCAR tərəfindən Türkiyənin Əliağa yarımadasında inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) istehsalını azaltmayıb.
 
Onun sözlərinə görə, koronavirus pandemiyası sadəcə istehsal konfiqurasiyasının dəyişdirilməsinə səbəb olub. Belə ki, aviasiya yanacağının əvəzinə (istehlakın azalması səbəbindən – red.) dizel yanacağının istehsalına üstünlük verilib: "Hazırda STAR-da tam güclə istehsal davam etdirilir".
 
O bildirib ki, "Star" NEZ Türkiyənin neft əsaslı məhsullarında olan ehtiyacının 20-25%-i təmin edir.
A. Məmmədov onu da qeyd edib ki, zavodda 2021-ci ildə istehsal gücünü artırmaqla əhəmiyyətli bir dəyər yaratmaq üçün işlər davam etdiriləcək.
 
2020-ci ilin sonunadək "Star" neft emalı zavodu 75 milyon barrel neft emal etməyi planlaşdırdığını deyən baş direktor bildirib ki, "Star" neft emalı zavodu 20-yə yaxın xam neft növünün emalı ilə məşğuldur:
 
"Biz, əsasən xam neftin ağır növlərinə üstünük veririk. Bizim üçün ən optimal növ İran neftidir. Amma hazırda müəyyən səbəblərdən biz İran neftini əldə edə bilmirik. Ona görə də alternativ növlərdən istifadə edirik.
 
SOCAR tərəfindən Türkiyənin Əliağa yarımadasında inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 2021-ci ildə 11 milyon tona yaxın neft (layihə gücünün 106%-i) emal edəcək. 2020-ci ildə bu göstərici 10,3-10,5 milyonton səviyyəsində olacaq".
 
A. Məmmədov onu da qeyd edib ki, bu il zavodda 20 növdən çox neft emal edilib.
 
Onun sözlərinə görə, "Star" neft emalı zavodunda dizel yanacağının istehsalının tam bərpası pandemiya ilə bağlı vəziyyətdən asılıdır.
 
Baş direktor bildirib ki, pandemiya ilə əlaqədar aviayanacağa tələbatın azalmasına görə, "Star" neft emalı zavodunda bu məhsulun istehsalı kəskin azalıb: "Bununla belə, ümumi istehsal həcmi azalmayıb. Biz aviayanacaq istehsalını dizellə əvəz etdik. Kommersiya baxımından bu, mənfi fəsadlara gətirib çıxarmadı. Biz Türkiyə bazarında dizelə tələbatın 7 faiz azaldığını müşahidə etdik, amma bazar o qədər böyüyüb ki, biz bu azalmanı hiss etmədik. Bu gün zavodda kiçik həcmdə də olsa, aviayanacaq istehsal olunur. Dizel yanacağı istehsalının tam bərpası pandemiya ilə bağlı vəziyyətdən asılıdır".
Müəllif: Ayna.az