Komandamız hər üç qarşılaşmada qələbə qazanıb
Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb.
AYNA xəbər verir ki, B qrupunda mübarizə aparan və heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Günay Məmmədzadə, Türkan Məmmədyarova, Aydın Süleymanlı və Gövhər Beydullayevanın mübarizə apardığı komandamız bu gün daha üç görüş keçirib. Komandamız hər üç qarşılaşmada qələbə qazanıb.
Əvvəlcə İspaniya yığması şahmatçılarımız önündə aciz qalıb – 2:4. Ardınca Norveç millisi masadan məyus ayrılıb – 0.5:5.5.
Sonuncu qarşılaşmada isə Fransanı 3.5:2.5 hesabı ilə məğlub edən yığmamız 14 xalla qrup lideri kimi növbəti mərhələyə yüksəlib.