Saakaşvili klinikaya yerləşdiriləcək: Gürcüstan Prezidenti təklifi dəstəklədi

Dünya

11.05.2022 - 13:11

"Onun səhhəti ilə bağlı nə cəmiyyətdə, nə də Avropa tərəfdaşları arasında suallar yaranmamalıdır”

Gürcüstan Prezidenti Salome Zurabişvili ədliyyə naziri Rati Breqadzenin həbsdə olan sabiq Prezident Mixail Saakaşvilinin klinikaya köçürülməsi ilə bağlı təklifini alqışlayır və tam dəstəkləyir. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Prezident Adminstrasiyasının məlumatında qeyd edilib.

Qeyd edilib ki, Gürcüstanın ədliyyə naziri Saakaşviliyə onu "Vivamedi" mülki klinikasına köçürməyi, orada müayinə olunacağını və lazım gələrsə, müvafiq müalicənin göstərilməsini təklif edib. Saakaşvili müəyyən şərtlərlə klinikada müayinə olunmağa razılıq verib.

“Prezident inanır və hesab edir ki, sabiq Prezidentin sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülməlidir ki, onun səhhəti ilə bağlı nə cəmiyyətdə, nə də Avropa tərəfdaşları arasında suallar yaransın”, - Prezident Administrasiyasının məlumatında vurğulanıb.

Bildirilib ki, bu, ölkənin nüfuzu və imicinə aid olan məsələdir: "Şəffaflıq, böyük diqqət və müşahidə tələb olunur ki, heç bir təhlükə olmasın, Saakaşvilinin səhhəti mümkün qədər qorunsun".

Məlumatda həmçinin qeyd olunub ki, Zurabişvili Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı bütün detallardan məlumatlıdır.

Xatırladaq ki, Saakaşvilinin vəkilləri, ailə üzvləri və özü israr edir ki, cəzaçəkmə müəssisəsində ona lazımi rəftar göstərilmir və o, səhhəti getdikcə ağırlaşır. 

Xatırladaq ki, Saakaşvili 8 il mühacirətdə yaşadıqdan sonra ötən il oktyabrın 1-də sərhədi qeyri-qanuni keçdiyinə görə Gürcüstanda həbs edilib. Bundan əvvəl o, bankirin qətli və deputatın döyülməsinə görə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. İndi siyasətçi ölkə sərhədini pozmaqda, 2007-ci ildə mitinqi vəhşicəsinə dağıtmaqda və dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Müəllif: Turan Abdulla