Qanunsuz pensiya mənimsəyən sabiq vəzifəlilər ifşa olunublar

Xəbərlər

22.01.2021 - 11:43

Baş Prokurorluq DSMF-nin Qusar rayon şöbəsinin vəzifəliləri barədə məlumat yayıb

 

Sosial təminat sahəsində vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hallara qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumatda qeyd edilib ki, belə tədbirlərin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Aparılmış istintaqla müəyyənləşdirilib ki, DSMF-nin Qusar rayon şöbəsində vəfat etmiş və digər səbəblərə görə kart hesabları bağlanmayan pensiyaçıların, habelə əvvəlki dövrlərdə ailə başçısını itirmə növünə görə təyin olunmuş pensiya işləri üzrə ödəniş müddəti bitmiş vətəndaşların, eləcə də yaşlı və xəstə olmaları səbəbindən pensiyalarını bankomat vasitəsilə nağdlaşdıra bilməyən cəmi 47 vətəndaşın plastik kartlarına əsassız olaraq ümumilikdə 480 min manat pul vəsaiti köçürülərək ələ keçirilib.

 

Toplanmış sübutlarla cinayət hadisəsinin baş verdiyi dövrdə DSMF-nin Qusar rayon şöbəsinin müdiri vəzifəsində işləmiş olan Arif Tahirov və Azər Cəbrayılov, həmin şöbənin mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmiş Mətanət Əhmədova, habelə Qusar rayonunun Gündüzqala poçt şöbəsinin müdiri vəzifəsində işləmiş Nasir Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Vurulmuş ziyanın 268 min manatlıq hissəsi istintaq zamanı ödənilib.

Müəllif: Ayna.az