Prezidentdən Ermənistana xəbərdarlıq: “Qisas cəhdləri olmamalıdır”

Aktual

26.02.2021 - 12:35

İlham Əliyev: “Biz hər hansı ciddi bir təhlükə görsək, dərhal cavab verəcəyik”

 

Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Ermənistanla sülh məsələsinə toxunub. AYNA-nın xəbərinə görə, Prezident bildirib ki, düşmənçilik səhifəsini çevirmək üçün yeganə yol davamlı sülhə nail olmaqdır.

 

Ölkə başçısı xatırladıb ki, Ermənistan rəhbərliyi öz qoşunlarını torpaqlarımızdan çıxarmaq üçün tarixi verən kimi biz müharibəni dayandırdıq: “Müharibənin ilk günündən mən hər bir müsahibəmdə və bəyanatımda onu vurğulayırdım ki, Ermənistanın Baş naziri şəxsən özü bizə Cəbrayıl, Füzuli, Şuşa və digər rayonlarımızdan qoşunlarının çıxarılması tarixini verən kimi müharibəni dayandıracağıq. Elə də oldu, sözümüzdə dayandıq. Biz münaqişənin başa çatdırılması üçün 30 il gözləmişik. Niyyətimiz hər zaman aydın və səmimi olub. Biz dərk edəndə ki, Ermənistan hökuməti bizə bir santimetr torpaq qaytarmaq niyyətində deyil, paralel olaraq bir sıra hərbi təxribatlar törədir, biz dərhal adekvat cavab verdik”.

 

İ.Əliyev bildirib ki, davamlı sülhü yalnız imzalanmış 10 noyabr Bəyanatına sadiqlik nümayiş etdirməklə əldə etmək olar: “Onlar bildirdi ki, Ağdamın bir hissəsi, Kəlbəcər, Laçın boşaldılacaq. Mən dərhal müharibəni dayandırdım və sözümə əməl etdim. Hər kəs anlayır ki, biz müharibəni davam etdirsəydik, Ermənistan üçün nəticə daha ağır və acınacaqlı ola bilərdi. Biz istəmədik ki, daha artıq itkimiz və qurbanlar olsun. Bu gün biz onu müzakirə edirik ki, bölgədə dayanaqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu əməkdaşlıqdır. Biz artıq üçtərəfli qaydada - Azərbaycan, Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və bütün maneələrin aradan qaldırılması üçün çalışırıq. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək. Sülhün xeyrini görəcəklər”.

 

“Sülh üçün daha bir şərtimiz ondan ibarətdir ki, Ermənistanın siyasi dairələri anlamalıdır ki, hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq. Biz hər hansı ciddi bir təhlükə görsək, dərhal cavab verəcəyik. Ona görə də xəbərdarlıq edirəm ki, qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır. Tədricən, addım-addım sülh regiona gələcək”, - deyə Prezident qeyd edib.

Müəllif: Ayna.az