Üç aylıq ehtiyatımız var, bəs sonra?

Üç aylıq ehtiyatımız var, bəs sonra?

“Hökumət qida təhlükəsizliyinə xüsusi diqqət yetirməlidir”

 

Əhalini yüksək keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin etmək qida təhlükəsizliyinin ayrılmaz hissəsidir. Fövqəladə vəziyyət olduqda, digər ölkələrdən tədarüklərdə fasilələr və qıtlıq səbəbindən ərzaq qiymətlərində artım ola bilər. Məsələn, koronavirus epidemiyası səbəbindən sərhədlər bağlandı ki, bu da ciddi ərzaq böhranı yarada bilərdi. Xoşbəxtlikdən, bu, baş vermədi.

 

Lakin beynəlxalq ekspertlər pandemiyaya görə ən çox əlverişsiz ərzaq tədarükü vəziyyətinin onun idxal payının yüksək olduğu ölkələrdə yarana biləcəyini qeyd edirlər. Üstəlik, böyük miqdarda idxal zamanı, vəsait yerli kənd təsərrüfatı sektorunun inkişafına yönəldilmək əvəzinə xaricə axır.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev AYNA-ya şərhində deyib ki, bölgələrdə torpaq paylanması prosesi çoxdan başa çatıb və bu seqmentdə biznesə ciddi maraq yoxdur: “Ayrıca, dəyişkən iqlim şəraitində açıq sahədə bəzi məhsulları yetişdirmək getdikcə çətinləşəcək. Buna görə maraq, əsasən istixana təsərrüfatına və heyvandarlığadır. Bundan əlavə, bu istiqamətdə müəyyən addımlar atılsa da, kənd təsərrüfat sığortası hələ inkişaf etdirilməyib. Hökumət ərzaq təhlükəsizliyinə daha çox diqqət yetirməlidir. Axı, bu, milli təhlükəsizliyinin bir hissəsidir. BMT ekspertləri deyirlər ki, 2030-2040-cı illərə qədər dünyada qida ehtiyacı ikiqat artacaq”.

 

Müsahibimiz hesab edir ki, koronavirusun yayılması təhlükəsi ilə bağlı qida istehsalını artırmaq üçün təcili tədbirlərə ehtiyac yoxdur: “Birincisi, sərhədlərin bağlanmasına baxmayaraq, bəzən gecikmə ilə olsa da, digər ölkələrdən mallar Azərbaycana gəlməyə davam edir. İkincisi, mövcud ərzaq təchizatı üç ay yetərlidir. Ancaq mümkün olan hər şeyi etmək lazımdır ki, gələcəkdə idxaldan asılılığı azaldaq. Karantin zamanı hansı problemlərin olduğunu, hansı ölkələrdən daha az məhsul gəlməyə başladığını və hansı məhsullara daha çox ehtiyac olduğunu analiz etmək və müvafiq nəticələr çıxarmaq lazımdır. Yerli sənayeni inkişaf etdirmək istəyənlərə kömək etmək lazımdır”.

 

İqtisadçı-ekspert Natiq Cəfərli isə AYNA-ya şərhində qeyd edib ki, kənd təsərrüfatının inkişafı üçün uzunmüddətli və aşağı faizli kreditlərin verilməsi vacibdir: “Məsələn, üzüm becərildikdən 6-7 il sonra fayda gətirməyə başlayır. Banklarımız ən çox 3 il müddətinə kredit verir və fermer bu müddət ərzində gəlir əldə edə bilmir. Məlum olur ki, o, hələ heç nə qazanmayıb və artıq krediti qaytarmalıdır. Banklar üçün də kənd təsərrüfatı sektoruna qoyulan investisiyalar risklidir. İstehlak kreditlərini yüksək faiz dərəcələri ilə verməyi üstün tuturlar ki, risk daha az olsun”.

 

“Bu, sistemli bir problemdir. Bankları stimullaşdırmaq üçün onlara fayda, bonus təklif etmək lazımdır. İndi kənd təsərrüfatı kreditləri fermerlər və ya banklar üçün maraqlı deyil. Dünyanın bir çox ölkələrində olduğu kimi, illik 3%-dən çox olmayan dərəcədə kənd təsərrüfatı kreditləri verilməsi ilə məşğul olacaq aqrar bank yaratmaq lazımdır. Ancaq ölkədəki mövcud gərgin vəziyyəti nəzərə alsaq, banklar yaxın gələcəkdə kənd təsərrüfatına kredit verməyə maraq göstərməyə başlamayacaq”, - mütəxəssis bildirib.

 

Cəfərlinin sözlərinə görə, Mərkəzi Bank özəl sektorda istehlak kreditlərinin həcmini məhdudlaşdıra bilməz: “Lakin bankları daha çox kommersiya kreditləri verməyə stimullaşdıra bilər. Bu məqsədlər üçün aşağı faiz dərəcələrində, hətta uçot dərəcəsindən aşağı pul ayıra bilər. Bu zaman Mərkəzi Bank pullarına nəzarət edə biləcək”.

 

“Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov da o fikirdədir ki, banklar kənd təsərrüfatının etibarsızlığından - məhsul çatışmazlığı, zərərvericilərin hücumu, pis hava şəraiti və s. kimi hallardan çəkinirlər. Onun sözlərinə görə, banklarda belə kreditləşmələrə maraq oyatmaq lazımdır.

Müəllif: Elya Belskaya      3 Aprel 2020 17:30
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin