Hökumət ciddi sınaq qarşısında: Hər ay 250 milyon manat...

Hökumət ciddi sınaq qarşısında: Hər ay 250 milyon manat...

Natiq Cəfərli: “Karantin rejimi uzun zaman çəksə, dövlət bu qədər vəsaiti ödəyə bilməz

 

Martın 31-dən etibarən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Yəni qadağalar günü-gündən daha da sərtləşdirilir.

 

Buna baxmayaraq, küçələrdə gün ərzində xeyli sayda insan görmək olur. İctimai nəqliyyatdan istifadə edənlərin sayı da nəzərəçarpacaq dərəcədə var. Vətəndaşlardan niyə küçəyə çıxdıqlarını soruşduqda, “5 manat pul üçün çölə çıxırıq, ailəmiz acından ölməsin deyə məcburuq”, - cavabını verirlər.

 

İqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya deyib ki, hazırda vətəndaşların işsizlik məsələsi ciddi problemə çevrilib: “Bu gün əsas sıxıntı odur ki, ölkənin böyük hissəsində kölgə iqtisadiyyatı olduğu üçün əmək müavilələri normal bağlanmır. Hətta hesablamalara görə, Azərbaycanda 1.5 milyon insan müqaviləsiz işləyir. Buna səbəb isə vergilərin çox olması, Sosial Müdafiə Fonduna ödənişlərin məbləğinin artırılması, müqavilə mədəniyyətinin formalaşdırılmaması, kölgə iqtisadiyyatının ləğv edilməsi üçün heç bir addımların atılmamasıdır. Nəticə isə bu gün göz qabağındadır. Bu gün hökumət işsiz qalan bu insanlara birdəfəlik yardım etmək istəsə belə, bir sistem olmadığı üçün çətinlik çəkəcək və bu məsələnin həlli də uzun bir zaman tələb edəcək”.

Natiq Cəfərli: “Venesuella neft istehsalı həcmini artıra bilər”

“Ona görə də qəliz qərarların verilməsi mümkünsüz görünür. Vətəndaşlara birbaşa yardımın ayrılması daha real və məntiqlidir. Dövlət qurumlarında və neft sektorunda çalışan 917 min insan əməkhaqqını əvvəlki kimi alacaq deyə onlar siyahıya əlavə edilməyəcək. Digər insanların hamısına maddi yardım edilməsi lazımdır. Sahibkarlardan işçilərinə əməkhaqqı vermələrini tələb etmək olmaz. Bu, həm qanunla, həm də qazanc olmayan yerdən maaş vermələri mümkün deyil”, - ekspert bildirib.

 

Cəfərlinin sözlərinə görə, dövlət tərəfindən işsizlərə birdəfəlik maddi yardım cəmi bir dəfə ola bilər: “Amma virusla bağlı məsələnin nə vaxt həllini tapacağı bilinmir. Dövlətin isə imkanları məhduddur. Əhaliyə minimum əməkhaqqı olan 250 manatdan paylasalar, bu, ən azı 250 milyon manat edir. Karantin uzun zaman çəksə, hər ay dövlət 250 milyon manat ödəyə bilməz. Sadəcə ümid edək ki, iqtisadiyyatın təkərləri bir aydan sonra yenidən fırlanacaq və ölkə iqtisadiyyatı hərəkətə gələcək. İnsanlar da öz işlərinə geri dönəcəklər”.

 

İqtisadçı qeyd edib ki, bu cür vəziyyət hökumət üçün də ciddi sınaq olmalıdır: “Artıq kölgə iqtisadiyyatının nə qədər zərərli olduğunu görüb, yaxın zaman ərzində şəffaflığın yaradılması üçün ciddi tədbirlər görülməlidir. Bunun üçün iş adamları stimullaşdırılmalıdır. Vətəndaş da, sahibkar da əmək müqaviləsinin yazılmasında maraqlı olmalıdır. Bunun üçün öncə vergilər azaldılmalıdır. Bizdə qiymətli kağızlar bazarı yoxdur ki, birjalara, maliyyə bazarlarına sahibkarlar yatırım etsin, şirkətlər də özlərinə gəlsin. Bu qəliz mexanizmi bütün dünyada tətbiq edirlər, bizdə isə mümkün deyil. Çünki Azərbaycanda iqtisadiyyat primitivdir. Sadəcə koronavirus bir çox iqtisadiyyatda olan ciddi boşluqların və zəif yerlərin üzərini açdı”.

 

N.Cəfərlinin sözlərinə görə, birdəfəlik yardım müxtəlif katiqoriyalı insanlara veriləcək: “Yəni hər bir vətəndaşa şamil olunmayacaq. Amma insanları ayırmaq çətin olacaq. Ehtimal ki, vergi tətilləri, biznes kreditləri ilə bağlı qərar qəbul ediləcək. Onu da qəliz mexanizmlə edəcəklər. Birbaşa deyil, dolayısı ilə yardım etmək istəyirlər. Bu da çətin görünür. Azərbaycan iqtisadiyyatı buna hazır deyil. Vətəndaşların məsuliyyətli olmasını istəyirik. Lakin vətəndaş o vaxt məsuliyyətli olur ki, onun problemi olmur. Almana “evdə otur” deyəndə oturur, çünki dövlətin ona yardım edəcəyini bilir”.

Müəllif: Təranə Xudabaxşiyeva      1 Aprel 2020 19:30
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin