Hökumətin böhran paketi mövcud şəraitə adekvatdırmı?

Hökumətin böhran paketi mövcud şəraitə adekvatdırmı?

Böhran rəsmi və qeyri-rəsmi iqtisadiyyat tanımır, hər ikisini vurur

 

İqtisadi inkişaf naziri yanız biznesə dəstək hissəsini açıqladı. Bu, böhrandan ən çox təsirlənən xidmət sektoru, onun içərisində isə turizm, ictimai iaşə və nəqliyyat sektorudur. Bu sektorlar 100%-lik risk qrupuna daxildir - fəaliyyətsiz qaldıqları üçün tamamilə gəlirlərdən məhrum olublar. Bu baxımdan onlar üçün gəlirdən asılı olmayaraq xərc yaradan vergilərdən (əmlak və torpaq) tam azadedilmə, mənfəət və sadələşdirilmiş vergidən güzəştlər, vergi tətilləri doğru yanaşmadır.

 

Eyni yanaşmanın fəaliyyəti iflic olan azsayda geyim və toxuculuq, içki sənayesi kimi sahələrə də aid edilməsi zərurətdir. Amma burada çox önəmli məsələ dəstəyin formalarının doğru seçilməsi ilə yanaşı dəstəyin miqyasının qeyd olunan sahələrdə itisadi tsikli nə dərəcədə qoruya biləcəyidir.

 

Bu, asılı olacaq iqtisadi hesablamaların və əsaslandırmaların nə dərəcədə düzgün aparılmasından. Zəruri iqtisadi göstəricilər (dəstək elan olunan sahələr üzrə real dövriyyələr, onların yaratdığı real əlavə dəyər və real məşğulluq miqyası) bizim üçün açıq olmadığı üçün zamanı gözləməli olacağıq. Məsələn, ilin sonunda bu sahələrdə, ən azından hədəflənən iqtisadi artımı qorumaq oldumu? Ümumiyyətlə, bu dəstək müqabilində hədəflənən iqtisadi göstəricilər nədir - iqtisadi daralmaya imkan verməmək, yoxsa ən azından böhrana qədərki səviyyəyə yaxın bir səviyyədə iqtisadi böyüməni qoruyub saxlamaq? Şübhəsiz ki, rəsmi açıqlanan dəstək paketində əsaslandırmalar mütləq olmalıdır.

 

Tikintinin mültiplikativ effektini kimsə inkar edə bilməz, bu baxımdan sosial ipoteka üçün büdcə dəstəyinin genişləndiriməsini dartışmazdım. Amma büdcə investisiyaları vasitəsilə hədəflənən mültiplikativ effekt 2 mühüm şərtdən asılıdır: həmin xərclərin səmərəli və şəffaf istifadəsindən. Xüsusilə də həmin xərclərə satınalamalar vasitəsilə bütün biznesin, xüsüsilə də kiçik və orta biznesin çıxışı tam maneəsiz olmalıdır.

 

Böhran dövrlərində büdcə vəsaitləri hesabına iri xərcləmələrin kiçik iqtisadi qruplar vasitəsilə istifadəsi qısa müddətdə məşğulluğu təmin etməkdə rol oynasa da, yüksək mənfəətin və böyük həcmli yığımların təmərküzləşməsi bir müddət sonra makroiqtisadi riskə çevrilir. Çünki həmin yığımlar daha çox subyekt və iqtisadi qruplar arasında paylandıqda, daha çox kanallarla əlavə biznesə, istehlaka yönəlir. Yığımlar daha az sayda sandıq və kassada təmərküzləşdikcə, çox keçmədən onların daha etibarlı sərvət kimi valyutaya çevrilməsi reallıqdır.

 

İkinici mühüm şərt isə odur ki, büdcə investisiyaları ağırlıqlı olaraq idxalı əvəzləyən yerli istehsalı dəstəkləsin. Məsələn, büdcə dəstəyi ilə tikilən evlərdə istifadə olunan bütün mal-materilların dəyərinin yarıdan çoxu yerli məhsullardırsa, bu, çox böyük uduş və yüksək mültipikativ effekt deməkdir. Yox əgər daxili istehsal üçün komponent və xammalı da nəzərə alaraq yarıdan çox idxal edilirsə, əksinə, biz əcnəbi sahibkarı maliyyələşdirməklə məzənnə üçün əlavə təzyiq kanalı açırıq. Həm də böyük xərclə aşağı multipikativ effekt deməkdir.

 

Bəxtimiz onda gətirib ki, bizim iqtisadiyyat yüksək səviyyədə kredit yükü olan iqtisadiyyat deyil. Məsələn, dünya üzrə ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbətinin median göstəricisi 15%, inkişaf etmiş ölkələrdə 40-50%, bəzən daha yüksəkdir. Azərbaycanda cəmi 9%. Eyni qaydada, biznes kreditlərinin ÜDM-də payı 100%-dən çox olan ölkələr var, bizdə 9% ətrafında. Bizdə, az qala ev təsərrüfatları biznesdən daha çox borclanır.

 

Bu, təkcə riskdən qaçmaq məsələsi deyil – maliyyə sisteminin potensialını, biznesin və ev təsərrüfatlarının durumunu göstərir. Əslində, inkişafsızlığı xarakterizə edən bu vəziyyət böhran dövründə hökumətin köməyinə çatır – indik halda bu həcmdə kreditlər üçün faiz dəstəyi vermək fiskal yük baxımından hökumətə narahatlıq yaratmır.

 

Ümumiyyətlə isə bizim problemimiz kreditlərin iqtisadiyyatda məhdud istifadəsi ilə də bağlı deyil – kredit emissiyasının gücünü və effektini xarakterizə edən pul multiplikatoru göstərcisinin həddən artıq aşağı olmasıdır (M3 pul aqreqatının bazasında 2.1-ə bərabərdir). Belə şəraitdə yeni kreditlərin stimullaşdırılması mexanizm olaraq doğrudur, amma iqtisadiyyata böhran təsirlərinin neytrallaşdırılmasında nə dərəcədə təsirli olacağını zaman göstərəcək.

 

Amma bu da aydındır ki, kredit dəstəyi həm də yenicə özünə gəlmiş bankları qorumaq üçündür - kreditlər ödənməsə, bankların aktivlərinin keyfiyyəti və kövrək maliyyə durumu yenidən pisləşəcək.

 

Bura qədər yazdığımın qısa icmalı belədir: biznesə dəstək formalarının (həm vergi, həm də kredit) seçimində yanaşmaların dartışılmasının indi mənası yoxdur. Belə baxanda müstəqil ekspertlərin də sosial şəbəklərdə səsləndirdiyi vacib məqamlar nəzərə alınır. Sadəcə bir yuxarıda dediyim məqam - vəsaitlərin səmərəli və şəffaf xərclənməsi, xüsusilə də paket çərçivəsində birbaşa yardımlardan savayı satınalma mexanizmi tələb edən xərcləmələrin mümükün qədər bütün biznesin əlinin çata biləcəyi ortamda istifadəsi şərtdir.

 

Dəstək paketinin yönəldyi xidmət sahələri milli gəlirin, təxminən 5-6%-ni, ümumi məşğulluğun 10-12%-ni təşkil edir. Bu baxımdan biznesin və təklifin dəstəklənməsi vasitəsilə böhrana təsirdən daha çox istehlakın genişləndirilməsi (ən azından sabit saxlanması) sayəsində tələbin stimullaşdırılması önəmli olacaq. Nəzərə alın ki, hətta bizim kimi istehlak xərclərinin ÜDM-in 60%-ni formalaşdırdığı ölkədə də iqtisadi böyümənin əsas mənbəyi ev təsərrüfatlarıdır. Xüsusilə də böhran şəratində hökumət və biznesin sərmayə qoymaq imkanı məhdudlaşanda. Bu amil isə hələ açıqlanmamış sosil paketlə bağlı məsələdir.

 

Azərbaycanda tələbin dəstəklənməsini “qara iqtisadiyat” və yanlış statisitka imkansız edir. Bir tərəfdən böyük miqyaslı qeyri-leqal məşğulluq, bu seqmentdə yaranan real gəlirlər barədə məlumat yoxdur. Böhran rəsmi və qeyri-rəsmi iqtisadiyyat tanımır - hər ikisini vurur. Amma ehtiyac olanda birinci dəstək alır, ikinci qalır köməksiz. İndi bizim işçi qüvvəsinin cəmi üçdə biri leqaldır. Demək, istehlak xərclərinin ən azından yarısı bu sosial-demoqrafik qrup üzərindən formalaşır və biznesə dəstəyin nəticəli olmasında tələbin effektiv dəstəkləməsi ən vacib şərtlərdəndir.

 

Sosial dəstək mövzusuna ayrıca qayıtmaq olar...

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert      31 Mart 2020 21:00
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin