"Bu gedişlə ölkədə koronavirusa yoluxanların sayı hələ çox artacaq"

"Bu gedişlə ölkədə koronavirusa yoluxanların sayı hələ çox artacaq"

"Bilirsən, bu virus zad boş söhbətdi. Həm deyirlər ki, virus yaşlıları tutur"

 

"Bakcell"in interneti şəhərdə canlı açmağa imkan vermədi, buna görə də sakinlərlə kiçik söhbət etmək qərarına gəldim. Söhbəti olduğu kimi yazıram:

 

Birinci müsahibimin Rəsul kişidir, 67 yaşı var. 

 

- Salam dayı, sizin yaşda olan insanlara evdən çıxmaq qadağan edilib, niyə əməl etmirisiniz?

 

- Bala, bu gözəl havada adam evdə oturar? Evdə oturduğca bizi başqa-başqa xəstəliklər tutar. Bizim yaşda olan insanlar, gəzməli, hərəkət etməlidir.

 

- Axı siz virus daşıyıcısı ola bilərsiniz... Özünüzü və yaxınlarınızı təhlükəyə atmaqdan qorxmursunuz?

 

- Əlbəttə, qorxuram! Amma belə yaşamaq da olmaz, bala. Yaxşı, daha mən gedim evimə, sağ olun ...

 

- İkinci müsahibim isə Anardır. 28 yaşı var, evlidir, 2 uşağı var.

 

- Salam. Bildiyiniz kimi, Azərbaycanda və dünyada təhlükəli koronavirus yayılıb. Dövlət rəsmi şəkildə vətəndaşlara evdə oturmağı və maksimum dərəcədə ehtiyatlı olmağı tövsiyə edir. Yəqin ki, xəbəriniz var.

 

- Bəli, var!

 

- Bəs, niyə əməl etmirsiniz?

 

- Qardaş, mən evdə oturum, bəs ailəmi kim saxlasın? Adiyyəti qurumlar "evdə oturun" deyir, çox gözəl, dəstəkləyirəm! Amma bəs evdə oturub nə yeyəcəyik? Onu da deyirlərmi? Yox! Sadəcə evdə qalın... Fəhlə adamam, çıxmışam görüm bir iş tapım, 5-10 manat çörək pulu qazanıb, evimə aparım... Biz evdə otursaq, onsuz da acından öləcəyik. Yaxşısı budur, kişi kimi, işləyərək ölək... Yaxşı, salamat qalın, qardaş!

 

Üçüncü müsahibim isə adını və yaşını açıqlamadı. Amma 55-60 yaşlarında olardı.

 

- Salam, xanım. Siz yaşda insanların çölə çıxması, insanlarla təmasda olması, həm sizin, həm də başqalarının sağlamlığı üçün çox təhlükəlidir. Niyə evdə oturub, özünüzü və yaxınlarınızı qorumursunuz ?

 

- Ay bala, neçə gündür evdəyəm, vallah lap ürəyim partladı. Axı nə vaxta kimi evdə oturacaqığ? Neçə gündür oğlumu və nəvələrimi görə bilmirəm, ürəyim yaman sıxılır. Deyirlər, sabahdan evdən çıxmaq da qadağan ediləcək. Buna görə dedim tez gedim nəvələrimi, oğlumu görüb qayıdım.

 

- Xanım, axı siz bunu etməklə nəvələrinizin həyatını təhlükəyə atmış olursunuz. Çünki sizin yaşda insanlar virusa qarşı daha həssas olur, ora getməyiniz çox təhlükəlidir.

 

- Bilirəm e, amma getməsəm də ürəyim partlayacaq axı... Həm evdən çıxanda da spirtləndim, maskamı da taxmışam, bir şey olmaz inşallah. Yaxşı, avtobus gəldi, mən tez gedib nəvələrimi görüb qayıdım. Bir dəfə getməklə bir şey olmaz.

 

Dördüncü müsahibim Natiqdir, 22 yaşı var, tələbədir.

 

- Salam. Niyə çöldəsiniz? Özü də nə maska taxmısınız, nə də əlcək.

 

- Bilirsən, bu virus zad boş söhbətdi. Mən bu yaşda necə gedim evdə oturum? Gül kimi hava var, gəzirəm də özüm üçün. Həm deyirlər ki, virus yaşlıları tutur, mənim 22 yaşım var, orqanizmim də tam sağlamdır, mənə bir şey olmaz, fikir eləməyin.

 

Bu oğlanla söhbətin mənasız olduğunu anlayıb, uzaqlaşdım...

 

Göründüyü kimi, insanların çölə çıxmaq üçün ya bir səbəbi, ya da bir bəhanəsi var. Odur ki, bu gedişlə ölkədə koronavirusa yoluxanların sayı hələ çox artacaq. Allah millətimizi qorusun.

 

Mahir Ələkbərov, jurnalist

Müəllif: Ayna.az      31 Mart 2020 15:19
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin