Əsas səhifə Haqqımızda Xəbər lenti

Koronavirus kabuslu üç ay

Koronavirus kabuslu üç ay

Üç ay keçdi - üç ilə bərabər üç ay…

 

Korona ilə bağlı ilk məqaləm “Ayna”da bu ilin yanvarında çıxmışdı. FB-da ilk koronavirus postumu isə daha əvvəl yazmışdım. Əgər 3 ay əvvəl bu sahənin adamı olmayan biri problemi, fəlakətin ayaq səslərini görür, hiss edirsə, dünyanın ən böyük dövlətləri bunu necə gözdən qaçırdılar, belə bir məsuliyyətsizliyə necə yol verdilər? Bu sualı çağımızın ən böyük virusologiya mərkəzlərinə — Berlindəki Robert Koch institutuna və ya Charite klinikalarına da ünvanlamaq olardı əslində. Ancaq Almaniya, İsrail, ABŞ və Çinin instutut və araşdırma mərkəzləri bu virusun varlığından xəbərdar idilər. Buna baxmayaraq hələ də bütün suallara cavab vermirlər (verə bilmirlər demirəm). Mən “Sosial izolyasiya” günlərində müxtəlif mənbələrdən oxuyub, anlaya bildiklərimi bir yerə toplayıb bəzi sual-cavablar hazırlamağa təşəbbüs etdim.

 

1.Virusu daşıyan neçə insan var?

 

Bu sətirləri yazanda COVID-19 mərətinə yoluxmuş insanların sayı 1 milyona yaxınlaşırdı. Bu yaxınlaşma isə yayılma eksponensial olaraq artdığına görə çox sürətlidir. ÜST-nin (Ümumdünya Səhiyyə Təşkilatı) hər gün verdiyi yoluxma sayı isə reallığı əks etdirmir. ÜST rəqəmlərimi gizləyir? Xeyr, sadəcə olaraq bu rəqəm testlə təyin edilən yoluxanların sayıdır. Bundan başqa isə asimptotik (virusa yoluxub simptomu olmayan, ancaq xəstələnməyənlər) yoluxanlar da var.

 

Başqa sözlə, koronavirusun yayılma sürətinin az və ya çox olduğunu, onun nə qədər insana bulaşdığını bilmək üçün antikor testinin yapılmasına ehtiyac var. Ancaq bu test sayəsində virusa yoluxub, xəbəri olmadan xəstələnməyən insanları da təsbit etmək mümkün olar.

 

2.Virus nə dərəcədə ölümcüldür?

 

Bu gün etibarı ilə virusa yoluxmuş insanların təxminən 1%-i həyatını itirir. Ancaq yuxarıda qeyd etdiyim kimi çox sayda asimptotik xəstələr var və onları da nəzərə alsaq, ölənlərin faizi daha da aşağı olacaq.

 

Qeyd: Həyatını itirənlərin təxmini Dünya üzrə 1% olsa da, bu rəqəm ölkələrə görə dəyişir-bəzilərində bir az çox, bəzilərində az.

 

 3.Xəstəliyi ciddi keçirən 20%

 

Koronavirusa yoluxanların 80%-i xəstəliyi çox yüngül keçirirlər, hətta bir çox ənənəvi qripdən də yüngül. Bu 80%-in içindən bəziləri isə xəstəliyi qrip deyil, yüngül bir soyuqdəymə kimi keçirir. Qalan 20 faizi isə xəstəliyi bütün bariz simptomları – yüksək hərarət, quru öskürək, baş ağrısı və ishalla keçirirlər.

 

4.İmmunitet

 

Virusa qarşı immunitet qazanılması haqda fərqli fikirlər, hətta bəzi spekulyativ məqamlar da var. Ancaq təbiətin bildiyimiz ahənginə görə, koronavirusa yoluxanların da bu və ya digər formada immunitetinin yaranması yüksək ehtimallıdır. Epidemiya 3 aylıq olduğu üçün alimlərin əlindəki datalar yetərli deyil hələ.

 

5.Mutasiya

 

Viruslar adətən dəyişimə, yəni mutasiyaya uğrayırlar. Ancaq onların genetik kodlarındakı dəyişikliklər cüzi olduğu üçün ortaya çox da fərqli bir mutant çıxmır. Tibb ədəbiyyatı mutantların ənənəvi olaraq ilkin virusdan daha ölümcül olmadığını yazır. Ancaq koronavirus haqda bunu söyləmək hələ tezdir.

 

Buradakı problem qripdə olduğu kimi koronaya qarşı hazırlanacaq peyvəndin mutasiya uğramışa qarşı da təsirli olmayacağıdır. Lakin bunlar yaxın gələcəyin söhbətləridir.

 

6.Çocuqlar

 

Çocuqlar koronavirusa yoluxmurlar kimi iddia doğru deyil. Onlar da yaxalanırlar, sadəcə simptomları olduqca yüngül və çox zaman da heç bir şey göstərmədən gəlib keçir. Azyaşlılar arasında ölüm halları müqayisədə xeyli azdır.

 

7.Yaşlılar

 

Xəstələnib ölənlər əsasən 70 yaş və yuxarı, bir sıra xroniki (ürək-damar, diabet, böyrək çatışmamazlığı və s.) xəstəlikləri olan insanlardırlar. Ancaq 35-55 yaş arasında da bir sıra ölümlər qeydə alınır. Yəni korona yaşlıları “götürür” iddiası artıq çürüdülmüşdür.

 

8.Tramp və aprel ayı

 

Koronavirusun tüğyan etməyə başladığı vaxtda Tramp mikrofon qarşısına çıxıb “Boş şeydir” dedi, aprel ayı gələn kimi havaların istiləşməsi ilə virusun yox olub gedəcəyini iddia etdi. Halbuki tam da o günlərdə Cənub Yarımkürəsində yay mövsümü idi və Avstraliyada 40-50 dərəcə istilik vardı. Ancaq buna baxmayaraq virus orada da sürətlə yayıldı.

 

Trampın belə laqeyd və saymazyana yanaşması Dünyaya çox baha başa gəldi. İtirilən iki ay yarım vaxt ərzində nələr etmək olardı. Sonradan ayırdığı trilyonlarla (!) dollar ümid edirik ki, peyvəndin hazırlanmasında əhəmiyyətli, daha doğrusu köklü bir rol oynasın. Ancaq heyif itirilən o iki ay yarıma.

 

9.Peyvənd

 

Ön cəbhədəki həkimlər qədər mikrobioloq, virusoloq və infeksionistlər də gecə-gündüz demədən çalışırlar. Onların əsas hədəfi qısa müddət ərzində təsirli və bütün sınaqlardan keçmiş, əlavə təsirlərinin olmadığı bir koronavirus peyvəndi çıxarmaqdır. Lakin peyvəndin kəşfi və onun geniş istehsala çıxmasının ən yaxşı halda 15-18 ay sonra mümkün olacağı söylənilir. İlk günlərdə ABŞ və Almaniya şirkətlərinin bir xeyli utopik vədləri — iyun ayına hazır olar kimi ümidverici sözləri olsa da, bunların gerçək olmadığı tezliklə anlaşıldı.

 

Peyvənd üçün ABŞ, Almaniya, Çin, C.Koreya kimi ölkələrin nəhəng araşdırma və virusologiya mərkəzləri çalışırlar. Bu yarışa Türkiyə, Hindistan və Rusiyanın da qoşulması haqda xəbərlər var.


Türkiyə plazma ilə bağlı məsələdə önəmli bir addım atdı. Belə ki, türklər bəzi ölkələrdə (əsasən Cənubi Koreyada) koronavirusdan sağalmış və immunitet qazanmış insanların qanından alınan plazmanı xəstələrə verməyə başlayacaqlar. Bəzi Avropa ölkələrində məsələ ilə bağlı fikir ayrılığı olsa da, Nyu York hospitallarında artıq xəstələrə plazma vurmağa başlayıblar. Bu da daha effektiv bir yol tapılana qədər əldə olunan az imkanlardan (hələ ki) biridir. Odur ki, hər gün mütləq nəsə bir ümidverici xəbər çıxır ortaya. Və bu xəbərlər gün keçdikcə daha da artacaq.

 

P.S. “Ayna”nın oxucuları mənim həkim olmadığımı bilirlər. Bu yazı da mənim aylardır izlədiyim, önəm verdiyim və miqyasını qavradığım bir virus haqda ümumi bilgilərdir. Çalışdım ki, sadə dildə ciddi şeylərdən yazım. Yoxsa əlimdə o qədər maraqlı, içində konspiroloji elementlər olan materiallar var ki. Onları yazsam, macəra romanı çıxar. Ancaq macəra filan istəmirəm. Tək istədiyim Vətənimə, Türkiyəmizə, Dünyaya mümkün olduğu qədər az zərər dəysin və bu fəlakətdən qısa müddətdə qurtulaq. Daha gözəl Baharlarda görüşmək ümidilə...

Müəllif: İbrahim Nəbioğlu      30 Mart 2020 23:50
İbrahim Nəbioğlu bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin