Qlobal pandemiya, yeni dünya düzəni və ya bəşəriyyətin “Pirr qələbəsi”

Qlobal pandemiya, yeni dünya düzəni və ya bəşəriyyətin “Pirr qələbəsi”

Nurlan Qələndərli: "Ehtimal olunan yeni sistem indiyə qədər mövcud olmuş bütün ictimai-iqtisadi formasiyaların məcmusu kimi özünü göstərəcək"

 

Yeni növ koronavirusun - COVID-19 infeksiyasının qlobal miqyasda sürətlə və geniş yayılması mövzusu dünya mediasının gündəmini zəbt edib. Bu kontekstdə ən çox müzakirə olunan məsələlərdən biri - mövcud vəziyyətin bəşəriyyətin, xalqların və dövlətlərin gələcəyinə necə təsir göstərəcəyidir. Ekspertlərin bir çoxu artıq yeni dünya nizamının yaranacağı barədə proqnozlar səsləndirirlər. Bəziləri isə o düşüncədədirlər ki, bəşəriyyət koronavirus pandemiyasına qalib gələcək. Amma bu, “Pirr qələbəsi”, yəni məğlubiyyətə bərabər zəfər olacaq.

 

Maraqlıdır, yerli ekspertlərimiz, politoloqlarımız bu məsələdə necə düşünürlər? Sualımıza politoloq Nurlan Qələndərli ilə AYNA tutmağa çalışdıq.

Qələndərli bütün dünyanı cənginə almış qlobal pandemiyanın nəticələrinin həm xalqların gələcək taleyinə, həm də beynəlxalq münasibətlər sisteminin perspektivinə ciddi təsir göstərəcəyi qənaətindədir: “Nüfuzlu strateji araşdırma mərkəzləri, hətta qlobal miqyasda sistem dəyişikliyinin baş verməsi ehtimalından bəhs edirlər. Bu tezisin mahiyyəti, əslində, yeni dünya nizamının yaranacağı düşüncəsini özündə ehtiva edir. XX əsrin 90-cı illərində təkqütblü sistemin formalaşması ilə yaranmış düzən "yeni dünya nizamı" adlandırılırdı. Bu, əslində, köhnə dünyanın yeni nizamı idi. Amma indi üzərində durulan - vurğulanan məsələ mahiyyət və funksionallıq etibarilə fərqli sistemə malik yeni dünyanın yaranmasıdır. Mülahizələr və müzakirələr onu deməyə əsas verir ki, ehtimal olunan yeni sistemi nə kapitalizm, nə də sosializm kimi təsvir etmək olar. O, indiyə qədər mövcud olmuş bütün ictimai-iqtisadi formasiyaların məcmusu kimi özünü göstərəcək".

 

Bir sıra şərhçilərin koronavirus pandemiyasının yaratdığı vəziyyətin qloballaşmaya "STOP" deyəcəyini ifadə etməsi məsələsinə gəlincə, müsahibimiz fərqli düşünür: "Əksinə, proses qloballaşmanın pik nöqtəsini - sonuncu mərhələsini əks etdirir. Hətta bu dönəmdə ənənəvi - inzibati sərhədlərin beynəlxalq münasibətlərə təsir imkanlarının azalması, informasiya və ticarət dövriyyəsinin böyük qisminin rəqəmsal resurslar əsasında davam etməsinin yeni reallıqları təşkil etməsi gözləniləndir. Bütün bunlar isə qloballaşma konsepsiyasının hələ çoxdan elan edilmiş prosedurlarıdır. Bir sözlə, dünya tədricən postkapitalizm dövrünə - informasionalizm erasına qədəm qoyur”.

 

Politoloq vurğulayır ki, yeni mərhələdə xalqları tarixin etnosiyasi səhnəsində fəal qüvvə kimi saxlayacaq strateji faktor milli dövlətin gücü olacaq: “Dövlətin qüdrətini praktik müstəvidə təmin edəcək nəzəri formul belədir: “vətəndaşın iradəsi - iqtidarın dinamizmi – funksionallığı”. Bu kontekstdə Azərbaycanın gələcəyi barədə nikbin və müsbət düşünməyə tam əsas var”.

Müəllif: Rumiyyə Miraslan      2 Aprel 2020 15:22
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin