Belə gedərsə, daha sıxıntılı mənzərə ilə üzləşə bilərik

Belə gedərsə, daha sıxıntılı mənzərə ilə üzləşə bilərik

Təbiətimiz və potensialımız var, amma istəyimiz haqda bunu demək çətindir

 

Ət ən çox tələb olunan qida məhsullarından biridir, buna görə də vətəndaşları koronavirus epidemiyasının ət istehsalına və onun dəyərinə necə təsir göstərəcəyi narahat edir. Mövzu üzrə AYNA-ya danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun sözlərinə görə, Covid-19-un yayılması bütün sahələrə mənfi təsir göstərir və onların içərisində kənd təsərrüfatı da istisna deyil.

 

İndi vətəndaşlardan evdə qalmaları xahiş olunur, yaşı 65-dən yuxarı olanların çölə çıxmaları qadağandır, bir çoxları yoluxma təhlükəsi üzündən işə getməkdən çəkinirlər. Qeyd etmək lazımdır ki, yaşlı insanların əksəriyyəti əkinçiliklə, maldarlıqla məşğuldurlar. Bütün bunlar kənd təsərrüfatı məhsullarının, o cümlədən ət istehsalının azaldılmasına və bu məhsulun maya dəyərinin artmasına, dolayısı ilə bu məhsulların qiymətinin artmasına səbəb olacaq.

 

Müsahibimizin dediyi kimi, bir neçə aydır, dünya bazarında ətin qiymətində artım müşahidə olunur: “Ət istehsalı yalnız heyvandarlıqdan ibarət deyil, həm də mövcud vəziyyətdə dərman və heyvan yemi ilə təmin olunmada da çətinliklər yarana bilər”.

Vahid Məhərrəmov: Əksər fermerlər zərərə görə pambıqçılıqla məşğul ...

V.Məhərrəmov bildirib ki, ümumi mənada öləkənin daxili tələbatını təmin edəcək ət istehsalı yoxdur: “Bu məsələ həll olunmalı - daxili ət istehsalı inkişaf etdirilməli və idxaldan asılı olunmamalıdır”.

 

Rəsmi statistikaya görə, bu ilin ilk iki ayında Azərbaycana 14,147 milyon dollar dəyərində 7886,80 ton ət idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1254,1 ton (13.72%) az və 1.532 milyon dollar dəyərində (12.14%) çoxdur.

 

“Məlumatları təhlil etsəniz, idxal olunan ətin və mal-qaranın idxalının artdığını görə bilərsiniz. Bu il ölkəyə 9,2 milyon dollar dəyərində mal-qara gətirilib, keçən il isə həmin dövrdə 5,7 milyon dollar dəyərində mal-qara gətirilib. Əsasən idxal olunan heyvanlar kəsimlik üçündür. Yəni bunlar mal-qara olaraq rəsmiləşdirilir və bununla da “yerli ət istehsalı” adlandırılır. Anlayışların dəyişdirilməsi, terminlərin manipulyasiyası gedir”, - ekspert vurğulayıb.

 

Müsahibimizin dediyinə görə, Azərbaycana mal-qara, əsasən Ukrayna, Rusiya və Gürcüstandan gətirilir: “Qeyd edim ki, yerli inhisarçılar üçün dondurulmuş ətin ölkəyə gətirilməsi yerli istehsalın qurulmasından daha sərfəlidir. Bir ildə 60 min ton dondurulmuş ət gətirilir, halbuki, əvvəllər cəmi 5-6 min ton idxal olunurdu. Restoranlarda, kafelərdə, “fast food” obyektlərində, xüsusən də dönərlərdə dondurulmuş ətdən tez-tez istifadə olunur - daha ucuz və yararsızdır. Üstəlik, daha sərfəli və bişirilməsi daha asandır”.

 

“Ölkədə ev heyvandarlığı sahəsində vəziyyət kritikdir. Bu vəziyyət, əsasən yemin olmaması ilə əlaqədardır. Əvvəllər ölkədə daha çox otlaq sahəsi var idi, indi həmin ərazilərin bir çoxu özünü doğrultmayan sənaye parklarına çevrilir. Kənd təsərrüfatı heyvanlarını lazımi miqdarda yemlə təmin etmək olardı. Azərbaycanda suvarma üçün kifayət qədər su mənbəyi var, bu mənbəyin ehtiyatı 32 milyard kubmetrdir. İqlim bir çox digər ölkələrlə müqayisədə isti olur, bu da bizə üstünlük verir. Otlaqlar vaxtında suvarılsa, yaxşı məhsul əldə edə bilərik. Ancaq bunun üçün suvarma vaxtında təşkil edilməlidir. Əraziləri düzgün becərmək, otlaq sahələrinə lazımi şəkildə qulluq etmək də lazımdır. Ancaq bizdə bunlar həyata keçirilmir, nəticədə otlaq sahələri xeyli azalıb və mal-qaranı saxlamaq müşkülə çevrilib”, - mütəxəssis deyib.

 

Məhərrəmovun sözlərinə görə, ərazicə Azərbaycandan kiçik olan Niderland özünü heyvandarlıq məhsulları ilə təmin edirsə, üstəlik ixrac edirsə, bu haqda ciddi düşünmək lazımdır: “Bunun səbəbi Kənd Təsərrüfatı Nazirliyini peşəkarların idarə etməməsi ilə əlaqədardır. Düşünürəm ki, vəziyyət belə davam edərsə, bir neçə ildən sonra daha sıxıntılı nəticələrlə üz-üzə qala bilərik. O zaman idxaldan daha çox asılı vəziyyətdə qalacağıq”.

Müəllif: Elya Belskaya      1 Aprel 2020 22:03
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin